Yallılarımız dövlət səviyyəsində himayə olunur

122

Xalq yaradıcılığının ən qədim sahələrindən biri də folklordur. Azərbaycan ərazisində folklorun tarixi ilk insan məskənlərinin meydana gəlməsi dövrü ilə bağlıdır. Dünyanın qədim və mədəni xalqlarından olan Azərbaycan xalqı ən qədim dövrlərdən başlayaraq xalq yaradıcılığında öz tarixini bu və ya digər şəkildə əks etdirib. Xalqımızın mifoloji-bədii dünyagörüşünün izləri indi də folklorda özünü büruzə verməkdədir.

Bədii irsimizin daşıyıcısı olan xalq yaradıcılığı əsrlər boyu formalaşaraq bu günümüzə gəlib çatıb. Muxtar respublikamızda bu qiymətli sərvətin daha geniş tədqiqi və təbliği onu gələcək nəslə olduğu kimi çatdırmaq məqsədi daşıyır. Xalq yaradıcılığının ən qədim növlərindən biri də yallılardır.

“Şərur yallıları haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 24 dekabr 2018-ci il tarixli Sərəncamında deyilir: “Azərbaycan türklərinin qədim mədəniyyətinin bir hissəsi olan Şərur yallıları xoreoqrafiya, instrumental və vokal musiqini özündə birləşdirən nadir yaradıcılıq nümunəsi, əcdadlarımızın dünyagörüşünün, bədii-estetik təfəkkürünün təzahürüdür. Yallıların Gəmiqaya təsvirlərində öz əksini tapması Naxçıvanda yallı sənətinin çox qədim tarixə malik olduğunu göstərir”.

Muxtar respublikamızda xalqımızın milli dəyərlər sisteminin ayrılmaz tərkib hissəsi olan yallı sənətinin inkişafı sahəsində həyata keçirilən kompleks tədbirlərin nəticəsidir ki, yallılar nota köçürülüb, “Naxçıvan-Şərur el yallıları” kitabı nəşr olunub, “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilib.

Xalqımıza məxsus olan, min illərlə yol keçib gələn adət-ənənələr, folklor nümunələri, o cümlədən yallılar bu gün də dünyanın qədim yaşayış məskənlərindən olan Şərurda yaşamaqdadır. Xalqımızın bu əvəzsiz mənəvi dəyərlərini qorumaq, gələcək nəsillərə çatdırmaq üçün mühüm işlər görülür. Çünki ana dili kimi, folklor da xalqın mənəvi diriliyi, milli kimliyidir. Hər bir xalq hələ tayfa halında yaşayarkən belə öz incəsənətini hətta daşlara, qayalara həkk etməklə, onu nəsildən-nəsilə ötürüb. Xalqımızın igidliyini, qəhrəmanlığını, adət-ənənələrini özündə əks etdirən Şərur yallılar da belədir. Adı “Kitabi-Dədə Qorqud” dastanında çəkilən Şərur elində yallıların əsrlərdən bəri yayılması və yaşadılması yurdumuzun bu guşəsinin həm qədimliyindən, həm də mənəvi zənginliyindən soraq verir.

Şərurda yallı qrupu 1924-cü ildən fəaliyyət göstərir. Həsənbəy adlı yengicəli bir ziyalı öz həmkəndlilərini, həm də Çərçiboğan, Çomaxtur, Oğlanqala, Cəlilkənd və digər yaşayış yerlərinin istedadlı gənclərini başına toplayraq unudulmaqda olan yallılarımıza yeni nəfəs verib və səhnəyə çıxarıb.

1938-ci ildə “Şərur” Yallı Ansamblı Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyünə dəvət alıb və burada böyük uğur qazanıb. Ansambl sonralar Türkiyədə, Almaniyada, Polşada, Misirdə, Rusiyada və dünyanın bir çox digər ölkələrində keçirilən Beynəlxalq Folklar festivallarının laureatı olub.

Şərur yallılarının şöhrətlənməsində ümummilli liderimiz Heydər Əliyevin böyük diqqət və qayğısı var. O, bu ansamblın fəaliyyəti ilə daim maraqlanır, qayğısını əsirgəmirdi. Heydər Əliyev hələ Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi işləyərkən “Şərur” Xalq Yallı Ansamblı respublikamızdakı bir çox möhtəbər məclislərdə çıxış edirdi. Müstəqil respublikamıza rəhbərlik etdiyi illərdə də Ulu öndər yallılarımıza böyük maraqla tamaşa edir, kollektivə mənəvi dayaq olurdu.

“Şərur” Xalq Yallı Ansamblı bu gün dövlət səviyyəsində himayə olunur, yallıların tədqiqi, təbliği və qorunması üçün hərtərəfli tədbirlər həyata keçirilir. Bu qədim ansamblına Ali Məclisin Sədri də çox yüksək dəyər verib: “Naxçıvanın üç incisi bizim üçün xüsusilə əzizdir: Əshabi-kəhf, Gəmiqaya və Şərur yallıları. Biz bu inciləri qoruyub saxlamalıyıq”.

Bu gün də kollektiv kənd-kənd, oba-oba gəzir, qədim rəqslərimizi, yallılarımızı toplayaraq repertuarını daha da zənginləşdirir. Hazırda onların proqramında “Qaladan-qalaya”, “Tello”, “Xələfi”, “Dördayağı”, “Urfanı”, “Köçəri”, “Tənzərə”, “Qazı-qazı”, “Tirməşal”, “Dönə-dönə”, “Hoynəri”, “Gülümey”, “Haxışta” və sair kimi 40-dan artıq yallı və rəqs vardır. “Şərur” Xalq Yallı ansamblı muxtar respublikamızın, habelə rayonumuzun folklorunu qoruyur, onu dünyaya tanıdır. Göstərilən diqqət və qayğının nəticəsidir ki, “Şərur” Xalq Yallı Ansamblı ilə yanaşı, rayonlardakı mədəniyyət şöbələrinin nəzdində də yallı qrupları fəaliyyət göstərir.

“Şərurun səsi” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: