Yaşmaq-ismətin saxlanc yeri

282

Ötən illərdə işimlə bağlı tez-tez ucqar dağ kəndlərimizdə olarkən hələ də  yad kişilərdən yaşmaqlanan analarımızı, nənələrimizi  görəndə  istər-istəməz uşaqlıq çağlarıma qayıdır,  o zamanlar  mənim üçün maraqlı, həm də  sual dolu anları yenidən xəyalımda canlandırırdım: görəsən qadınlar  üzlərini niyə örtürlər? Bu sualı vaxtilə dəfələrlə nənəmə vermişdim. Nənəm cavabında deyərdi ki, yaşmaq üzün “pərdəsidir”,  qadın yad kişilərə görünməz, onların  yanında  danışmaz, məcburən danışanda isə üzünün bir qismini örtər ki, tamamilə görünməsin. Mənsə ona yeni bir sual verərdim, ay nənə, bəs atam yad kişi deyil axı, sən onu görəndə niyə yaşmaqlanırsan?  Nənəmsə mənim bu sualıma  həmişə sadəcə təbəssüm edər, cavab verməzdi.  Sonralar böyüdükcə dərk etdim ki,  yaşmaq böyük bir ismətin, həyanın, abırın nişanəsi imiş. Yaşmaq əsrlərlə, qərinələrlə  yalnız  azərbaycanlı qadına məxsusluğun göstəricisi, onun bənzərsiz   xarakterini açan başlıca amil, həqiqətən sözün belə  ifadə etməyə gücü çatmadığı gözəl keyfiyyət imiş. Qadınlarımızın, gızlarımızın ismətinin yad kişilərdən, hətta qayınatadan, qayından, böyük qardaşdan, bəzən doğma övladlarından belə  saxlanc yeri imiş. Elə gözümüzlə gördüklərimizdən və eşitdiklərimizdən bu qənaətə gəlmək olur ki, bəzi mənbəələrdə yaşmaq sözünün mənasının yad kişilərdən qorunmaq kimi açıqlanması heç də bu sözün mahiyyətini tamamilə əhatə etməyib.  Çünki qayınata,  qayın, əmi-dayı oğlanları bizdə  yad kişi hesab olunmayıb. Bəs qardaşından, oğlundan yaşmaqlanan qadınlarımız? Belə isə yaşmaq sözünü  yad kişilərdən qorunmaqla yanaşı, həyadan, abırdan, utancaqlıqdan  böyüklərdən, yaxın qohumlardan, hətta oğlundan üz gizlətmək kimi mənalarla da əlaqələndirmək daha düzgün olardı.

Yaşmaqdan söhbət düşəndə hər zaman “Dədə Qorqud” dastanındakı  Qazılıq dağı da xatırlanır. Tarixi mənbələrdə  göstərilir ki, Qazılıq dağı dedikdə, dastanlarda həm böyük Qafqaz, həm də Kiçik Qafqaz nəzərdə tutulur. Hətta çox vaxt qızlar və gəlinlər üzlərini o dağa çevirəndə, ağzına yaşmaq tutardılar.  Və bu da qədim türklərdə dağ kultunun olması, dağa inancla bağlı hadisədir. Hətta Avropa qaynaqlarında belə Qafqaza Qazılıq dağları deyiblər. Buradan belə bir qənaətə gəlmək olur ki, qafqazlı qadınların böyük, ata sanıb  hörmət əlaməti olaraq o səmtə yaşmaqsız baxmamaları zaman-zaman onların gündəlik həyatlarına da sirayət edib, ata, qayınata və digər kişilərdən yaşmaqlanmalarına səbəb olub.

Azərbaycan qadınlarının bu yüksək keyfiyyəti zaman-zaman şair və yazıçılarımızın əsərlərində də yer alıb. Qasımbəy Zakir,

Sal ağızdan yaşmaq, şəkkər dəhanın,

Şirin-şirin danışmağı görünsün,

Molla Cümə,

Çəkibən yaşmağı, üzünü örtmə,

Sinəmin üstünə dağ qoyan dilbər!

Səməd Vurğun isə,

Üzündə son bahar, ağzında yaşmaq,

Sənin gözəlliyin solğun görünür,  kimi misralarında Azərbaycan qadınının pünhan gözəlliyini vurğulayaraq yaşmaq ifadəsindən bədii təsvir  vasitəsi kimi istifadə ediblər. Əbülhəsən Ələkbərzadənin “Arvadlar bir az geri çəkilmiş, yaşmaq tutmuşdular, cavanların ancaq gözləri güclə görsənirdi”, Süleyman Rəhimovun  “Alov artır, qaranlıq qamçılanır, günəş nazla yaşmağını qaldırır və Rüxsarənin üzünə gülümsəyirdi” cümlələrini oxuduğumuz  əsərlərində yaşmağın  həmin dövr qadınlarının  ümumi ab-havasını əks etdirdiyini öyrənirik.

Elə  indi də belə qadınlarımız var. Şahbuz rayonunun Aşağı Qışlaq kəndindən Sədaqət, Zeynəb, Fatma, Yuxarı Qışlaqdan  Səmənnaz, Validə, Biçənəkdın Qeysin, Küküdən Leylan, Gövhər, Sənubər, Ağbulaqdan  Leylan, Əfruz nənə kimi qadınlarımızla bu barədə  maraqlı söhbətlərim olub. Onların hər birindən  müasir dövrümüzdə-yaşmaq tutulmayan bir vaxtda yaşmaqlanmalarının səbəbini də soruşmuşam.

Hər biri də bunu qədim adət-ənənə və qadınların ismət ilə izah edirlər.

Aşağı Qışlaqlı  70 yaşlı Sədaqət  nənə  qeyd edir ki, keçmişdə gəlin köçəndə başına yaylıq salardılar, üzü tamamilə örtülərdi.  Sonralar  indi istifadə olunan fata dəbə düşdü. Fata da əvvəllər qalın güpür parçalardan hazırlanırdı, bir tərəfi ilə üz örtülürdü. Daha sonralar parça nazikləşdirildi, üz göründü. Müasir gəlinlərimizin çoxu  isə heç üzlərini örtmürlər.  İndi müasir dövrdür, bunu  indi  yaşmaq tutanlar da yaxşı bilirlər. Bizim övladlarımız nə yaylıq örtürlər, nə də yaşmaqlanırlar. Lakin bu o demək deyil ki, müasirləşdikcə özümüzdən uzaqlaşaq. Bizim elə bir keçmişimiz olub ki, çoxları bu həyat tərzinə qibtə ediblər. Gənc qızlarımız, gəlinlərimiz geyim-keçimlərinə fikir verməlidirlər.

Ağbirçək analarımızın maraqlı söhbətlərini, dəyərli tövsiyələrini dinlədikcə düşünürəm ki, gəncliyimiz daim nəzarətimiz altında olmalıdır. Onlara bilmədiklərini biz analar  öyrətməli, yaxşılarımızı onlara əxz etdirməliyik. Dünya, yaşadığımız cəmiyyət isə  gündən-günə müasirləşir və hər birimiz də bilirik ki, bu müsirləşmə həyatımızdan yan keçmir, bəzi dəyişikləri bizim üçün  qarşısıalınmaz edir. Ancaq onu da unutmaq olmaz ki, bir ömür üzünü halalından başqa  kimsənin görmədiyi qadınlar, atadan, qayınatadan qardaşdan, yaxından, qohumdan yaşmaqlanan gəlinlər bizim nənələrimiz, analarımız olublar.  Onlar bizə əslində üzü gizlətmək üçün  yaşmaqlanmaq kimi davranışı deyil, ismət adlı həya nümunəsini yadigar qoyublar. Onu qorumaq isə hər bir azərbaycanlı qadının borcudur !

Mətanət MƏMMƏDOVA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: