Bəzən bədən temperaturunun yüksəlməsi, xüsusilə uşaqlarda qızdırma zamanı onu müxtəlif üsullarla aşağı salmağa çalışırlar. Doğrudur, həmin üsulların bəziləri ənənədən qaynaqlansa da, onların kor-koranə şəkildə yerinə yetirilməsi xeyirdən çox ziyan verə bilər.
NUHÇIXAN xəbər verir ki, pediatrlar yüksək temperaturu aşağı salmaq üçün istifadə olunan sirkə, spirt, buzlu və soyuq su ilə yuyundurmaq və müxtəlif qarışıqları dəriyə çəkmək kimi üsulların yolverilməz olduğunu bildirirlər.
Mütəxəssislər bildirirlər ki, qusma, ishaldan əziyyət çəkməyən, ümumi vəziyyəti normal sayılan və qidalanmasında problem olmayan uşaqlarda 38 dərəcədən yüksək temperaturu endirmək üçün ilıq su islatması kifayətdir. Soyuq, buzlu su ilə yuyundurmaq, sirkəli su, spirtlə bədəni silmək uşağın temperaturunu aşağı salmaq əvəzinə sorularaq zəhərlənməyə səbəb ola bilər. Ən dəhşətlisi isə uşağa soyuq və buzlu su ilə islatma qoymaqdır. Həmin üsul temperaturu aşağı salmır, əksinə, onun bədəndə qalmasına səbəb olur.