Vaşinqtonda Azərbaycanın dövlət müstəqilliyinin 27-ci ildönümü qeyd olunub

142

NUHÇIXAN xəbər verir ki, oktyabrın 18-də Vaşinqtonda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümü münasibətilə bayram tədbiri keçirilib.

Ölkəmizin ABŞ-dakı səfirliyinin dəstəyi ilə ABŞ-Azərbaycan Ticarət Palatasının nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə soydaşlarımızla ilə yanaşı, Vaşinqtonda yerləşən akademik qurumların və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirin açılışında Vaşinqtondakı Azərbaycan məktəbinin şagirdləri bütün iştirakçılarla bərabər Azərbaycanın dövlət himnini ifa ediblər. Sonra ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov qonaqları salamlayaraq hamını dövlət müstəqilliyimiz günü münasibətilə təbrik edib.

Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov çıxış edərək ölkəmizin dövlət müstəqilliyinin hər bir soydaşımız üçün qürur mənbəyi olduğunu, son 27 ildə böyük inkişaf yolu keçdiyini, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin yürütdüyü ardıcıl siyasət nəticəsində dövlətçiliyimizin möhkəmləndiyini və Azərbaycanın dünya miqyasında nüfuzunun artdığını söyləyib. Yaşadığı məkandan asılı olmayaraq, hər bir azərbaycanlının ölkəmizin inkişafı üçün çalışdığını, milli amallar uğrunda bu səylərin daha da artırılmalı olduğunu qeyd edən səfir ABŞ-dakı Azərbaycan icmasını təbrik edərək icma quruculuğu işinə fəal töhfə verənlərə xüsusi təşəkkürünü bildirib.

Daha sonra bayram tədbirində Vaşinqtondakı Azərbaycan məktəbinin şagirdləri tərəfindən şeirlər oxunub, milli rəqslər nümayiş etdirilib və pianoda musiqilər səsləndirilib.

Sonda qonaqlara milli mətbəximizin ləziz təamlarından və şirniyyatlarından ibarət ziyafət verilib.

Qeyd edək ki, ABŞ Konqresinin bir neçə üzvü dövlət müstəqilliyimizin bərpasının 27-ci ildönümü ilə əlaqədar Azərbaycan tərəfinə təbrik ünvanlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: