Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdəki çıxışına münasibət bildirib.
NUHÇIXAN xəbər verir ki, Hikmət Hacıyev AZƏRTAC-a deyib: “Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin danışıqlar masasına gətirilməsi barədə iddialarının yeganə məqsədi danışıqlar prosesini pozmaqdan ibarətdir. Gücdən istifadə edərək Azərbaycan ərazilərinin hərbi işğalının davam etdirilməsinə görə məsuliyyət daşıyan tərəf Ermənistandır. İşğal faktına görə beynəlxalq hüquqi məsuliyyət münaqişə tərəfi kimi Ermənistanın üzərinə düşür. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə görə, Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmayana qədər Ermənistan bu məsuliyyətdən qaça bilməz”.
XİN-in mətbuat xidmətinin rəhbəri bildirib ki, N.Paşinyanın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki erməni əhalisinə “dağlıq qarabağ xalqı” deyə müraciət etməsi tamamilə əsassız və absurddur. “ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən təqdim olunan və hazırda müzakirə edilən bütün sənədlərdə Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin əhalisi kimi erməni və azərbaycanlı icmaları müəyyən edilib. Ziddiyyətli açıqlamalarla çıxış etmək əvəzinə Ermənistanın baş nazirinə həmin sənədləri oxumağı, xüsusilə münaqişənin həlli ilə əlaqədar savadını artırmağı tövsiyə edirik. Bu kimi təxribat xarakterli və ziddiyyətli açıqlamalarla çıxış edərək, vəziyyətin gərginləşdirilməsinə və danışıqlar prosesinin pozulmasına görə məsuliyyət birbaşa Ermənistanın baş nazirinin üzərinə düşür”, – deyə H.Hacıyev vurğulayıb.