Urmiyalı həkimlər Naxçıvana səfərə gəlib

353

İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinin Urmiya şəhərində fəaliyyət göstərən özəl “Azərbaycan” xəstəxanasının yüksəkixtisaslı həkim heyəti Naxçıvana səfərə gəlib.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən NUHÇIXAN-a bildirilib ki, Şahtaxtı gömrük məntəqəsində qarşılanan qonaqlar əvvəlcə Şərur Rayon Mərkəzi Xəstəxanası ilə tanış olublar. Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva məlumat verib ki, bu gün muxtar respublikada əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi dövlət qarşısında duran ən mühüm vəzifələrdəndir. Aparılan genişmiqyaslı islahatlar çərçivəsində səhiyyə ocaqları üçün yeni binalar tikilir, mövcud binalar yenidən qurularaq ən müasir tibbi avadanlıqlarla təchiz olunur. Şərur Rayon Mərkəzi Xəstəxanası da belə səhiyyə müəssisələri sırasındadır. Ötən il burada əsaslı təmir işləri aparılıb, müasir tibbi avadanlıqlar müayinə və müalicə işlərinin yüksək səviyyədə təşkilinə imkan verir.

Hazırda Şərur Rayon Mərkəzi Xəstəxanası ilə yanaşı, Aşağı Aralıq kənd sahə xəstəxanası, 27 həkim ambulatoriyası 33 feldşer-mama məntəqəsi rayon sakinlərinə tibbi xidmət göstərir. Son illər həmin müəssisələr keyfiyyətli tibbi xidmət göstərilməsinə imkan verən bütün zəruri avadanlıqlarla təmin edilib.

Günün ikinci yarısında qonaqlar Naxçıvan şəhərində fəaliyyət göstərən səhiyyə müəssisələrində olublar. Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzi ilə tanışlıq zamanı məlumat verilib ki, bu səhiyyə müəssisəsi dünya təcrübəsindən bəhrələnərək tibbi xidmətin müasir səviyyədə təşkilinə öz töhfələrini verir. Müasir avadanlıqlarla təchiz olunmuş və yüksəkixtisaslı həkimlərin çalışdığı xəstəxanada ginekoloji xəstəliklərin vaxtında aşkar edilməsi, müalicə işinin düzgün və səmərəli qurulması üçün profilaktik müayinə tədbirləri getdikcə gücləndirilir. Nəticədə ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika müşahidə olunur.

Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzi ilə tanışlıq zamanı qonaqlara bildirilib ki, bu səhiyyə müəssisəsi 2009-cu ildə tam müasir tələblərə cavab verən binaya köçürülüb, onkoloji xəstəliklərin diaqnostikası və müalicəsi üçün müasir tələblərə cavab verən aparatlar quraşdırılıb. Hazırda mərkəzdə süd vəzi xərçənginin diaqnostikası üçün ultrasəslə müayinə, rəqəmsal mamoqrafiya aparatları, histoloji və sitoloji laboratoriya fəaliyyət göstərir. Həmçinin mərkəzdə rəqəmsal rentgen aparatı quraşdırılıb, şüa müalicəsinin ROKS – AM aparatı vasitəsilə aparılması təmin edilib. Onkoloji xəstəliklərin diaqnostikası və müalicəsinin yüksək səviyyədə təşkil olunması üçün müasir standartlara tam cavab verən qısa məsafəli Rentgen terapiya aparatı qurulub.

Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində muxtar respublikanın səhiyyə sistemində aparılan islahatlar barədə məlumat verilib. Bildirilib ki, cari il iyunun 1-dən publik hüquqi şəxs kimi fəaliyyət göstərən bu müəssisə çoxprofilli stasionar və ambulator tibbi yardım göstərən müalicə və profilaktika təyinatlı müəssisədir. Burada muxtar respublikanın yerli kadrları xəstələr üzərində açıq ürək, angioqrafiya, laparoskopik, TUR, LOR, göz və digər mürəkkəb cərrahi əməliyyatları uğurla həyata keçirirlər.

Nümayəndə heyəti sonra Naxçıvan şəhərinin görməli yerləri ilə tanış olub. Tədbir dünya səhiyyəsinin aktual məsələlərinə həsr olunmuş elmi-praktik konfransla davam etdiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: