Xalqımıza məxsus ən qədim tikmə növü: təkəldüz

173

Azərbaycan tikmə sənətinin tarixinə nəzər salsaq, qədim və çoxçalarlı olduğunu görərik. Klassik şairlərimizin əsərlərində yer alan tikmə sənətinə aid nümunələrimiz dünyanın bir çox məşhur muzeylərində həm nümayiş, həm də mühafizə olunur.

Qədim və zəngin el sənəti nümunəsi olan bədii tikmələr adlarına, tikilmə texnikasına, işlənmə yerlərinə və s. xüsusiyyətlərinə görə biri-birindən fərqlənir. Xalqımıza məxsus ən qədim tikmə növlərindən biri təkəldüz tikmədir. Bu tikmə növündən Azərbaycanımızın bir çox bölgələrində istifadə olunsa da, daha çox Şəki bölgəsində yayılıb və müxtəlif formalarından  istifadə olunub.

Təkəldüz tikmə demək olar ki, digər tikmələrdən ən çox alət və işlənmə texnologiyası  ilə seçilir. Təkəldüz tikmə iynə ilə deyil, xüsusi hazırlanmış zərif və ucu iti başlıqlı qarmaqla tikilir. Bu alət “qullab” adlanır. Elə buna görə də təkəldüz tikmənin ikinci adına “qullabdüz” də deyilir. Qullabdüz sözü isə tikmək mənasını verir. Adətən qumaş (tirmə, mahud, şal və s.) sıx toxunuşlu və  tünd rəngli  olmalıdır. Bu tikmə üçün istifadə olunan iplər kimi al-əlvan yun və ipəkdən hazırlanmış qalın saplar götürürlər. Bu, təkəldüz tikmənin daha gözəl alınmasında  əsas amil olmaqla, həm də estetik zövq bəxş etməsində önəmlidir. Al-əlvan saplarla, oriental formasında və  nəbati naxışlarla işlənən tikmələr insanlara xüsusi bir zövq bəxş edir. Təkəldüz tikmələr, adətən, məişət əşyaları, geyimlər divar bəzəklərində işlədilir. Keçmişdə nişanlı qızların cehizləri üçün təkəldüz tikmədən bəzək vurulmuş əşyalar hazırlanırdı. (daraq qabı, örtük, yastıq üzləri və s.) Tikilməsi bir az çətin və güc tələb etdiyindən keçmişdə adətən kişilər bu sənət növü ilə daha çox məşğul olmuşlar.

Qeyd edək ki, təkəldüz tikmə növündən Naxçıvan bölgəsində də əşyaların üzərlərinin bəzədilməsi üçün istifadə olunub və bu ənənə hələ də davam etdirilməkdədir. Qədim tikmə növü olan təkəldüz tikmədən müasir günümüzdə də istifadə olunur. Bu isə digər sənət növlərində olduğu kimi qədim tikmə növlərinə də qırılmaz tellərlə sıx bağlılığımızın göstəricisidir.

Aidə İbrahimova

“Arazın səsi” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: