Xidmət mərkəzində sakinlərin gündəlik tələbatı ödəniləcək
NUHÇIXAN xəbər verir ki, həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Yuxarı Buzqov kəndində xidmət mərkəzinin də açılışını edib.
Məlumat verilib ki, mərkəzdə bərbərxana, anbar, ərzaq və təsərrüfat malları mağazaları vardır. Burada 2 sakin işlə təmin olunub.
Xidmət mərkəzi ilə tanışlıqdan sonra sakinlərlə görüş olub.
Kənd sakini Abbas Ələkbərov minnətdarlıq edərək deyib: Ali Məclis Sədrinin Babək rayonunun təşkil olunmasının 40 illiyinin keçirilməsi ilə bağlı imzaladığı Sərəncam bütün rayon sakinlərinin böyük sevincinə səbəb olub. Yubiley ərəfəsində ucqar dağ və sərhəd yaşayış məntəqəsi olan Yuxarı Buzqov kəndində geniş quruculuq işləri aparılıb. Ötən əsrin 90-cı illərini yaxşı xatırlayırıq. O zaman Ulu Öndərimizin rəhbərliyi ilə muxtar respublikanın bütün sərhəd kəndləri kimi, Yuxarı Buzqov da işğaldan qorundu, əhalinin yaşayışı təmin edildi. Ötən dövrdə də kəndimizin inkişafı daim diqqətdə saxlanılıb. Bu gün isə kəndimizdə tam orta məktəb binası, kənd və xidmət mərkəzləri tikilib, kənd yolu yenidən qurulub. Məktəbdə övladlarımızın yaxşı təhsil alması üçün hər cür şərait var. Bundan başqa, istifadəyə verilən kənd mərkəzində dövlət qurumları əhaliyə yüksək səviyyədə xidmət göstərəcək. Əvvəllər digər kəndlərə və Naxçıvan şəhərinə böyük çətinliklər hesabına gedib-gəlirdik. Müasir yol bu problemi də həll etdi. Eyni zamanda, yeni tikilmiş xidmət mərkəzi əhalinin zəruri ehtiyaclarını tam ödəyəcək. Kəndə yeni içməli su xətti çəkilib, poçt bölməsi yaradılıb, müasir tipli ATS quraşdırılıb, ucqar dağ kəndi internetlə təmin edilib. Elektrik və qaz xətləri yenilənib. Bir sözlə, Yuxarı Buzqovda insanların rahat yaşayışı və işləməsi üçün bütün şərait yaradılıb. Abbas Ələkbərov göstərilən qayğıya görə kənd sakinləri adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.
Ali Məclisin Sədri Yuxarı Buzqov kəndində aparılan quruculuq işləri münasibətilə sakinləri təbrik edərək deyib: Ümummilli liderimiz Heydər Əliyev də sərhəd kəndlərinin inkişafını daim diqqətdə saxlayırdı. Bu gün ölkə Prezidenti də sərhəd və dağ kəndlərinin inkişafına qayğı göstərir, geniş quruculuq işləri aparılır. Muxtar respublikanın kəndlərinin, xüsusilə sərhəd yaşayış məntəqələrinin inkişafı da diqqət mərkəzindədir. Ötən dövrdə muxtar respublikada sərhəd və dağ kəndlərinin boşalmasına imkan verilmədi. Həmin kəndlərdə müasir şərait yaradıldı, insanların rahat yaşayışı təmin edildi. Nəticədə məskunlaşma artdı. Yuxarı Buzqov kəndində də geniş quruculuq işləri aparılıb, şəhər rahatlığı yaradılıb. Kənddə rahat yaşamaq üçün hər cür şərait var. Müasir yol, məktəb binası, kənd və xidmət mərkəzləri, daimi təbii qaz və elektrik təminatı, rabitə xidməti sakinlərin rahat yaşayışına hesablanıb. Dövlətimiz bundan sonra da kəndin inkişafına dəstək verəcəkdir. Çünki torpağı əkmirsənsə qorumağına, qorumursansa əkməyinə dəyməz. Ona görə də sakinlər kəndin mövcud imkanlarından səmərəli istifadə etməli, torpaqlar əkilməli, yeni ailə təsərrüfatları formalaşmalı, məskunlaşma artmalıdır.
***
Yuxarı Buzqov kəndində yeni sosial obyektlər tikilərkən bir sıra abadlıq işləri də görülüb. Kənddə 4000 metr fiberoptik kabel, 2400 metr içməli su və 490 metr elektrik xətti çəkilib, 4413 metrlik qaz xəttində təmir-bərpa işləri aparılıb.