Uşaqlığımızın qəhrəmanı

303

Heç şübhəsiz ki, hər birimizin uşaqlıq qəhrəmanları olub və onlar yalnız hansısa film obrazları deyildilər. Bu, hansısa hərəkəti, davranışı ilə bizə nümunə olan, özümüz üçün örnək hesab etdiyimiz insanlar da ola bilərdi. Məsələn, ata-anamız, yaxud da kitablardan, efirlərdən tanıdığımız kimlərsə.

Yadımdadır, hələ məktəbə getmirdim. Haradasa 5 yaşım olardı. Çoxlu şeirlər bilirdim. Bir kitablıq şeir əzbər bilməyimə baxmayaraq, getdiyim məclislərdə “balaca qız, bizə bir şeir de” dedilərmi, hansını qiraət edim deyə heç düşünmədən “Heydər baba” adlı şeiri gətirirdim dilə. Bəlkə də kimin üçünsə adi gələ bilər, lakin 5 yaşlı uşağın realda görmədiyi bir insanı qəbul edərək, ona “baba” deyə müraciət etməsi əslində böyük işdir. Bunu öz simamda bütün uşaqlara şamil etmək olardı. Əvvəl elə bilirdim ki, yalnız bizim məhlədəki uşaqlar ona baba deyir. Lakin televiziya verilişlərində də hər gördükcə onun ətrafında çoxlu uşaqlar olurdu. Bəziləri onun əlindən tuturdu, ya da boynunu qucaqlayırdı. Hətta bir dəfəsində evdəkilərdən soruşmuşdum ki, bütün uşaqlar Heydər babanın nəvəsidir?

Sonrasında məktəbdə kitablardan, müəllimlərimizdən öyrəndiklərimiz…

Zamanla isə şeirlər öz yerini inşalara, yazılara verdi. Təbii ki, artıq uşaq düşüncələrindən xeyli uzaqlaşmışdıq. Kitablardan elmi cəhətdən cavablar alırdıq uşaqlığımızın Heydər babası ilə bağlı suallara. Biz artıq bilirdik ki, əbəs yerə sevməmişik onu. Ürəkdən-ürəyə yol var deyiblər. Bəlkə də onun bizə- xalqının hər bir övladına olan sevgisinin mükafatı idi bizim ona qarşı ta uşaqlıqdan bəsləyib-böyütdüklərimiz.

1990-cı illərin uşaqları olan, eyni məhəllədə böyüyən bizlər bu gün ölkənin gəncləri sırasındayıq. Hə, bəlkə də uşaq həvəsi ilə böyüklərə o mövzuda şeirlər demirik, lakin indi daha yaxşı anlayırıq işin mahiyyətini, uşaqlıqdan adına şeirlər əzbərlədiyimiz şəxsiyyətin bu günümüz üçün həyata keçirdiklərini. 

Ulu öndər Heydər Əliyevin dövlət, millət qarşısındakı xidmətləri zaman keçdikcə daha aydın görünür. Rahat yaşayan gənclik olaraq, biz, bu gün onun uzaqgörən siyasətinin bəhrəsini görürük.

Müdriklərin dediyinə görə, şəxsiyyəti mühit və hadisələr yetirir, ancaq hadisələri şəxsiyyətlər idarə edir və hadisələr özü də onların izini daşıyır. Bəzi simalar var, gördükləri işlərlə, həyata keçirdikləri siyasətlə dünya tarixində silinməz izlər qoyan, mənsub olduğu millətin yoluna işıqlar saçan, onu zülmət qaranlıqdan xilas edən. Hər xalqa belə tarixi şəxsiyyətlər, belə qəhrəman oğullar nəsib olmur. Bu baxımdan Azərbaycan torpağı, bu xalqın hər bir vətəndaşı şanslıdır. Çünki onun Vətənini, xalqını Heydər Əliyev kimi bir şəxsiyyət təmsil edir. Hansı ki, adı gələndə insanların fikrində işıqlı sabahlara doğru irəliləyən xalqı canlandıran bir sima dayanır. 

O, yeni Azərbaycanın yaradıcısıdır. Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyi özünün yüksək zirvəsinə çatdı. Təqvimin bu günündə ümummilli lider ölkə Prezidenti seçilib.

Milli mənafeyi xalq mənafeyinə, xalq mənafeyini isə dövlət mənafeyinə çevirə bilən siyasi liderlər öz ölkələrinin tərəqqisini təmin etməklə bərabər, həm də beynəlxalq nüfuz və etibar qazanırlar. Heydər Əliyev kimi. Çıxışlarının birində “Ömrümün qalan hissəsini də xalqıma qurban verirəm”, -deyə qeyd etmişdi. Belə də etdi. Ömrünün sonuna kimi verdiyi sözə sadiq qaldı…

Fatma Babayeva

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: