Yol hərəkəti qaydaları ilə bağlı yeniliklər

1. 485

Naxçıvan Muxtar Respublikası  Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Təbliğat üzrə baş inspektoru, polis baş leytenantı Ayaz İsmayılovun NUHÇIXAN-a verdiyi məlumata görə,  2018-ci il 29 iyun tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalarda, “Yol hərəkəti haqqında” və “Dövlət rüsumu haqqında” qanunlara bir sıra əlavə və dəyişikliklər olunub. 2018-ci il 17 iyul tarixdən qüvvəyə minən dəyişikliklər piyadalar üçün də əhəmiyyət kəsb edir. Belə ki, əvvəllər yolun hərəkət hissəsini müəyyən olunmayan yerlərdən keçən piyadalar İnzibati Xətalar Məcəlləsinin yalnız 338.2-ci maddəsinə görə məsuliyyətə cəlb olunaraq 20 manat miqdarında cərimə edilirdilər. Artıq yeni qaydalara əsasən, 338.2 maddəsi ilə yanaşı, 338.2-1 maddəsinə görə hərəkət sürəti 80 kilometr/saat və daha artıq müəyyən edilmiş yollarda yolun hərəkət hissəsini piyadaların yolu keçməsi üçün müəyyən edilmiş yerlərdən kənar keçməyə görə piyadalar 40 manat miqdarında cərimə olunurlar.

Nəqliyyat vasitələrinin texniki baxışı ilə bağlı da mühüm dəyişiklik­lər olub. Belə ki, yeni qaydalara əsasən artıq nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə edən şəxs məsuliyyətə cəlb ediləcəkdir. Yəni əvvəllər nəqliyyat vasitələrini “Yol hərəkəti haqqında” Qanun ilə müəyyən edilmiş qaydada və müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə İnzibati Xətalar Məcəlləsinin 339.1 maddəsinə əsasən fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər isə 300 manat miqdarında cərimə olunurdularsa, bundan sonra həmin məcəllənin 339.1-1 maddəsinə görə nəqliyyat vasitəsini bu qanun ilə müəyyən edilmiş qaydada və müddətdə texniki baxışdan keçirmədən idarə edən şəxs 50 manat miqdarında cərimə olunur. Həmçinin şəxs nəqliyyat vasitəsini dövlət qeydiyyatından və texniki baxışdan keçirmədən idarə etməyə görə məsuliyyətə cəlb olunduqda əvvəllər həmin şəxsə 10 gün möhlət verilirdisə, yeni qaydalara əsasən həmin möhlət artırılaraq 20 gün müəyyən olunub. Eyni zamanda foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr ilə nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə edən sürücülər aşkarlanaraq barəsində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılaraq məsuliyyətə cəlb olunacaqlar.

“Yol hərəkəti haqqında” Qanunun 30-cu maddəsində, yəni nəqliyyat vasitələrinin texniki vəziyyəti və onlara texniki baxışın keçirilməsi qaydalarına dəyişikliklər edilib. Əgər əvvəlki qanunvericilikdə nəqliyyat vasitələrinə texniki baxış talonunun verilməsi nəzərdə tutulurdusa, artıq yeni qaydalara əsasən nəqliyyat vasitələrinə Dövlət Yol Polisinin mərkəzi informasiya sistemi ilə nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon tərtib olunaraq dərhal elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir.
“Dövlət rüsumu haqqında” Qanuna da dəyişikliklər olunub. 2018-ci il 16 iyul tarixdən qüvvəyə minən qaydalara görə nəqliyyat vasitələrinin idarə edilməsi üçün sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi zamanı dövlət rüsumu 18 manatdan 25 manata, eyni zamanda nəqliyyat vasitələrinə qeydiyyat şəhadət­naməsinin verilməsi 17 manatdan 25 manata qaldırılıb.
Sürücülük vəsiqələri ilə bağlı da əhəmiyyətli yeniliklər var. Belə ki “Yol hərəkəti haqqında” Qanunun 34-cü maddəsində sürücülük vəsiqələrində “A1”, “A”, “B”, “C”, “D”, “BE”, “CE” və “DE” kateqoriyaları nəzərdə tutulmuşdursa, dəyişikliklərdən sonra artıq yeni nəsil sürücülük vəsiqələrində “A1”, “A”, “B1”, “B”, “C1”, “C”, “D1”, “D”, “BE”, “C1E”, “CE”, “D1E” və “DE” kateqoriyaları nəzərdə tutulub. Yəni Azərbaycanın qoşulduğu Vyana Konvensiyasının tələblərinə əsasən əlavə olaraq “B1”, “C1” və “D1” altkateqoriyaları üzrə sürücülər müvafiq nəqliyyat vasitələrini idarə edə biləcəklər. Yeni nəsil sürücülük vəsiqələri aşağıdakı qaydada müəyyənləşib:
– “B1” kateqoriyası – kvad­risiklləri, yəni yüksüz vəziyyətdə kütləsi 400 kiloqramdan çox olmayan və maksimal effektiv gücü 15 kilovatdan çox olmayan mühərrikli, ­ 4 təkərli nəqliyyat vasitələrini;
– “C1” kateqoriyası – “D” və “D1” altkateqoriyasına aid edilməyən, icazə verilən maksimal kütləsi 3500 kiloqramdan artıq, lakin 7500 kiloqramdan çox olmayan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimal kütləsi 750 kiloqramdan artıq olmayan “C1” altkateqoriyasından olan avtomobilləri;
– “D1” kateqoriyası – sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq, lakin 16-dan çox olmayan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimal kütləsi 750 kiloqramdan artıq olmayan “D1” altkateqoriyasından olan avtomobilləri;
– “C1E” – qoşqusunun icazə verilən maksimal kütləsi 750 kiloqramdan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə, belə tərkibin icazə verilən maksimal kütləsi 12000 kiloqramdan çox olmayan “C1” altkateqoriyasından olan avtomobilləri;
– “D1E” – sərnişin daşınması üçün nəzərdə tutulmayan, qoşqusunun icazə verilən maksimal kütləsi 750 kiloqramdan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə, belə tərkibin icazə verilən maksimal kütləsi 12000 kiloqramdan çox olmayan “D1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün nəzərdə tutulub.
“A”, “B”, “C”, “D”, “CE” və “DE” kateqoriyalı sürücülük vəsiqəsinə sahib olan sürücülər “A1”, “B1”, “C1”, “D1”, “C1E” və “D1E” kateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarə edə bilərlər.
Yeni nəsil sürücülük vəsiqələrinin verilməsinə 2019-cu ilin yanvar ayının 1-dən etibarən başlanılacaqdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: