Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançıları Vətənə qayıdıblar

179

Argentinanın paytaxtı Buenos-Ayresdə Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançıları oktyabrın 22-də Vətənə qayıdıblar.

NUHÇIXAN xəbər verir ki, “Buenos-Ayres-2018” Olimpiya Oyunlarında Azərbaycanın idman tarixinə yeni parlaq səhifələr yazan olimpiyaçıları Heydər Əliyev Beynəlxalq Aeroportunda onların ailə üzvləri, idman ictimaiyyətinin nümayəndələri, paytaxt sakinləri böyük təntənə ilə, gül-çiçəklə qarşılayıblar.

On yeddi idmançı ilə Olimpiadaya yollanan milli komandamız 2-si qızıl, 1-i gümüş və 3-ü bürünc olmaqla 6 medal qazanıb. Qızıl medalları Azərbaycanın aktivinə cüdoçu Vüqar Talıbov (66 kq) və sərbəst güləşçi Turan Bayramov (65 kq) yazdırıblar. Ağırlıqqaldırma yarışında çıxış edən Tarmenxan Babayev (85 kq) Olimpiadanın gümüş medalına sahib olub. Bürünc medallara isə taekvondoçu Cavad Ağayev (63 kq), boksçu Nurlan Səfərov (60 kq) və güləşçi Şahanə Nəzərova (43 kq) layiq görülüblər. Bədii gimnastımız Yelizaveta Luzanın Olimpiadada qarışıq komandanın tərkibində qazandığı qızıl medal millimizin aktivinə yazılmayıb. Beynəlxalq Olimpiya Komitəsinin qərarına əsasən onun medalı ümumi sıralamada komandamızın hesabında göstərilməyib.

Beləliklə, Azərbaycan milli komandası Olimpiadanın medal sıralamasında 33-34-cü yerləri bölüşüb.

206 ölkədən 4 mindən artıq idmançının qatıldığı Olimpiadada 29 qızıl, 18 gümüş və 12 bürünc medal qazanan Rusiya millisi komanda hesabında birinci olub. Çin (18-9-9) ikinci, Yaponiya (15-12-12) üçüncü, Macarıstan (12-7-5) dördüncü, İtaliya (11-10-13) isə beşinci olub. Ümumilikdə, 92 ölkənin idmançıları medal qazanıblar.

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarına 2022-ci ildə Seneqalın paytaxtı Dakar ev sahibliyi edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: