Ümummilli lider Heydər Əliyevə həsr olunmuş rəsm sərgisinin açılışı olub

129

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş rəsm sərgisi açılıb.

NUHÇIXAN xəbər verir ki, mayın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov rəsm sərgisinə baxıb.

Məlumat verilib ki, sərgidə 32 rəssamın Ulu Öndərə həsr olunmuş portretləri, Naxçıvan Muxtar Respublikasının tarixi abidələrini, təbiətini və müasir inkişafını əks etdirən mənzərə, natürmort, qarışıq kompozisiya janrlarında çəkilmiş 100-ə yaxın rəsm əsəri, eləcə də maket və dekorativ fiqurlar nümayiş olunur.

Azərbaycan Respublikasının Əməkdar Rəssamı Ülviyyə Həmzəyevanın “Naxçıvan bəşəriyyətin beşiyi”, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamlarından Həbibə Allahverdiyevanın, Həmzə Sadiqovun, Əli Səfərlinin Ümummilli Liderə həsr olunmuş əsərləri, Paşa Rəhimovun “Ümummilli Liderin mənzərə fonunda portreti”, Eldar Zeynalovun “Mənalı ömür”, Qəhrəman Tağıyevin “Naxçıvan”, gənc rəssamlardan Arzu Novruzovun, Ləman Məmmədovanın, Tural Rəhimovun və digər rəssamların əsərləri maraqla qarşılanıb.

Ali Məclisin Sədri ümummilli lider Heydər Əliyevin muncuqla işlənmiş portretini Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinə hədiyyə edib.

Ali Məclisin Sədri ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş sərgidə nümayiş olunan əsərlərin məzmun və xaraktercə düzgün seçildiyini, rəssamların Ulu Öndərə olan ehtiramının hər bir əsərdə ifadə olunduğunu bildirib, sərginin təşkilatçılarına və rəssamlara təşəkkür edib.

Azərbaycan Respublikasının Əməkdar Rəssamı Ülviyyə Həmzəyeva rəssamların fəaliyyəti üçün yaradılan şəraitə görə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvləri adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: