Uşaqlarda disleksiya problemi

622

Disleksiya-bir  növ öyrənmədə çətinlik növüdür. Eynşteyn, Motsart, Bethoven, Leonardo Da Vinçi kimi bir çox dahinin də yaşadığı disleksiya problemi oxumağa mənfi təsir etdiyi üçün ibtidai təhsil zamanı gözə çarpır.  Öyrənməyə təsir edən bu problem uşağın özünə inam hissini itirməsinə də səbəb ola bilir. “Disleksiya” yunan sözü olub “dis”-pozqunluq,”leksiya”-kəlimə (kəlimə pozğunluğu) sözünün birləşməsindən əmələ gəlib.

Disleksiya-şəxsin normal və ya üstün zəka səviyyəsində olmasına baxmayaraq oxuma-yazmada problem yaşamasına səbəb olan öyrənmə pozğunluğudur. Ümumiyyətlə oxuma pozğunluğu şəklində özünü göstərən disleksiya,diqqət və yaddaşa da təsir edir. Disleksiyalı uşaqlar oxumaqda və yazmaqda çətinlik çəkdikləri üçün öyrənmə səviyyəsində yoldaşlarından,yaşıdlarından geridə qalırlar.

Disleksiya olan uşaqlar məktəbdə dərslərdən geri qaldıqları üçün özünə inam hisslərini itirə bilirlər. Buna bağlı olaraq onlarda digər psixolojik problemlərin də ortaya çıxması mümkündür. Bundan əlavə disleksiya problemli uşaqlar incə düşüncəli və həssas olduqları üçün məktəbdəki yaşıdları tərəfindən mənfi yöndə reaksiyalara məruz qaldıqları zaman daxilən  çox zədələnirlər.

      Uşağın valideynləri və ya müəllimləri disleksiya haqqında məlumatlı olmadıqlarında uşağı günahlandıra bilərlər. “İstəsən edərsən, tənbəllik edirsən, diqqətini vermirsən, vecinə deyil” kimi günahlandırıcı ifadələr uşaqlarda qalıcı xəsarətə yol açır. Bunun üçün də uşaq üzərində məsuliyyət  daşıyan hər kəs “disleksiya nə deməkdir, oxumaqda çətinlik çəkməni neçə aradan qaldırmaq olar, disleksiya problemi olan uşağa necə dəstək olmaq olar” kimi sualların cavablarını  araşdırıb tapmalıdır. Disleksiya diaqnozunun qoyula bilməsi üçün bir uşağın oxuma və yazma performansı (qabiliyyəti) normanın çox altında olmalıdır. Bunu faizlə ifadə edərsək bu uşaqlar  100-də 16-dan  az oxuma –yazma qabiliyyətinə  sahib olurlar.

Bəs disleksiya problemi olan uşaqlara necə kömək edə bilərik?

  1. Səbrli olun;

Uşağınız və ya şagirdiniz oxumada və yazmaqda çətinlik çəkirsə, səbrli olun və ona qarşı diqqət və qayğınızı azaltmayın. Mətnləri səsli oxumasını istəyin. Səsli oxuma zamanı həm uşaq həm də siz haralarda səhvlər edildiyini görər və onu aradan qaldıra bilərsiniz. Səsli oxumaq disleksiya üçün çox yaxşı bir məşqdir.

  1. Bu uşaqların həvəsləndirmələrə çox ehtiyacları var;

Öyrənmədə çətinlik çəkən uşaqların özünə inam hisslərinin xəsarət almaması üçün onları tez-tez təbrik etmək lazımdır. Hər bacarığını təbrik edin və onunla qürur duyduğunuzu ifadə edin. Bu davranışınız uşağın bacarmaq üçün daha çox çalışmaq istəyini artıracaq.

  1. Onları oyunlarla dəstəkləyin;

Disleksiya problemi olan uşaqlar oyunları çox sevirlər. Belə ki, doğru seçilmiş oyunlar disleksiya problemini aradan qaldırmaq üçün edilən məşqlərə bərabərdi. Bu oyunlar və ləvazimatlar pedaqoji məhsul olmalıdır.

  1. Onları əsla başqaları ilə müqayisə etməyin;

Bu sadəcə disleksiya olan uşaqlar üçün deyil bütün uşaqlar üçün keçərlidir. Uşaqlarınızı “başqa uşaqlarla” müqayisə etməyin və öyrənmə çətinliyi olan uşaqların bu mövzuda çox daha həssas ola biləcəyini unutmayın.

  1. Məktəblə mütəmadi olaraq əlaqədə olun;

Sadəcə sizin diqqətli davranmanız  kifayət etməyə bilər. Məktəb müdriyyəti və müəllimlərlə də görüşərək disleksiya problemi olan uşağa necə davranılması ilə bağlı məlumatları onlarla da bölüşün.

  1. Bu uşaqların istedadlarına diqqət edin;

Disleksiyalı uşaqlar xüsusi istedadlara malik ola bilirlər. Onları kəşf etməyə çalışın. Uşağın bu və ya digər istedadının  olması onu həvəsləndirəcək və özünə inam hissi artacaq.

  1. Bu uşaqlara düzgün yanaşma yollarından biri də motivasiya, izləmə və təqdirdir;

Uşağınıza müxtəlif tapşırıqlar verin. Ona inandığınızı söyləyin və verdiyiniz tapşırığı izləyin. Yerinə yetirdiyi işlər üçün onu təbrik edin. Disleksiyalı uşaqların diqqətini mərkəzləşdirmə müddəti də çox qısa olur. Uşağınızın dərs masasında diqqətdağıdıcı əşyaların olmamasına səy göstərin. Otağının da dağınıq deyil, təmiz və səliqəli olmasına diqqət edin.

  1. Dərs hazırlayarkən öyrənməyi əyləncəli hala gətirin;

Az əvvəl oyunlardan bəhs etmişdik. Ev tapşırığı, kitab oxuma kimi işləri də mümkün qədər oyunlaşdırmağa çalışın. Məsələn, uşaq ev tapşırığını edərkən sizdə yanında oturub bir şeylər qaralaya bilərsiniz. Çalışarkən ”Gəl, birlikdə ev tapşırıqlarını yerinə yetirək”- deyə bilər, növbə ilə oxuyub-yaza bilərsiniz.

  1. Sevginizin onun bacarıb-bacarmamağı ilə əlaqəli olmadığını göstərin;

Disleksiyalı uşaqların  yuxarıda bəhs etdiyimiz kimi bir çox sahədə çətinliklərlə qarşılaşa biləcəklərini diqqətə almalıyıq. Sevgi çox böyük gücdür və ona sevginizi hər fürsətdə sərgiləyin. Bacara bilmədikləri üçün sıxılmayın və ona olan sevginizi, bir işi bacarıb-bacarmamağı ilə əlaqəli olmadığını hiss etdirin.

Disleksiya problemi yaşayan uşaqların valideynlərini ən çox maraqlandıran məqam disleksiya necə müalicə olunur sualının cavabıdır.

Disleksiyanın hələ ki, müəyyən edilmiş dəqiq bir müalicəsi yoxdur. Oxuma və öyrənmə pozqunluğu yaş irəlilədikcə azalır, amma tamamilə düzəlməyə bilir. Belə ki, yavaş oxuma və bəzi yazı səhvi qalıcı ola bilir.

Disleksiya göstəriciləri aşağıdakılardır.

  1. Oxuma pozqunluğu;

Digər adıyla oxuma çətinliyi nədir? Kəlimələri tərsdən oxuma, kəlimələri atlama, buraxma, hecaları qarışdırma, məhdut oxuma sürəti  kimi göstəricilərlə oxuma çətinliyi çəkilir.

  1. Yazma pozqunluğu (disqrafiya);

Yazı yazarkən hərfləri tərs yazması, bəzi hərfləri və rəqəmləri qarışdırması kimi xüsusiyyətlərlə özünü göstərir. Məsələn, E hərfini tərsinə yazaraq 3 rəqəmini istifadə edə bilirlər. Xüsusilə də b ilə d hərflərini, nöqtəli və nöqtəsiz hərfləri  qarışdıra bilərlər.

  1. Öyrənmə pozqunluğu-öyrənmə çətinliyi;

Sadə tapşırıqları yerinə yetirməkdə çətinlik çəkirlər. Məsələn, sağ-solu qarışdıra bilər, ayaqqabılarını tərs geyinə bilərlər. Bunlar uşağın yaşıdlarından geri qalmasına səbəb olur.

  1. Digər göstərici isə anlama pozqunluğudur;

Anlama pozqunluğu diqqətlə də əlaqəlidir. Disleksiyalı uşaqlar uzun müddət diqqətlərini mərkəzləşdirə bilmirlər. Rəsm, musiqi, riyaziyyat kimi sahələrdə sizi təəccübləndirə biləcək qabiliyyətə malik ola bilən bu uşaqlar, yəni disleksiya problemli uşaqlar xüsusi istedada malik ola bilən uşaqlardır. Bu vəziyyət sizin ağlınızı qarışdırmasın və “istəsə bacara bilər” kimi yanlış düşüncələrə sövq etməsin. Əslində oxuma pozqunluğu zəka ilə əlaqəli deyil. Disleksiyalı uşaqlar beyinin sol ön bölümünün müəyyən bir hissəsini istifadə etməkdə çətinlik çəkdikləri üçün “istəmələri” yetməz.

Bir uşağa disleksiya diaqnozu qoyula bilməsi üçün zəka ağıl səviyyəsində heç bir problem olmamalıdır. Yəni digər sahələrdə yaşıdları kimi və ya yaşıdlarından daha bacarıqlı olduğu halda dil (oxuma, yazma, danışma) problemləri yaşayan uşaqlara disleksiya diaqnozu qoyula bilər. Uşağım disleksiyalıdırmı deyən valideynlər ilk olaraq bu sahədə mütəxəssis olan uşaq psixoloqlarına müraciət etməlidirlər.

Əziz valideynlər!

Uşaqların hər zaman bizim diqqətimizə, qayğımıza, sevgimizə ehtiyacı var. Amma disleksiya problemi yaşayan uşaqların valideynlərinin dəstəyinə daha çox ehtiyacları var. Məktəblərin açılmasına çox az bir zaman qalır. Bu mövzunu seçməyimizə əsas səbəb belə uşaqların ətrafındakı valideyn və müəllimlərin dəstəyi olmazsa xəstəliklərinin daha da kəskinləşə və onların qalıcı xəsarətlər ala biləcəklərini diqqətinizə çatdırmaqdır.

Günay Hüseynquliyeva

Uşaq pedaqoqu

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: