Yeni il bayramının tarixi haqqında nə bilirik

171

Yeni il bayramı dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrilib. Bu bayramın yaranmasının azı 25 əsrlik tarixi var. Bəzi fərziyyələrə görə, yeni ili ilk dəfə qədim çinlilər qeyd ediblər. Digər mənbələrdə bu, qədim germanlar və romalıların adı ilə bağlanır. Başqa bir mənbə isə ənənənin Mesopotamiyada yarandığını sübut etməyə cəhd edir. Yeni il bayramının yaranma tarixindən bəhs etməzdən əvvəl istərdik ki, müxtəlif təqvimlər barədə məlumat verək.

Dünyada bir neçə təqvimdən istifadə edilir. Onlardan biri qəməri (ay) təqvimidir. Bu, ən qədim və asan hesabı aparılan təqvimdir. Çünki ayın ilk görünməsindən – Hilaldan yenidən qərbdə göründüyü dövrə qədərdir. Sonradan Günəş təqvimində də 30 gündən ibarət dövr “ay” adlandırılıb.

Bütün müsəlman ölkələrində olduğu kimi, Azərbaycanda da VII əsrdən hicri-qəməri təqvimindən istifadə edilib. Bir çox qaynaqlarda bu təqvimin Ərəbistan yarımadasında yarandığı, Məhəmməd Peyğəmbərin (s.ə.s) 622-ci ildə Məkkədən Mədinəyə hicrət etməsi (köçməsi) ilə əlaqələndirirlər. Qəməri təqvimi günəş təqvimindən 11 gün qısa olduğu üçün aylar fəsillər üzrə yerini dəyişir. Bu təqvimdə Məhərrəm ayının 1-i yeni ilin başlanğıcıdır.

Yazılı qaynaqlar göstərir ki, bu təqvim 622-ci ildən başlasa da, 200 il əvvəl ərəblər eyni adla adlanan ayların olduğu təqvimdən istifadə edirdilər. Qəməri təqviminin günəş ilindən 11 gün qısa olduğunu dərk edən ərəblər 13-cü nəsi ayını qəbul ediblər.  Həmin aylar fəsillər üzrə yerini dəyişmədiyi üçün ayların mənası var idi.

631-ci ildə Məhəmməd Peyğəmbər 13-cü ay olan nəsi ayını ləğv etdi.

Sovet hakimiyyəti qurulana qədər Azərbaycanda günəş təqvimindən də istifadə edilirdi. Bu təqvimin ilk ayı fərvərdindir ki, mart ayının 21-də başlanır.

Dünyada istifadə edilən təqvimlərdən biri də Ay-Günəş təqvimidir. Günəş ili, təxminən, 12,4 mahtab ayına bərabərdir. Ay-Günəş təqvimi qədim Babil çarı Hammurapinin (b.e.ə. 2067-2025-ci il) dövründən məlumdur.

Ay-Günəş təqviminə əsasən ilin başlanğıcı Günəşin Sutökən (dolça) bürcünə girməsinə uyğun gəlir. Qriqori təqviminə görə, Günəş Dolça bürcündə yanvarın 20-dən fevralın 20-nə kimi yeni Ayın görünməsi ilə hesablanır. Bu təqvimin tarixi əfsanəvi Xuan-Dinin (b.e.ə. 2637-ci il) hakimiyyəti ilindən başlanmışdır.

İlin dəyişməsini bayram etmək adəti ilk dəfə qədim Mesopotamiyada yaranıb. Eramızdan əvvəl IV minilliyin sonunda Şumer, Babilistan, Assuriya kimi bu günümüzə qədər gəlib çatan, mədəni irsiylə hələ də bizi heyrətləndirən mədəniyyət mərkəzləri burada təşəkkül tapıb. Tarixçi alimlərin fikrincə, yeni ilin gəlişi məhz həmin dövrdə ilk dəfə burada bayram edilib. Martın axırında Dəclə və Fərat çaylarında suyun səviyyəsi artanda əkin-biçin işləri başlayar, insanlar yeni ilin gəlişini də elə o zaman qeyd edərmişlər. 12 gün ərzində təntənəli mərasimlər keçirilirdi. Bununla da xeyir Tanrısı Mərdükün şər qüvvələr və ölüm üzərində hakimiyyəti başlayarmış. Bütün məhkəmə işləri, cəzalar təxirə salınarmış. Bu dövrə aid gil kitabələrdən biri üzərində bununla bağlı yazılı məlumat da öz əksini tapıb.

Babilistan əsirliyində olan yəhudilər Yeni il bayramı ənənəsini şumerlərdən və babillərdən öyrənərək sonradan onu yunanlara ötürüblər. Yunanlar vasitəsilə isə bu ənənə Qərbi Avropaya yayılıb.

Başqa bir mənbəyə görə, Qədim Şərqdə indiki  İran ərazisində yaşayan xalqların da  təqvimləri var imiş. Onlar bilirmişlər ki, ilin bir günündə ən qısa gündüz ən uzun gecə ilə növbələşir. Və bu gündən sonra həyatverici Günəş səmada get-gedə daha çox bərq vurur, təbiət oyanmağa başlayır. Qədim şərqlilər müasir təqvimlə dekabrın 22-nə təsadüf edən həmin günü “Günəş qapısı” adlandırarmışlar. Sonralar həmin gün Günəş Tanrısı Mitranın doğum günü kimi qeyd edilməyə başlayır. Şərqə yürüş edən   romalılar sonradan Mitranı da özününküləşdirirlər. Qədim Romada təqvim aylarındakı günlərin sayı müxtəlif idi. Təkcə bir gün dəyişməz idi. Yeni il həmişə yanvarın 1-i gəlirdi və Mitranın doğum günü – işığın qaranlıq üzərində qələbəsi günü də bununla üst-üstə düşürdü.

Əsrlər keçdi. Roma dövləti rəsmi olaraq xristian dövləti kimi tanındı. Və məlum oldu ki, İsa Peyğəmbərin doğum günü də elə dekabrın son günlərinə təsadüf edir. Beləcə, bu bayram həm Yeni ilin gəlişini, həm həyatın ölüm üzərində qələbəsini, həm də Milad gününü özündə birləşdirmiş oldu.

Qədim Rusiyada xristianlığa qədər vaxt bölgüsünün hesabını 4 fəslə görə aparırdılar. İlin başlanğıcı yaz, əsas fəsil isə yay idi. 988-ci ildə ruslar xristianlığı və Yulian təqvimini qəbul edib, ancaq fərq ilə. Yeni il mart ayının birində başlayırmış. Onlar təqvimi Bizans  variantına görə, “dünyanın yarandığı gündən” hesablayırdılar. Bu əfsanəvi vaxt b.e.ə. 5508-ci il hesab edilirdi.

Bizim eranın 1492-ci ilindən isə ruslar (dünyanın yaranmasının 7001-ci ili) sentyabrın birində yeni ili qeyd edirdilər. 208 il sonra I Pyotrun fərmanına əsasən dekabrın 19-nu ilin son günü kimi, 7208-ci ildə “yerin yaranması tarixi”ni 1 yanvar İsa Peyğəmbərin doğum günü kimi qeyd etmişlər. XVIII əsr isə 1701-ci il yanvarın 1-dən başlanıb.

1918-ci ildə sovet Rusiyası hökumətinin başçısı V.İ.Leninin imzaladığı dekretlə Qriqori təqvimi qəbul edilib. Qriqori və Yuli təqvimləri arasında XX əsrdə 13 günə bərabər olan fərq aradan qaldırılıb. 1918-ci il yanvarın 31-dən sonrakı gün fevralın 13-ü hesab edilib. Maraqlıdır ki, Rusiyada Yeni ili 1 yanvarda, katolik xristianlar İsa Peyğəmbərin anadan olduğu günü 25 dekabrda, provaslav xristianlar 7 yanvarda, köhnə yeni ili 14 yanvarda qeyd edirlər.

1828-ci ildə Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonra həmin ölkədə qəbul edilən təqvimlər Azərbaycanda yalnız dövlət idarələrində işlənirdi. Azərbaycanda əsas yeni il 21 mart – Novruz bayramından başlayırdı.

Ölkəmizdə Yeni il iki dəfə – 21 martda və 1 yanvarda qeyd edilir. Novruz el bayramı olduğu kimi, yanvar ayı da dövlət bayramı elan edilsə də, ailələrdə fərdi formada təntənəli şəkildə qeyd olunur. Maraqlıdır ki, hər iki il dəyişməsi 12 heyvan üzərində təhvil olunur.

Bəzi fanatik insanlar yeni ili İsa Peyğəmbərin doğum günü hesab edilən yanvarın 1-də qarşılamağın İslam dininə zidd olduğunu söyləyir. Qeyd edək ki, İsa Peyğəmbər müqəddəs “Qurani-Kərim”də adıçəkilən əfsəl, səmavi kitab nazil olunan peyğəmbərdir. Onun nəinki doğulduğu gün, heç il də dəqiq deyildir. Qaldı ki, 1 yanvarı yeni il kimi qeyd etmək məsələsinə, sovet hakimiyyətinin qadağaları nəinki Azərbaycan xalqının, heç digər xalqların da mart ayında keçirdiyi yeni il bayramına kölgə sala bilməyib.  Slavyanlar martın 1-ni “maslenitsa” – yəni təzə gün, çexlər “zetnitsa” – təzə gün, moldovanlar martın 10 gününü bahar bayramı (martsişor) kimi qeyd edirlər.

Dünyanın bir çox xalqları 1 yanvarı təntənə ilə qarşılayır. Qarşılama adətləri çox müxtəlifdir. Braziliyada Yeni il toplardan açılan atəşlə qarşılanır. Yaponiyada bayram günü budda məbədindəki zənglər 108 dəfə çalınır. İspaniyada həmin gün hamı kütləvi surətdə şəhər meydanına üzüm yeməyə axışır. Almanlar yeni il gecəsi saat 12-ni vuranda ovuclarında metal pul sıxaraq tullanırlar və sair.

Bütün dünya  xalqlarında yeni il gecəsi küknar ağacı (yolka) bəzənir, Şaxta baba və Qar qız olur. İtaliyada isə uşaqların Şaxta babası yox, Şaxta nənəsi olur. Onun adı Befundur.

Yolkanın bəzədilməsi bizim də tarixi köklərimizlə bağlıdır. Bu qədimdə türklər arasında geniş yayılan ağac kultu ilə bağlıdır.

Zaleh Novruzov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: