Şifahi xalq ədəbiyyatı qaynaqlarında ta qədimdən bu günə qədər insanlar arasında baş verən müxtəlif xəstəliklər, onların müalicə üsulları haqqında məlumatlar var. Atalar sözüdür ki, Allah min dərd yaradıbdırsa, min bir də dərman yaradıb. Ulularımız dərdlərin dərmanlarını ana təbiətin qoynunda axtarıb, müxtəlif otların, məhsulların şəfaverici xüsusiyyətlərini öyrənib, nəsildən-nəsillərə ötürüblər. Azərbaycan rəvayətlərində, nağıl, əfsanə və dastanlarında, bayatılarda xəstəliklərin çarəsindən ətraflı və ya şifrəli şəkildə bəhs ediblər. Bundan başqa, müxtəlif alqış və qarğışlarda da bir çox xəstəliklərin adı çəkilir. Xalq arasında yaşayan bu inanclar təbii ki, min illərin sınağından çıxan, bəziləri isə hələ ibtidai təfəkkürün formalaşmasında yarandığı üçün bir qədər bəsit görünür. Amma o da faktdir ki, hadisələr də nə qədər qədimilik və bəsit inanc varsa deməli onun tarixi də min illərə gedib çıxır. Məsələn, xalq arasında belə bir deyim var ki, qurbağanı görən, onu öldürən, ulduzu sayan adamın əlinə ziyil düşər. Deyilənə görə, ziyili aparmaq üçün yeni ay görünəndə salavat çevirib, “təzə ay səni xoş gördük, ziyil yerini boş gördük” sözlərini demək lazımdır. Bu mistik inancda belədir. Amma bununla yanaşı Azərbaycan xalq təbabətində isə ziyili aparmaq üçün əsasən ziyil otundan istifadə olunur. Əlin dərisini, formasını kobud göstərən ziyili aparmaq üçün sınanmış vasitələrdən biri də südləyən (halqaduzu) bitkisinin südüdür. Alçaq və orta dağlıq qurşaqda təpələrdə bitən bu bitkinin südü bir neçə gün ziyilin üzərinə vurulur. Nəticədə ziyil quruyub tökülür. Bundan başqa bir sıra xəstəliklər var ki, xalq təbabətində onların sağalması üçün maraqlı vasitələrdən istifadə edilir. Bunlardan bir neçəsini misal çəkmək istəyirik.
Dilin tutulması. Qəfildən alınan zərbə və ya baş verən hadisə nəticəsində insanın dili tutula bilər. Xüsusən azyaşlı uşaqların yanında heyvan başı kəsildikdə bu hadisə baş verir. Müalicə ilə yanaşı, belə xəstələri yenidən qorxutduqda və ya həyəcanlandırdıqda dili açılır.
Ürəkgetmə. Qəfildən verilən həyəcanlandırıcı xəbər nəticəsində ürəkgetməsi hallarında həmin adamın üzünə su çiləyir və ya yüngülcə şapalaqlayırlar.
İlyarası. Biləkdən yuxarı hissədə düyün şəklində olur, üstü qatmaq bağlayır. Sağaldıqdan sonra yeri boş qalır. İlyarasına baldırğanın şirəsini sürtürlər. Gec sağaldığı üçün ona ilyarası deyirlər.
İnağ. Əsasən, uşaq xəstəliyidir. Xəstəliyin səbəbini müxtəlif cür izah edirlər. Bu xəstəlik zamanı hərarət artır, sinədə xışıltı, nəfəs darıxması, nəfəs yollarında və sinədə göynəmə baş verir. Bəzən ölümlə nəticələnir. İnağın qarşısını almaq üçün abqoraya az miqdarda zəy və ya suya bir neçə damcı ağ neft qatıb xəstəyə içirirlər. Xəstənin ayaqları isti su ilə vanna edilir, başın əmgək hissəsinə soğan döyülüb qoyulur və iylədilir. Keçmişdə bu xəstəlik zamanı əmgək hissədə ülgüclə çərtib qan çıxarırdılar.
Kəsmə. Adamın əl və ayaq barmaqları arasında ağrı verən çatlar-kəsmələr əmələ gəlir. Xalq təbabətində belə kəsmələrin müalicəsində kərə yağından istifadə edirdilər. Axşam yatmazdan qabaq yağ kəsmənin üstünə sürtülür, dəri get-gedə yumşaldıqca yeri birləşir. Kəsmə dəmirovotu, qaz yağı vasitəsi ilə də müalicə olunur.
Göyöskürək. Əsasən, uşaqlar arasında yayılan yuxarı tənəffüs yollarının iltihabı xəstəliyidir. Öskürək zamanı uşaq boğulma həddinə çatır, burunun yanlarında sifət göyərir. Göyöskürək tutan uşaq tərlədilir, sinəsinə təpitmə qoyulur, yağla ovulur. Həmərsün, heyva tumu və heyva ağacının cavan budaqlarından çay içirdilir. Öskürəklərdə gülxətmi çiçəyi, cəviz ləpəsinin arasındakı nazik qatını çıxarıb çay dəmlənir, soyudulub uşaqlara içirdilir. Göyöskürək tutan uşaqları digər uşaqlardan təcrid edir, ulaq südü içirdirlər. Maşara. Bu xəstəliyin adı xalq arasında demək olar ki, unudulub. Maşara çox yayılmış xəstəlikdir. Tibbin inkişaf etmədiyi dövrdə maşaradan xəstələnmə halı çox olub. Mahiyyətcə allergiya xəstəliyinin ağır keçən formasıdır. Maşara xəstəliyi qorxu və diksinmə ilə də əlaqədar baş verə bilir. Üzün, əlin və ya bədənin müəyyən bir yerində dəriüstü qızarmalar əmələ gəlir, bəzi hallarda qızartılar suluqlayır. Xalq təbabətində diksinmə (iyrənmə) ilə baş verən xəstəlikdə maşara olan yer “murdarlanır”.
Haşiyə. Culfa rayonunun Camaldın kəndində “Pirmaşa” adlı bir pir var. XIV-XVIII əsrlərə aid edilən pir yenidən təmir edilib. Kənd sakinlərindən pirin adının nə üçün “Maşa” olduğunu öyrənə bilmədik. Bizə elə gəlir ki, pirin adı “maşara” xəstəliyi ilə bağlıdır. Qorxan adamların pirə aparılmasının tarixi çox qədimdir. Görünür, maşara xəstəliyinin adı unudulduğundan “Pirmaşara” sözü təhrif olunaraq “Pirmaşa” olmuşdur. Sərpmə. Damar sərpməsi narahat oturduqda, yatdıqda, iş görən zaman baş verir. Bel sərpməsi daha qorxuludur. Bunun nəticəsində insan şikəst ola bilər. Ağır bir şeyə yapışdıqda, xüsusən, ağırlığı düzgün qaldırmadıqda fəqərələr yerindən oynayır. Xalq arasında sərpməni müalicə etməklə xüsusi adamlar məşğul olur. Xalq təbabətində damar sərpdikdə həmin nahiyəni ovurlar, bel sərpdikdə isə oraya sirkə və arpa unu qarışığından hazırlanmış təpitmə qoymaq faydalıdır.
Təsbehçevirmə. Bu xəstəlik olmasa da bəzi əsəb xəstəliklərinin qarşısının alınmasında istifadə edilib. Azərbaycan xalq təbabəti qaynaqlarına görə yaşlı adamlar təsbeh çevirərkən barmaqlar, bilək oynayır, qan dövranı durğunlaşmadan xilas olur, əsəblər sakitləşir. Təsbeh kəhrəba və sədəfdən olduqda daha yaxşı təsir edir. Belə bir təsəvvür vardır ki, bu minerallar toxumalara, barmaqdakı əsəb uclarına təsir göstərir.
Mədə uzanması. Çox yeməkdən, ağır çəki qaldırdıqda mədə uzanır. Bu zaman mədə aşağıdan yuxarı sığallanıb bağlanılır. Bir neçə gün bağlı saxlanılır.
Bağırsaq dolaşması (düyünlənməsi). Belə hallarda bağırsağı dolaşanı ata mindirirlər. Yorğa yeriyən at xəstəni atıb- tutduqca bağırsaqdakı düyün açıla bilir.
Göründüyü kimi, ta qədimdən xalqımız tərəfindən formalaşdırılan, müalicə effektivliyi ilə özünü təsdiqləyən xalq təbabətindən geniş istifadə olunub. Həmin məlumatlar nəsildən-nəslə şifahi yolla keçərək xalqın adət-ənənələrində, zərb məsəllərində, rəvayətlərdə öz əksini taparaq, bir sıra yazılı mənbələrdə də toplanıbdır. Onların qorunub saxlanılması isə hər birimizin borcudur.
Zaleh NOVRUZOV