Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən “Vikipediya”da Milli qəhrəmanlarımız haqqında müxtəlif dillərdə məqalələrin yaradılması prosesi uğurla davam edir.
MEK-dən NUHÇIXAN-a bildiriblər ki, “Vikipediya”da Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı İsrafil Şahverdiyev haqqında ingilis dilində məqalə yaradılıb. Məqalədə İ.Şahverdiyevin həyatı və keçdiyi döyüş yolu barədə məlumat verilir. Qeyd edilir ki, Ermənistan silahlı birləşmələri torpaqlarımıza hücum edərkən İsrafil Şahverdiyev cəsur polis işçisi kimi ilk günlərdən Vətənimizin müdafiəsinə qalxıb. Qaladərəsi kəndində iki erməni kəşfiyyatçının və şəhid jurnalist Salatın Əsgərovanın qatillərinin ələ keçməsində İsrafil Şahverdiyevin böyük rolu olub. O, 1992-ci ildə Hoçaz qayası və Hoçaz kəndi uğrunda gedən qanlı döyüşlərdə onlarca erməni silahlısını məhv edib.
İ.Şahverdiyev 1994-cü il yanvarın 6-da Füzuli rayonunun kəndlərini azad etmək üçün öz bölüyü ilə döyüşə girib. Bu əməliyyat nəticəsində Horadiz qəsəbəsi və 22 kənd azad edilib. Cəsur komandirin son döyüşü 1994-cü il yanvarın 13-də olub. Bir neçə istiqamətdən hücuma keçən bölükdə ölən və yaralananlar olduğundan döyüşçü dostlarını xilas edən İsrafil pulemyotu işə salıb, lakin qarşı tərəfdən atılan güllə onun həyatına son qoyub.
Bakıdakı Şəhidlər xiyabanında dəfn edilən İsrafil Şahverdiyev ölkənin suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, Vətən torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidlik və şücaətə, öz müqəddəs əsgəri və xidməti borcunun şərəflə yerinə yetirilməsindəki misilsiz xidmətlərinə görə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Məqalə ilə qeyd olunan linkdə tanış olmaq mümkündür.