Dünya Səhiyyə Təşkilatının statistik məlumatına əsasən planetimizin əhalisinin təqribən 30 faizi müxtəlif allergik reaksiya və xəstəliklərdən əziyyət çəkir. Bu xəstəliklərdən bronxial astma, dərman və qida allergiyaları daha geniş yayılıb. Təəssüf ki, həmin xəstəliklərdən əziyyət çəkənlərin çoxu uşaqlardır.
NUHÇIXAN xəbər verir ki, uşaqlar arasında allergik xəstəliklərin ən geniş yayılmış forması qida allergiyasıdır. Mütəxəssislərin dediyinə görə, uşaqların 55 faizindən çoxu həmin allergiyalardan əziyyət çəkir. Qida allergiyaları onların üzləşdiyi xəstəliklər arasında 4-6 faiz təşkil edir. Ana südünün erkən kəsilərək onlara əlavə yeməklərin verilməsi qida allergiyasının ən başlıca səbəbi sayılır.
Bu xəstəlik uşaqlarda çox vaxt qusma və qarın ağrısı ilə müşayiət olunur. Buna görə də uşaqlarda allergiyanın ilkin əlaməti hiss olunanda mütləq həkimə müraciət etmək lazımdır.
Azərbaycan Tibb Universitetinin qidalanma gigiyenası kafedrasının müdiri İbrahim Əhmədovun dediyinə görə, əgər valideynlərdən birində allergiya varsa, uşaqda 50 faiz, hər ikisində varsa, uşaqda ona meyl iki dəfə artmış olur. Həmin ailədə ana uşağın qidasına daxil etdiyi yeni yeməkləri birdən-birə və çox miqdarda deyil, tədricən və az-az verilməlidir.
Allergiyaya erkən aşkar edildikdə onun müalicəsi mümkündür.. Müalicənin gecikdirilməsi isə ciddi fəsadlara və ağırlaşmalara gətirib çıxara bilər.
Apteklərdə çoxlu antihistamin dərmanlar satılır. Lakin həkimlə məsləhətləşmədən onlardan istifadə etmək düzgün deyil, çünki yanlış müalicə ciddi fəsadlara səbəb ola bilər.
Uşaqlarda allergik xəstəliklərin əsas əlamətləri burun tutulması, nəfəsalmanın çətinləşməsi, burun və gözdə qaşınma və asqırmanın artmasıdır. Bəzən xəstə uşaq 30-40 dəfə asqırmaq məcburiyyətində qalır. Kəskin allergiyalar yaradan səbəblərdən biri də ətrafda olan ağac, bitki və gül kollarıdır.
Allerqoloqlar uşaqları çox şirin, duzlu qidalardan uzaq saxlamağı, onlara konservləşdirilmiş qida və şirələr verməməyi məsləhət görürlər. Yumurta, yer fındığı, qoz, qarğıdalı, banan, çiyələk, ət, bəzən isə inək südü allergiyaya ən çox səbəb olan qidalar hesab edilir.