Yurdumuzun məğrurluq abidəsi – Sədərək kəndi

188

Qızılı payızın barlı-bəhərli günlərindən birində yolumuzu Sədərəyə salırıq. Yurdumuzun məğrurluq abidəsi olan bu bölgənin bir-biri ilə qol-boyun olan şiş zirvəli, əzəmətli dağlarla əhatələndiyi, bu əzəmətin zaman-zaman burada yaşayanlara da sirayət etdiyindən hər biri bir vətən “daşı” olan insanları, onların torpaq sevgisi, vətənpərvərliyi, mübarizliyi, ən çox şəhidi olan yurd yerlərimizdən biri olan rayona gedirik. Maşınımız Naxçıvandan düz Sədərəyədək geniş və abad yollarla irəlilədikcə bir-birindən gözəl mənzərələr açılır gözlərimiz önündə. Xəyallar isə illər öncəyə aparır. Bu yollar nələrin şahididir. Muxtar respublikamızın blokadaya salındığı ilk illərdə yaranan böyük çətinliklərin müəyyən qədər azaldılması məqsədilə ümummilli liderimiz Heydər Əliyevin Türkiyə Respublikasının dövlət başçısı ilə danışıqlarının nəticəsi olan çıxış yolunun – “Ümid” körpüsünün salınmasının şahididir. Bu yollar bir vaxtlar özünün bərbad, keçilməz vəziyyətinə, indi isə hər gün yüzlərlə qonağın, nə gözəl yollardır, sözlərinə şahiddir.

Kəndlə tanışlıq

Bir azdan bir-birinə boyverən ağaclarda qızılı sarı ilə xınalı qırmızının yaratdığı gözəl harmoniya ilə əhatə edilən bir yaşayış məntəqəsinə daxil oluruq. Bura Sədərək rayonunun Sədərək kəndidir. Ağacların sıxlığından az qala görünməz olan inzibati binalarla maraqlanırıq.

Öyrənirik ki, biri rayon mərkəzi xəstəxanası, biri mədəniyyət evi, digərləri isə Sədərək kənd 1 nömrəli tam orta və rayon musiqi məktəbləridir. Bayaqdan öz-özümə verdiyim, bu binalar nə üçün rayon mərkəzində deyil, kənddə yerləşir, – sualının cavabını da alıram. Sən demə, Sədərək kəndi rayonun ən böyük yaşayış məntəqəsidir. Ərazisi 123,2 kvadratmetr, əhalisinin sayı 8 min 814 nəfərdir. Burada 2 min 505 təsərrüfat var. Rayonun bir sıra idarə, müəssisə və təşkilatları üçün bu böyük yaşayış məntəqəsində yeni binalar inşa olunub.

Ən çox şəhidi olan kənd

Qəhrəman oğullarının ucaltdığı məğrurluq abidəsi Sədərəyin qürur mənbəyidir. Bədxah qonşularımızın arzularını puç edən onlarla el oğullarının mətinliyi hesabına Sədərək bu gün başını dik tutur. İllərdir, hər kəsə, hər yerə örnəkliyi ilə dillər əzbərinə çevrilib bu yurd yerimiz. Ətrafdakı bir-birləri ilə çiyin-çiyinə dayanan dağlara tamaşa edərkən müqəddəs “Kitabi-Dədə Qorqud” dastanımızdan tanış olduğumuz dağ kultunu xatırlayıram. Dastanda dağ ucalıq, ata, qoruyucu kimi təqdim olunur. Dağ uğurdur, yurdun dayağıdır. Bəs oğullar kimə bənzəyirlər, təbii ki, atalarımıza. Elə sədərəklilər ətraflarındakı “dağ” ­atalarından alıblar, sən demə, bu mübarizliyi.
Rayonun, ümumilikdə, 52 şəhidi var. Onların 36-sı bu kəndin tale payına düşüb. 36 şəhid 36 ailənin kədəri deməkdir, 36 ananın tükənməz göz yaşı, 36 atanın əyilən qəddidir. Lakin torpaq müqəddəs, Vətən sevgisi hər şeydən üstün olduğu üçün həmin ailələrin sonsuz kədərinin içərisində daim bir qürur hissi də var. Çünki yurdun dar gününün tarixini yazan onların övladları olub. Hər birimizin ruhları qarşısında baş əydiyimiz şəhid övladları.

Kəndin təhsil ocaqları

Kəndlə ilk tanışlığımız görüntüsü ilə müasir ali təhsil ocağını xatırladan 1 nömrəli məktəblə başlayır. 2014-cü ildə istifadəyə verilən 810 şagird yerlik məktəb binası zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir. Burada 790 şagird təhsil alır. Məktəbdə fizika, kimya, biologiya laboratoriyaları, 5 elektron lövhəli, 4 kompüter sinfi, 3 şahmat otağı, kitabxana, hərbi kabinə, idman zalı, bufet var.
Ötən tədris ilində məktəbin 36 məzunu olub. Onlardan 28-i ali və orta ixtisas məktəblərinə qəbul üçün sənəd verib, 16-sı ali, 9-u isə orta ixtisas məktəblərinə daxil olub. Ali məktəblərə qəbul olunanlardan 4 nəfəri 500-600 intervalında, 2 nəfəri – Gülnar Səlimli 665, Ülkər Əliyeva isə 628 bal toplayıblar.
Muxtar respublikamızda zəhmətə verilən dəyərdən bu məktəbin müəllimləri də kənarda qalmayıblar. Onlardan Aydın Şahverdiyev “Tərəqqi” medalına, Sultan Rzayev “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adına layiq görülüblər. Gənc nəslin təlim texnologiyasının düzgün qurulmasında tədris etdikləri fənlər üzrə fərqləndiklərinə görə Vəfa Həsənova, Məhərrəm Seyidov və Tahirə Qasımova ayrı-ayrı illərdə “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibləri olublar.
Təhsil ocağında maraqlı bir faktla da qarşılaşdıq. Bir vaxtlar burada təhsil alan şagirdlərdən 7-si indi onlara dərs deyən müəllimləri ilə çiyin-çiyinə çalışır. Müəllimlərinin illərlə çəkdikləri əməyin bəhrəsi olan bu gənclər öz bilikləri ilə gələcəyimiz olan uşaqları bəhrələndirirlər. Onlardan bir neçəsi ilə söhbətləşirik. İngilis dili fənnini tədris edən Məhnurə Qarayeva deyir:
– Məktəbdə 4 ildir, çalışıram. İşə başladığım ilk günlər heç vaxt xəyalımdan çıxmır. Sənə dərs deyən müəllimlərlə bir yerdə işləmək adama o qədər çətin gəlir ki. Müəllimlər otağına daxil olanda çox utanırdım. Sonra elə müəllimlərimin köməkliyi ilə müəllim olmağı da öyrəndim. Bu gün də onların biliklərindən ­yararlanıram.
Sədərək kənd 2 nömrəli məktəb isə 2010-cu ilin 5 oktyabrında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Bu barədə məktəbin dərs hissə müdiri, “Tərəqqi” medalına layiq görülən Novruz Rəhimov xatirələrini bizimlə bölüşür: – Cənab Prezidentimizin kəndimizə gəlməsi hər kəsdə ruh yüksəkliyi yaratmışdı. Bütün kənd bayram sevinci yaşayırdı. Biz müəllimlərin sevinci isə daha böyük idi. Çünki həmin gün həm də Beynəlxalq Müəllimlər Günü idi. Dövlət başçısının açılış mərasimində Sədərəklə bağlı söylədiyi qürurverici sözlər bu elin insanlarına verilən böyük dəyər oldu. Müəllim kollektivinə gənc nəslin yetişdirilməsi ilə bağlı tövsiyələri isə o vaxtdan bizim fəaliyyət proqramımıza çevrilib.

Məktəb 564 şagird yerlikdir, hazır­da burada 366 şagird təhsil alır. Savadlı və hərtərəfli gənclər yetişdirmək üçün 1 nömrəli məktəbdə yaradılan şəraitin hər birini bu məktəbdə də görürük. Məktəb kitabxanasına daxil oluruq. Burada 5 min bədii ədəbiyyat və 5 min 15 dərslik məktəbin müəllim və şagird kollektivinin ixtiyarındadır. Diqqətimizi oxunması zəruri olan kitablardan ibarət guşə də cəlb edir. Kitabxana müdiri məlumat verir ki, hər biri bir tərbiyə, dünyagörüş mənbəyi olan kitablara məktəblilərin marağı böyükdür. Tez-tez keçirilən kitab müzakirələrində bunu aydın şəkildə görmək olur.
Bu məktəbin də zəhməti ilə fərqlənən müəllimləri dövlət qayğısı ilə əhatə olunublar. Onlardan Novruz Rəhimov, Vüsalə Əliyeva “Tərəqqi” medalına, Samirə Əliyeva və Pərvanə Rəhimova “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adlarına layiq görülüblər.
Təhsil ocağının uğurları da ürək­açıcıdır. Ötən tədris ilində məktəbi bitirən 28 nəfərdən 16-sı ali məktəblərə daxil olub. Onlardan 2 nəfər – Nərgiz Salahlı 631, Əli Bayramov 517 bal toplayaraq yüksək nəticə göstərib. Maraqlıdır ki, məktəbin 8 məzunu Naxçıvan Tibb Kollecinə qəbul olunub. Onlardan bir nəfəri isə kollecin Hərbi feldşer işi ixtisasını seçib.
Sədərək kəndinin təhsil ocaqları haqqında ümumi olaraq onu söyləmək olar ki, burada vətənpərvər, torpağına, elinə bağlı, həm də müstəqil ölkəmizin gələcək inkişafında dəstxətləri olacaq gənclər yetişdirilir.

Sədərəklilər torpağı qoruduqları qədər də əkib-becərirlər

Kəndin dörd bir tərəfindən boylanan meyvə ağacları, sıralanan üzüm bağları, bostan, tərəvəz sahələri burada yenə də ulu Dədə Qorqudun tövsiyələrini xatırladır: Torpağı qoruyursansa, əkməyə dəyər. Sədərək kəndinin sakinləri torpaqlarını qorumağı bacardıqları qədər də əkən, həm də əkin-biçinin dilini bilən adamlardır.
Kəndin 1800 hektar əkinəyararlı sahəsi var. Araz çayından başlanan bolsulu 3 suvarma kanalı əkin sahələrinə “can” verir. Həmçinin kənddə 76 artezian quyusunun olması da burada yaşayan zəhmət adamlarının su sarıdan problemlərinin olma­masından xəbər verir. Kənd camaatı üstünlüyü buğda, arpa, kartof əkinlərinə versələr də, gündəlik lazım olan digər tərəvəzləri də özləri yetişdirirlər. Taxıl zəmilərindən də bol məhsul tədarük olunub. Hazırda torpaq mülkiyyətçiləri gələn ilin məhsulu üçün şum qaldırılması, taxıl əkini ilə məşğuldurlar.
Kənddə 2008-ci ildən fəaliyyət göstərən dəyirman bu il təmir olunub, yeni avadanlıqlar gətirilib. Dəyirmanda kənd sakinlərinin öz taxıl­larını üyütmək üçün hərtərəfli şərait yaradılıb.
Kartof əkininə də kənddə üstünlük verilir. Bu yerin bərəkətli torpaqları yerə atılan hər bir toxumu bitirib yetirmək gücündədir, – deyən kartofçu Süleyman Əbilov bu il 18 ton kartof istehsal edib. Zəhmət adamı onu da söyləyir ki, elə olub həyətyanı sahəmdə yazdan payıza bir yerdə üç dəfə ayrı-ayrı tərəvəzlərin əkinini keçirib, yaxşı da məhsul götürmüşəm.
Sədərək üzümü dadı ilə dillər əzbəridir. 25 hektardan çox üzüm bağları olan kənddə hər il tonlarla məhsul istehsal edilir. Kəndin üzümçüləri bu məhsulu bazara çıxardıqdan, özləri istifadə etdikdən, qohuma­-qonşuya pay verdikdən sonra yenə də artıq qaldığını söyləyirlər. Gələcəkdə şərab zavodunun istifadəyə verilməsi bu sahənin daha da inkişaf etdirilməsinə öz töhfəsini verə bilər. Çünki bu torpaqlar üzüm üçün çox əlverişlidir.
Əkinçiliklə heyvandarlıq birgə inkişaf etdirilən sahələrdir. Kənddə sakinlər 1083 baş iribuynuzlu, 5063 baş xırda­buynuzlu, 7498 quş saxlayır. Buranın təmiz havası, güllü-çiçəkli məskənləri burada arıçılığın inkişafına da şərait yaradır. 640 arı ailəsindən bu yerin arıçıları ildə tonlarla məhsul əldə edirlər.
Bir sözlə, torpaq sevgisi və bir də zəhmətlə dostluq Sədərək kəndinin əmək adamlarının süfrələrinə onlarla adda və dadda nemətləri düzə bilmələri, əkin-biçindən söhbət düşəndə bu barədə alnıaçıq, üzüağ danışmaları ilə nəticələnir.

Təəssürat

Getdiyimiz hər bir yerdən müxtəlif təəssüratlarla qayıdırıq. Bəzən, kaş ki heç ora getməzdim, bəzən isə adam heç oradan ayrılmaq istəmir, – deyirik. Sədərək rayonundan, onun eyniadlı kəndindən heç vaxt unutmayacağım təəssüratla ayrılıram. İndiyədək bu yurd yeri haqqında deyilənləri, burada dövlət qayğısı ilə yaradılanları öz gözlərimlə gördükdən, səmimi, qonaqpərvər, zəhmətkeş, dağlar qədər vüqarlı, məğrur insanlarını tanıdıqdan sonra, təbii ki, təəssüratım belə də olmalıdır.

 Mətanət MƏMMƏDOVA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: