Ümumtəhsil məktəblərində psixoloji xidmət müzakirə edilib

324

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutu muxtar respublikanın Təhsil Nazirliyi ilə birlikdə “Ümumtəhsil məktəblərində psixoloji xidmətin təşkili və səmərəliliyinin artırılması” mövzusunda elmi-praktik konfrans keçirib.

Konfranda Naxçıvan Müəllimlər İnstitutunun rektoru Elbrus İsayev bildirib ki, müasir təhsilin qarşısında duran əsas vəzifələrdən biri psixoloji sağlam, sabahkı inkişafa hazır, təbiətdə və cəmiyyətdə gedən proseslərin dərketmə qabiliyyətinə malik sağlam nəsil yetişdirməkdir. Buna görə də ümumtəhsil məktəblərində psixoloqların işinin  keyfiyyətinin yüksəldilməsi mühüm məsələlərdən biridir. Məktəblərdə psixoloji xidmət işinin tətbiqinin məqsədi tədris və tərbiyənin keyfiyyətini artırmaq, şagirdin fiziki və psixoloji sağlamlığının qorunması işini təmin etməkdən ibarətdir.

Elbrus İsayev Müəllimlər İnstitutunda sosiloji-psixoloji sahədə kadr hazırlığı məsələsindən ətraflı bəhs edib, gələcəkdə bu sahədə peşəkar mütəxəssislərin hazırlanması üçün mühüm tədbirlərin həyata keçiriləcəyini bildirib.

Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov qeyd edib ki, ümumtəhsil məktəblərinin psixoloq kadrları ilə təmin olunması diqqətdə saxlanılıb, 2018-ci ildən etibarən isə psixoloqların ümumtəhsil müəssisələrinə işə qəbulu müsabiqə yolu ilə aparılır. Hazırda ümumtəhsil müəssisələrində 177 psixoloq fəaliyyət göstərir. Onun da 13-ü müsabiqə yolu ilə işə qəbul olunub.

Təhsil naziri onu da bildirib ki, məktəb psixoloqları içərisində öz işinə daha ciddi yanaşan, yaradıcı, yenilikçi psixoloqlarla yanaşı, öz işinin öhdəsindən gələ bilməyən və vəzifə funksiyalarını düzgün icra etməyən psixoloqlar da var. Nəzərə alınmalıdır ki, gənc və yeniyetmələrin inkişaf dövrünün əsas mərhələsi məhz məktəb dövrünə təsadüf edir. Bu mərhələdə şagirdlərin qarşısına çıxan problemlərin məktəb psixoloqlarının köməyi ilə düzgün diaqnostika və korreksiya edilməsinə böyük ehtiyac var. Buna görə də məktəb psixoloqlarının yerinə yetirməli olduğu vəzifə hər bir məktəbdə xüsusi rol oynayır və bu vəzifənin nə qədər vacib olduğunu aktuallaşdırır.

Konfransın keçirilməsində məqsəd məktəb psixoloqlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsidir.

Müxtəlif mövzularda edilən məruzələrdən sonra konfrans iştirakçıları İnstitutun psixologiya laboratoriyası ilə tanış olublar.

Qeyd edək ki, müəllimlər institutunda ümumtəhsil məktəblərinin 25 psixoloqunun iştirakı ilə 1 həftəlik təlim kurslarına başlanılıb.

Əbülfəz Dünyamalıyev

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: