Xalqımızın yaratdığı, orada öz məişətini, düşüncələrini, adət-ənənələrini, mənəvi və maddi dünya haqqındakı təsəvvürlərini əks etdirdiyi xalçalar mədəniyyətimizin ən dəyərli qollarından biridir. El sənəti olan xalçaçılıın yaranma tarixi çox qədim zamanlara gedib çıxır. Naxçıvan şəhərinin yaxınlığında yerləşən Kültəpə yaşayış yerində aparılan arxeoloji qazıntılar zamanı tapılan Neolit və Eneolit dövrlərinə aid cəhrə, Tunc dövrünə aid sadə toxuculuq dəzgahı bu sənətin qədimliyindən xəbər verir.
Naxçıvanda toxuculuğun, həmçinin xalçaçılığın inkişafına səbəb olan bir sıra amillər var. İnsanların qidalanmasında böyük rol oynayan, dadlı ətinə, südünə, toxuculuqda əvəzsiz xammal sayılan yüksək keyfiyyətli yununa olan tələbatla əlaqədar qədim zamanlardan burada qoyunçuluq əsas təsərrüfat sahələrindən birinə çevrilib. Bu isə xalçaçılığın inkişafı üçün münbit şərait yaradıb.
Mənbələrin verdiyi məlumata görə, Culfa bölgəsinin xalçaçılıqda geniş istifadə edilən, təbii boyaq bitkisi olan boyaqotu ilə zənginliyi də ərazidə bu sahənin inkişafını şərtləndirən amillərdən biridir. Həmçinin qeyd olunan ərazinin dünyanın digər yerlərində çox da rast gəlinməyən, boyaqçılıqda əvəzsiz xammal hesab edilən qırmızı böcəklə zəngin olması da xalçaçılığın yüksək səviyyədə inkişafı üçün zəmin hazırlayıb. O dövrdə Culfa və ətraf yerlərdə toplanan boyaqotu və qırmızı böcək yerli tələbatı ödəməklə yanaşı, xarici bazarlara da çıxarılır və həmin bazarlarda yüksək qiymətləndirilirdi. Ona görə də Culfa Orta əsrlər zamanı boyaqotu ixrac edən mühüm mərkəzə çevrilmişdi.
Rayonumuzda bu sənətlə məşğul olan qadınlarımız çox olub. Boyəhməd, Teyvaz, Xanəgah, Qazançı, Yaycı və başqa kəndlərdə hanalar qurulmuş, xalçalar toxunmuş, evlərin yaraşığı, qız-gəlinlərin cehizlikləri olmuşdur. Rayonumuzun kəndlərində toxunan xalçalarda insanların məişəti, adətləri və təbiət təsvirləri öz canlı əksini tapıb. Xüsusən də yaradılış və dəvə karvanları ilə ifadə olunan əbədi həyat və həyat ağacı məfhumları o dövrdəki mifoloji dünyagörüşün nə qədər inkişaf etdiyini göstərir.
Rayon Tarix-Diyarşünaslıq Muzeyində nümayiş olunan bu xalçalar Naxçıvanın qədim toxuculuq mərkəzlərindən biri olduğunu təsdiq edir. “Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür”, – deyən ulu öndər Heydər Əliyev keçən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanda milli dəyərlərin qorunması və inkişaf etdirilməsi sahəsində ardıcıl tədbirlər həyata keçirib. Bu siyasi xətti uğurla davam etdirən ölkə rəhbərliyi tərəfindən görülən işlərin məntiqi nəticəsi kimi Azərbaycan xalçaları YUNESKO-nun qeyri-maddi-mədəni irs siyahısına daxil edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 15 fevral tarixli “Naxçıvan şəhərində xalça emalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamı və Naxçıvan xalçaçılıq məktəbinin daha dərindən öyrənilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi bu el sənətinə göstərilən qayğının bariz nümunəsidir.
Xalçaçılıq sənətinin yaşadılması, onun xüsusiyyətlərinin gənclərə aşılanması məqsədilə Qazançı kənd Mədəniyyət Evində “Xalçaçılıq” dərnəyi açılıb. Hal-hazırda burada Mədəniyyət Evinin işçiləri tərəfindən xalça toxunur. Gələcəkdə bu dərnəyə uşaq və yeniyetmələrin cəlb edilməsi nəzərdə tutulub. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı olması ilə əlaqədar toxunan ilk xalçada bu tədbirin loqosu öz əksini tapmışdır. Qazançı kənd Mədəniyyət Evində yaradılan bu dərnək gələcəkdə rayonun digər kəndlərindəki klub və mədəniyyət evlərində yaradılacaq dərnəklər üçün stimul rolunu oynayır. Hazırda Yaycı, Boyəhməd və Teyvaz kəndlərində bu dərnəklərin açılması nəzərdə tutulub.
Nuriyyə Musayeva
Qazançı kənd Mədəniyyət Evinin müdiri
“Arazın səsi ” qəzeti