Yurdumuzun  nemətləri –Sədərək üzümü

267

Qədim yurd yeri Sədərək kəndində yetişdirilən üzüm şöhrətini özünə qaytarıb. Dadı, tamı ilə seçilən Sədərək üzümü Naxçıvan şəhərinin və Şərur rayon bazarlarına çıxarılıb.

Min ildən çox tarixi olan üzümçülükdə sədərəklilərin özünə məxsus becərmə üsulları mövcuddur. Mövüz, kişmiş, qışa milax üzüm asması indinin özündə də maraq doğurur. Bu kənddə yaşayan insanların əksəriyyətinin üzümçülükdə zəngin təcrübəsi var. Elə bu sahədən də az gəlir götürmürlər. 50-dən çox üzüm növü arasında elə bil Tanrı hənəqıranı sortunu Sədərək torpağı üçün yaradıb. Bunu təsadüfən söyləmirəm. Gilələri böyük  olan hənəqırana salxımını hamı görüb. Sədərəkdə yeni salınmış  üzüm bağları rayonumuzun ərazisini daha da gözəlləşdirib.

Bu bağların salınmasında kənd sakinləri yaxından iştirak ediblər

Rayon ağsaqqalarından Mikayıl Bəbirov Sədərək üzümü və  üzümçülük haqqında bizə məlumat verdi. Bildirdi ki, Sədərəkdə qədim üzümçülük mədəniyyəti indinin özündə də elmi əsaslara söykənən bir sahədir. Bu kənddə Novruz bayramına, hətta yay girənədək təzətər üzüm saxlayanlar da az deyil. Hər salxımın saplaq kəsiyinə bir gilə üzüm taxılır. Salxım bu gilədən nəm çəkər gilələr qurumaz, təzətər qalar, deyərsən bəs, tənəkdən indicə dərilib. Sədərək üzümünün saxlanma üsulu da maraqlıdır. Bıtrağın quru gövdələrindən milax hazırlanır. Salxımları milaxlara düzüb sərin, quru damlara pərdilərdən asarlar. Buna üzüm milağı deyirlər. Bu üsulla hətta sulu, şirəli armuddan, gülöyşə və ağ nardan, heyvadan da milax asarlar. Qış axşamlarında, Novruz bayramında belə milaxlar süfrələrin bəzəyi olur.

Mikayıl əmi onu da qeyd etdi ki, kəndimizdə bu gün də səliqə-səhmanı ilə seçilən üzüm  bağları çoxdur. Əli İsmayılovun, Faiq Qasımovun, Əli Vəliyevin, Əli Quliyevin  bağlarında da üzüm tənəkləri var ki, yaşı 50-dən yuxarıdır. Teyti, nəbi, xəlilli, hüseyni, təbrizi, mərəndi, şəfiyi, mələyi, əsgəri, xatını, xangörməz, aldərə, qara əsgəri, ağ, qırmızı, sarı və qara kişmişlər, hənəqırna, qoçbaşı kimi dadı damaqdan getməyən üzüm növləri süfrələrimizin bəzəyidir.

 

Vəfa HÜMBƏTOVA

“Oğuz yurdu” qəzeti

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: