Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq sosial yardım sistemində aparılan islahatlar bu sistemdə ünvanlılığın, şəffaflığın və sosial ədalətin tam bərqərar olmasına yönəlib. Əsas hədəflər, həmçinin ünvanlılıq prinsipi pozulmaqla təyin olunmuş yardımların dayandırılması, digər tərəfdən, sosial yardıma ehtiyacı olsa da bu yardımı ala bilməyən ailələrin sosial yardıma əlçatanlığının təmin edilməsi, yardım alan ailələrin potensial imkanları müqabilində özünüməşğulluq proqramına transfer olunmasıdır.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN-a bildirilib ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi məqsədilə yaradılmış İşçi Qrupunun növbəti iclasında deyib.
Nazir diqqətə çatdırıb ki, İşçi Qrupu yaradıldıqdan sonrakı dövrdə mövcud vəziyyət araşdırılmaqla nəticəsinə uyğun qısamüddətli və ortamüddətli dövr üzrə atılacaq addımlar müəyyən edilib. Ünvanlı dövlət sosial yardım mexanizminə neqativ təsir edən hallar aşkarlanaraq onların aradan qaldırılması, vətəndaşlarda narazılıq yaradan belə hallara yol vermiş əməkdaşlarla bağlı inzibati tədbirlərin görülməsi, sosial yardımların təyinatında ciddi nöqsanlara yol verdiyi müəyyənləşmiş Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi rəhbərlərinin işdən azad edilməsi, sosial yardım almaq üçün müraciət etmiş ailələrin maddi-məişət şəraitinin müayinəsinin şəffaf şəkildə təşkili, həmin müayinəni həyata keçirən əməkdaşların fəaliyyətinə nəzarətin gücləndirilməsi və s. istiqamətlərdə müvafiq işlər aparılıb. Bu işlər hazırda da davam etdirilir.
S.Babayev bildirib ki, ünvanlı sosial yardım alan ailələrin təxminən 40 faizinin tərkibində əmək qabiliyyətli insanlar var. Belə ailələrin özünüməşğulluq proqramına geniş şəkildə cəlb olunması üçün təkmil və səmərəli iş mexanizmi hazırlanmaqdadır. Ümumilikdə, sosial yardım sisteminin təkmilləşdirilməsi, sosial yardım proqramının sosial cəhətdən daha həssas ailələrə, əlilliyi olan insanlara yönəldilməsi, sosial yardım üçün müraciət prosedurunun sadələşdirilməsi əsas fəaliyyət istiqamətlərindən biridir. Bu məqsədlə, habelə ünvanlı sosial yardım proqramının özünüməşğulluq və digər aktiv əmək bazarı proqramları ilə əlaqələndirilməsinin təmin edilməsi üçün müvafiq qanunvericilik aktlarında da təkmilləşdirmələr aparılması nəzərdə tutulub.
İclasda İşçi Qrupunun gördüyü işlər, yeni araşdırmaların nəticələri, hazırlanan yeni qanunvericilik layihəsi müzakirə olunub, müvafiq tapşırıqlar verilib.