YAP-ın yaranmasının 26 illiyi Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində qeyd edilib

229

Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 26-cı ildönümü ilə əlaqədar noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində tədbir keçirilib.

Nümayəndəlikdən NUHÇIXAN-a verilən məlumata görə, tədbirdə çıxış edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov YAP-ın XX əsrin 90-cı illərinin əvvəllərində ölkədə hökm sürən mürəkkəb ictimai-siyasi şəraitdə yarandığını və bu gün nəinki ölkəmizdə, eləcə də regionda aparıcı siyasi təşkilata çevrildiyini qeyd edib. YAP-ın keçdiyi keşməkeşli yola nəzər salan B.Əsgərov bildirib ki, çətin tarixi şəraitdə yaranan partiya şərəfli yol keçməklə yanaşı, həm də ictimai-siyasi mühitdə kifayət qədər nüfuz qazanmış böyük siyasi təşkilata çevrilib. Yeddi yüz mindən çox üzvü olan Yeni Azərbaycan Partiyası geridə qoyduğumuz 26 il ərzində şərəfli, nümunəvi və təkrarsız bir yol keçib.

Yarandığı dövrdən bu günə qədər Yeni Azərbaycan Partiyasının yalnız müstəqil Azərbaycanın inkişafı, onun tərəqqisi naminə fəaliyyət göstərdiyini qeyd edən nümayəndəliyin rəhbəri tarixə nəzər salaraq o dövrün çətinliklərindən bəhs edib. O, ümummilli lider Heydər Əliyevin siyasi liderliyi əhatəsində yaranmış Yeni Azərbaycan Partiyasının hakim siyasi təşkilat-iqtidar partiyası kimi fəaliyyəti dövründə Azərbaycan dövlətinin əldə etdiyi nailiyyətlər, ölkəmizin dünya siyasi arenasında özünəməxsus mövqeyini gücləndirməsi, müasir dövlətçiliyimizin daha da qüdrətlənməsi, sosial-iqtisadi, siyasi, mədəni həyatımızda, eləcə də milli ordu quruculuğu sayəsində əldə olunmuş uğurlu nəticələrdən bəhs edib. Həmçinin bu gün partiyanın sədri, Prezident İlham Əliyev tərəfindən aparılan daxili və xarici siyasət kursu nəticəsində qazanılmış yeni-yeni uğurlardan söz açıb.

Bildirilib ki, Azərbaycan Respublikasının dərin böhran şəraitində olduğu bir vaxtda xalqımızın iradəsi və təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin yenidən Azərbaycanda siyasi rəhbərliyə qayıdışı müasir tariximizin ən mötəbər, şərəfli səhifələrindəndir. Ulu öndər Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti və zəngin dövlətçilik təcrübəsi dövlət müstəqilliyimizin itirilməsi təhlükəsinin qarşısının alınmasına, vətəndaş qarşıdurmasının aradan qalxmasına, təməlli müstəqil dövlətin qurulması və möhkəmlənməsinə, sosial-iqtisadi inkişafın tam təmin edilməsinə və digər mühüm nailiyyətlərin əldə olunmasına imkan verib. Heydər Əliyev lideri olduğu partiyanın sıralarında olmağı milli dövlətçiliyə xidmətin nümunəsi sayırdı: “Yeni Azərbaycan Partiyasına xidmət etmək Vətənə, millətə, müstəqil Azərbaycan dövlətinə xidmət etmək deməkdir”.

Bu gün Heydər Əliyevin ideyalarının layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının həmişə olduğu kimi, xalqımızın tükənməz hörmətini, rəğbətini qazanması, sıralarını kəmiyyət və keyfiyyət baxımından genişləndirməsi, dünyəvi və regional proseslərdə daim ön cərgədə dayanması, xalqımızın maraq və mənafelərinin təminatı məsələsində daim özünə güvənməsi ilə ümumxalq partiyası olduğunu bir daha sübut edib və etməkdədir. Yeni Azərbaycan Partiyası beynəlxalq mühitdə siyasi əməkdaşlıq, sivilizasiyaların dialoqunun tərəfdarı kimi çıxış edərək ölkədə milli birliyin möhkəmləndirilməsi, Azərbaycançılıq ideologiyasının təbliği və inkişafı istiqamətində çox mühüm işlər görür. Bütün bunlar Yeni Azərbaycan Partiyasının dünyanın siyasi təşkilatları arasında nüfuzunu artırır, Azərbaycan cəmiyyətindəki mövqeyini möhkəmləndirir, xalqımızın bu partiyanın ideoloji xəttinə dəstəyini daha da artırır, siyasi mövqeyini gücləndirir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, “Yeni Azərbaycan Partiyası Azərbaycanın müasir tarixində böyük bir fenomendir. Çətin şəraitdə, təzyiqlərlə, hədə-qorxularla üzləşərək, bütün məhrumiyyətlərlə üzləşərək, həm partiya üçün, həm partiya fəalları, həm də ölkə üçün, demək olar, ən ağır dönəmdə yaranan bu partiya möhkəmləndi, gücləndi və bu gün bölgədə onun analoqu yoxdur. Nəinki Azərbaycanda, qonşu ölkələrdə də Yeni Azərbaycan Partiyası kimi güclü, mütəşəkkil qüvvə yoxdur”.

Nümayəndəliyin rəhbəri Yeni Azərbaycan Partiyasının Naxçıvan Muxtar Respublikasında keçirilmiş təsis konfransından ötən dövr ərzində ölkəmizdə baş vermiş mühüm hadisələrdən danışıb, cəmiyyətimizin ictimai-siyasi həyatında bu partiyanın nə qədər böyük işlər gördüyünü faktlarla əsaslandırıb. O, həmçinin vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası ölkəmizin, xalqımızın gündəlik həyatını kökündən dəyişməklə, həyat səviyyəsini yüksək səviyyəyə çatdırmaqla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi ilə çiçəklənən doğma Azərbaycanın hər guşəsinin, eyni zamanda uzun illərdir ki, blokadadan əziyyət çəkən, buna baxmayaraq, əzmkar insanlarının, şəxsən Ali Məclisin Sədri Vasif Talıbovun gərgin zəhməti ilə gündən-günə inkişaf edən Naxçıvan Muxtar Respublikasının siyasi-iqtisadi həyatında yeni mərhələnin əsasını qoyub.

Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası hər zaman dahi liderimiz Heydər Əliyevin ifadə etdiyi kimi, dünənin, bu günün və gələcəyin partiyası olaraq yaşayacaq. Sıralarını daim zənginləşdirən Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyası olaraq xalqımızın həyatında öz sözünü deməyə qadir partiya kimi bundan sonra hələ daha neçə on illər öz mövqeyini qoruyub saxlayacaq.

“Təmsil etdiyimiz Naxçıvan Muxtar Respublikasında da hər il doğma partiyamızın ildönümləri yüksək əhval-ruhiyyə ilə qeyd edilir. Yeni Azərbaycan Partiyasının yaradılmasının 26 illiyi ilə bağlı partiyanın muxtar respublika təşkilatı onun İcra Katibliyi, şəhər və rayon təşkilatları ilə birlikdə müxtəlif tədbirlər təşkil edib. Muxtar Respublika Ali Məclisinin sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Vasif Talıbovun rəhbərliyi ilə gündən-günə inkişaf edən, gözəlləşən və güclənən Naxçıvan Muxtar Respublikası vaxtilə qoynunda ilk qurultayına qucaq açdığı Yeni Azərbaycan Partiyasının 26 illiyini müxtəlif tədbirlərlə qeyd edir”, -deyə B.Əsgərov bildirib.

“Müasir müstəqil Azərbaycan və ümumxalq hərəkatına çevrilən Yeni Azərbaycan Partiyası Ulu Öndərimizin özündən sonra xalqımıza ən böyük töhfəsi və əmanətidir”, – deyən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun uzun illərdir ki, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının qarşısında qoyduğu tələblərin qısa müddətdə, yüksək keyfiyyətlə icra edilməsini Naxçıvanda yaşayan fədakar insanların Heydər Əliyev siyasi məktəbinə, Azərbaycan dövlətçiliyinə sədaqətinin, ona ləyaqətlə xidmətinin yüksək nümunəsi hesab edən daimi nümayəndəliyin rəhbəri bundan sonra da partiyanın prinsipləri və Nizamnaməsinə həssaslıqla yanaşılmasının, onun rəhbər tutulmasının zəruri olduğunu vurğulayıb.

Tədbir digər çıxışlarla davam etdirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: