Yuxu ilə əlaqədar alimlər bəzi qanunauyğunluqlar aşkar ediblər. Məlum olub ki, 6-8 saat yuxu yatanlara uzun ömür yaşamaq xarakterikdir. Yuxu azlığı isə əksinə, diabet və ürək-damar xəstəlikləri kimi bir sıra problemlərə səbəb olur. Xroniki yuxusuzluq da həmçinin, həmin xəstəliklərlə yanaşı piylənmə, depressiya və beyin zədələnmələri ilə əlaqələndirilir.
NUHÇIXAN xəbər verir ki, yuxusuz qalmağın başqa fəsadları ola bilər. İlk yuxusuz gecədən sonra insan beynində mezolombik sistem aktivləşərək qana defomin artır. Həmin təsirin nəticəsində insan daha enerjili, pozitiv və aktiv olur. Əvvəlcə beyində qərar verməyə və nəticələri qiymətləndirməyə nəzarət edən strukturlar reaktivləşir, özünüidarə zəifləyir. Yorğunluğun meydana çıxması ilə reaksiyaların sürəti yavaşıyır və ətraf aləmi dərketmə funksiyaları azalır. İkinci yuxusuz gecədən sonra orqanizmdə qlükoza mübadiləsi və immun sistemin fəaliyyəti pozulmağa başlayır. Yuxusuz keçən üçüncü gecədən sonra isə ilk hallünasiyalar meydana gələ bilər.
Elmi təcrübə nəticəsində ən uzunmüddətli yuxu məhdudiyyəti 264 saat və ya 11 gün davam etdirilib. Məlum səbəblərdən təcrübə yarıda qoyulub. Həmin prosesdə alimlər aydınlaşdırıblar ki, 11 gün yuxusuz gecədən sonra orqanizmdə dağınıqlıq və əsəbilik müşahidə olunsa və ətraf aləmi dərk etmək prosesi çətinləşsə də, yuxusuzluğun orqanizmə heç bir mənfi təsiri olmayıb. Tibbi mənada bütün orqanlar normal işləməyə davam edib – nə beynin fəaliyyətinə zərər dəyib, nə də psixi pozulmalar meydana gəlib. Lakin qeyd etmək lazımdır ki, təcrübə elə həmin mərhələdə də dayandırılıb. Ona görə də yuxusuzluğun davam etdiriləcəyi təqdirdə orqanizmin funksiyalarının pozulmayacağına heç bir zəmanət verilə bilməz.