Uroloq: Böyrək daşı xəstəliyinə əsasən orta yaşlı insanlarda rast gəlinir

178

Dünyada hər 10 nəfərdən biri böyrək daşı və ya böyrək qumu problemi ilə üzləşir. Bu xəstəlik maddələr mübadiləsinin müxtəlif endogen və ya ekzogen səbəblərdən pozulması nəticəsində yaranır.

NUHÇIXAN-ın məlumatına görə, bu barədə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının urologiya şöbəsinin müdiri, uroloq Fikrət Əhmədov universitetin mətbuat xidmətinə məlumatında bildirib.

Həkimin sözlərinə görə, bu xəstəlik bəzi hallarda irsi xarakter daşıyır, sidik yolları sistemində daşların yaranması ilə səciyyələnir. Bu zaman böyrəklərdə və ya sidik xaric edən digər orqanlarda daşlar əmələ gəlir. Daşlar həm kiçik (3 mm-dək), həm də iri (15 sm-dək) ölçülərdə ola bilər.

Uroloqun bildirdiyinə görə, böyrəklər və sidikçıxarıcı yolların problemləri uroloji xəstəliklər silsiləsinə daxildir. Amma böyrək və sidik yollarının daş xəstəliyi günümüzdə daha aktualdı: “Bu xəstəliklə əlaqədar hər yaş qrupundan insanlar şöbəmizə müraciət edir. Belə ki, problem genetik xarakter də daşıyır. Ata və ya anada böyrək daşları olarsa, uşaqda da buna meyillilik yaranar. Xəstəliyin digər yaranma səbəbləri isə mədə-bağırsaq problemləri və bu bölgədə aparılan əməliyyatlar, piylənmə, fiziki aktivliyin az olmasıdır. Bütün bunlar böyrək daşının əmələ gəlməsində risk faktorudur”.

Həkimin sözlərinə görə, xəstəliyin yaranma səbəblərindən biri də bəzi vitaminlərin normadan artıq qəbuludur. Xəstəliyin qarşısını nisbətən almaq üçün gündəlik iki litr və daha çox su içmək lazımdır. Su böyrək daşı riskinin qarşısını alır. Gündəlik su içənlərin 60 faiz özlərini böyrək daşı xəstəliyindən qorumuş olurlar: “Əgər yaşa görə bölsək, bu problemə əsasən orta yaşlarda daha çox rast gəlinir. Lakin bəzi hallarda 1-2 yaşlı uşaqlarda da maddələr mübadiləsi və hormonal pozuntuların nəticəsində böyrək daşı yarana bilər”.

Xəstəliyin əlamətlərinə gəlincə, əksər hallarda onlar ağrı tutmaları, sidik ifrazı zamanı meydana çıxan pozuntular və bir sıra digərləridir. F.Əhmədovun dediyinə görə, əgər böyrək daşı sidikçıxarmaya mane olursa, o zaman şiddətli ağrılarla özünü büruzə verir: “Elə hallar da olur ki, daş sidikçıxarmaya problem törətmir və xəstənin problemdən xəbəri olmur. İllərlə bu daşlar orqanizmdə böyüyür, sidik kanalının yolunu tutduqda ağrılar yaranır və xəstə həkimə müraciət edir ki, bu zaman da daş aşkarlanır”.

Böyrək daşı xəstəliyini mütləq müalicə etmək lazımdır. Müalicə edilmədiyi halda onun fonunda pielonefrit xəstəliyi də inkişaf edə bilər. F.Əhmədovun sözlərinə görə, təbabətdə böyrək daşını əridən preparatlar yoxdur. Ancaq daşın əmələ gəlməsinin qarşısını alan profilaktik dərmanlar var ki, bunlar da əksər hallarda işə yarayır: “Biz kiçik ölçülü daşları nəzarət altında saxlayırıq, bəzi profilaktik dərmanlarla böyüməsinin qarşısını ala bilirik. 5 mm-dən 1 sm-ə qədər olan daşları cərrahi müdaxilə və ya hansısa bir preparatla müalicə etməyə ehtiyac görmürük. Daşın ölçüsü 1 sm-dən böyükdürsə, sidik yollarını tutursa, xəstənin böyrəyinə ciddi zərər verirsə, bu daşları cərrahi əməliyyat vasitəsilə xaric edirik. Təbabətin yeniliklərinə əsasən, 95 faiz hallarda endoskopik müdaxiləyə üstünlük veririk. Hansısa bir kəsik aparmadan, cərrahi müdaxilə edirik. 3 sm-ə qədər olan böyrək daşlarını kəsik aparmadan, endoskopik olaraq, lazerlə parçalayırıq. Xəstəyə stend qoyulur. O, sidiyə getdikcə, tədricən kiçik qırıntılar şəklində daşları xaric olunur. 3 sm-dən böyük olan böyrək daşlarını isə perkutan nefrolitotomiya əməliyyatı yolu ilə icra edirik. Bu zaman böyrək nahiyəsində 1 sm-lik deşik açılır və daşlar qırılıb, çıxarılır”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: