Yaradıcı gənclərin əl işlərindən ibarət sərgi keçirilib
NUHÇIXAN xəbər verir ki,Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyində yaradıcı gənclərin, o cümlədən fiziki imkanları məhdud uşaqların əl işlərindən ibarət sərgi-müsabiqəsi keçirilib.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva belə müsabiqələrin təşkilinin əhəmiyyətindən danışıb. Sərgiyə gözəl əl işlərinin təqdim olunduğunu vurğulayan Ülviyyə Həmzəyeva Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının da bu müsabiqədə fəal iştirakını xüsusi qeyd edib. Diqqətə çatdırılıb ki, sərgiyə 80-dən çox əl işi təqdim olunub.
Tədbirdə qeyd olunub ki, Naxçıvanın ölkəmizin “Gənclər Paytaxtı” elan edilməsi gənclərlə işin daha da canlandırılması üçün stimul yaradıb. Məhz bu məqsədlə təşkil edilən tədbirlərdə, layihələrdə gənclər xüsusi fəallıq nümayiş etdirirlər. Keçirilən intellektual oyunlar, “Kitablar tozlanmasın” və digər layihələr bunların bariz nümunəsidir.
Müsabiqədə yer tutan gənclərə diplom və hədiyyələr təqdim olunub. Sonda tədbir iştirakçıları sərgilənən əl işlərinə baxıblar.
Gülməmməd Əliyev