Qədim yunan müdriki Sinoplu Diogen günün-günortaçağı əlində lampa ilə dolaşan zaman ondan nə axtardığını soruşanlara “İnsan axtarıram”, – deyə cavab verir.
Dostlar, bu həmin Diogen idi ki, o, bir gün şəhərin mərkəzində moizə deməyə başlayır. Ancaq kimsə ona qulaq asmır. Bunu görən filosof quş kimi cikkildəyir. Bundan sonra ətrafına xeyli avara toplanır və maraqla onu dinləyirlər.
-Baxın, afinalılar, budur sizin ağlınızın qiyməti,-deyə Diogen onlara irad tutur. O deyir: Sizin üçün ağıllı söhbət edəndə, qızıl xırdalayanda məni dinləmədiniz, ağılsız quş kimi cikkildəyəndə isə ağzınızı ayırıb dinləməyə başladınız…
Əslində, bizim Diogen müəllim hələ əsrlər əvvəl insan problemini qabardırdı ki, həmin problem elə əsrlər əvvəl olduğu kimi, əsrlər sonra da mövcuddur. Və həmin dövrlərdə olduğu kimi, elə indi də bir insanın psixologiyasını, düşüncəsini dəyişmək bəzən bir ictimai quruluşu dəyişməkdən çətin olur. Bu çətinliyi yaradan əsas faktorlardan biri də vicdan faktorudur ki, hələ əsrlər əvvəl Aristotel deyib: “İradənə hakim ol, lakin vicdanına əsir”…
İş budur ki, ötən həftə Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları nə iradəsinin hakimi, nə də vicdanın əsiri olmağı bacarmayan bir neçə vicdanını “dincə qoyanın” yaxasından möhkəmcə yapışdı. Və beləcə onları gizləndikləri “yuvadan” çıxardılar.
Bəs, həmin şəxslər kim idi?
Dərhal və vaxt itirmədən də cavab verək: Vicdanını pula satan nadanlar, kələkbazlar, dələduzlar və bir az da irəli gedib deyəcəm ki, şarlatanlar…
Məsələ budur ki, həmin şəxslər külli miqdarda keyfiyyətsiz dərman vasitələrini muxtar respublikaya qanunsuz olaraq gətirib, sonra da xımır-xımır satışını təşkil edib, insanların can sağlığı ilə oynayıblar. Özü də necə…
Təhməz Həmzəyev adlı heç bir təhsili və bu fəaliyyət üzrə icazəsi olmayan birisi hətta özünü sosial şəbəkələrdə insanlara həkim kimi təqdim edib. Ətrafına yığdığı özünəoxşarlarla birgə insanları aldadıb, onlara əsassız “diaqnoz” qoyub, bu əndrabadi diaqnozlardan sonra saxta dərmanları sadə adamlara “sırıyıblar”. Hətta bu “Nobel mükafatçıları” – Urfan İmanlı, Qiyas Hüseynov, Əsəd Cəfərov vətəndaşlara özlərini “androloq”, “psixoloq”, “kardioloq”, nə bilim nə “oloq” kimi təqdim ediblər.
Onların Naxçıvan televiziyasında nümayiş olunan kadrlarına baxanlar yəqin ki, görüblər. Nəinki “androloq”, “kardioloq” onların qabaqlarına altı keçi qatsanız, inanın ki, axşam evə qayıdanda baxassız ki, beşini itirib gəliblər.
Hətta onlara aldanıb müraciət edən hamilə qadına özlərini “ginekoloq”, bəli, məhz ginekoloq kimi tanıdıblar. Həmin qadına müayinə və müalicə təyin ediblər. Onurğa sütununda əyrilik olan qadının “müalicəsi” üçün isə ondan kürəyinin şəkillərini alıblar.
Bəli, dostlar bunlar bizim dövrümüzün “Dəllək Hüseyn”ləridirlər ki, vaxtı ilə Mirzə Cəlil özünün “Dəllək” hekayəsində belələrini “gülləmişdi”. Hekayənin qısa məğzi bu idi ki, Sadıq kişinin 10 yaşlı oğlu Məmmədvəli gözlərinin ağrısı kəssin deyə burnunu qanadır və sonra qan dayanmır. Sadıq kişi də doxtura yox, birbaşa dəllək Hüseynin yanına qaçıb əlac istəyir: “Sadıq kişi dükanın qabağında durub salam verdi. Usta Hüseyn kişini görcәk onu müştәri hesab etdi vә qoltuq cibindәn aynanı çıxardıb tutdu Sadıq kişinin qabağına. Sadıq kişi aynanı alıb vә gözlәrini yumub bir salavat zikr etdi vә aynanı әvvәl sağ çiyninin, sonra sol çiyninin qabağına aparıb tutdu üzünün müqabilindә vә gözlәrini açıb sol әli ilә başladı qırmızı saqqalını tumarlamağa vә bir dәfә dә salavat çevirib, aynanı qaytardı Usta Hüseynә vә dedi: “Ay Usta Hüseyn, bizim Mәmmәdvәlinin burnu qanıyıb. Nә әlac edirik qan kәsilmәk bilmir. Arvad mәni yalvara-yalvara sәnin yanına göndәrib, bәlkә sәn bir çarә tapasan.”
Usta Hüseyn Sadıq kişidәn aynanı alıb әvvәl ona tәklif etdi ki, girsin dükana vә otursun sәkinin üstündә. Sadıq kişi dükana girib oturandan sonra, Usta Hüseyn onun yavığına yeriyib sağ әlini uzatdı vә Sadıq kişinin börkünü götürüb qovzadı yuxarı.
Sadıq kişi altdan-yuxarı baxırdı Usta Hüseynin üzünә. Usta başını bulaya-bulaya dedi:
“Ax, ax, vay, vay! Yazığım gәlir gününә, ay Sadıq kişi! Bilmirәm sәnin axırın nә günә qalacaq! Ay kişi, ya adını ermәni qoy, xalq bilsin ki, sәn müsәlman deyilsәn, yoxsa әgәr müsәlman olmaq istәyirsәn, qardaş, bu müsәlmançılıq deyil ki, sәn eliyirsәn. Kişi, utanmırsan başuvun tükünü bu qәdәr uzadıb qırxdırmırsan? Hәlә xәcalәt çәkmәyib deyirsәn ki, Mәmmәdvәlinin burnunun qanı kәsilmir? O allahın qәzәbidir ki, sәni tutub. Yoxsa harda görsәnәn şeydir ki, burnunun qanı kәsilmәyә? Sәnin tәk müsәlmanlar bundan da artıq bәlaya giriftar olacaqlar!
…Usta Hüseyn, Sadıq kişinin başını qırxıb qurtardı. Sadıq kişi börkünü qoydu başına, iki qәpik çıxarıb uzatdı Usta Hüseynә vә dedi:
-Usta, Allah atana rәhmәt elәsin.
Vә usta Hüseyn pulu alıb cavab verdi:
-Allah sәnin dә atana rәhmәt elәsin.
Sadıq kişi üz qoydu evinә getmәyә.
Hәyәtә girib Sadıq kişi gördü ki, oğlunun qanı çoxdan kәsilib.
Mәmmәdvәli bir uzun ağacdan at qayırıb minmişdi, hәyәti o tәrәfә çapırdı, bu tәrәfә çapırdı vә hәrdәn bir at kimi kişnәyirdi.”
Əlqərəz, indi bizim bu dəllək Təhməz və onun “balavoyları” Mirzə Cəlilin dəllək Hüseyninin arxasına beş təpik vuracaq nadürüstlüklər ediblər. Hətta Çinin özlərinə oxşar saxta dərman və tibbi cihazlarını 5-10 qat bahasına camaata “sırıyıblar”.
İndi dostlar, siz deyin, belələrinə nə ad verək?! Təbii ki, nə ad qoysan yaraşar… Hələ o tərəfə də keçər.
Gəlin özümüzə azacıq əziyyət verib bir pəncərəmizdən başımızı çıxarıb ətrafımıza baxaq…O dəqiqə görəcəyik ki, təkcə son illərdə Naxçıvan şəhərində, eləcə də kəndlərdə yüzlərlə müasir xəstəxana, həkim ambulatoriyası, feldşer-mama məntəqələri tikilib əhalinin istifadəsinə verilib. Dünyanın ən qabaqcıl ölkələrinin istehsalı olan tibbi cihazlar istifadəmizdədir. Bir neçə il əvvəl müayinə və müalicə üçün xaricə üz tutan zaman Naxçıvanın gömrük qapılarında növbə gözləyirdiksə, indi bu da yoxdu. Gəlin, bütün bunların qədrini hamılıqla bilək və bu cür nataraz əməllərə qarşı barışmaz olaq.
Təbii ki, tək belələrinə qarşı yox, həm də işini yaxşı öyrənməyən, 40 il əvvəl aldığı qırmızı diplomla fəxr edən və bu 40 ildə bir dəfə kitab üzü açmayan, yeni tibbi texnologiyanı öyrənməyən həkimlərə qarşı da ictimai qınaq yaradaq. Hansı ki, onlar 40 il əvvəl olduğu kimi, elə indi də adamın üzünə baxıb “diaqnoz” qoymaqla məşğuldurlar. Təəssüf ki, xəstəliklə yox, xəstənin özü ilə maraqlanan, apteklərlə “işgüzar” əlaqəyə girib adi bir ampuçilinlə, çobanyastığı dəmləməsi ilə sağalacaq olan xəstəyə sicilləmə – 50-100 manatlıq resept yazan “doxtur”lar hələ də var…
Bütün bunlarla yanaşı, savadlı, peşəkar, ağ xalata yaraşan həkimlərimizlə (belələri yüzlərlədir) fəxr edək və onları nümunə göstərək.
Biz muxtar respublikanın təhlükəsizlik orqanı əməkdaşlarına bu cür xoşagəlməz hallarla mübarizələrinə görə “sağ olun” deməklə yanaşı, özümüz də bu adamlara qarşı ciddi mübarizə aparmalı, onları ictimai qınaq məngənəsində boğmalıyıq.
Axı bizə “dəlləklər” yox, həqiqi həkimlər lazımdır…