Ulu Öndərin Azərbaycanda rəhbərliyə gəlməsinin ildönümü Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində qeyd edilib
NUHÇIXAN xəbər verir ki,Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyində Ulu öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsinin 49-cu ildönümü qeyd edilib.
Tədbirdə Daimi Nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov çıxış edib. Bəxtiyar Əsgərov qeyd edib ki, ümummilli lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçilməsi ilə respublika həyatında yeni inkişaf mərhələsinin əsası qoyulmuşdur. İqtisadi və sosial həyatın bütün sahələrində dahi şəxsiyyətin rəhbərliyi ilə həyata keçirilən kompleks islahatlar qısa zaman müddətində ittifaq respublikaları içərisində Azərbaycanı inkişaf dinamikasına görə öncül mövqeyə yükəltmiş, güclü sənaye-aqrar potensialı yaradılmışdır.
Nümayəndəliyin rəhəbri bildirib ki, əslində ulu öndərin bu dövrdə ölkəmizə rəhbər seçilməsi Azərbaycanın qurtluş tarixinin başlanğıcı kimi qəbul olunmalıdır. Çünki ötən əsrin 70-80-ci illərində yaradılan iqtisadi və milli-mədəni potensial ölkəmizin gələcək müstəqiliyinin əsasını qoymuşdur. Sonralar həmin dövrdə həyata keçirdiyi tədbirlərdən danışan ulu öndər Heydər Əliyev demişdir: “Bəli, mən istəyirdim ki, Azərbaycan müstəqil olsun. Hər şeydən əvvəl, iqtisadi cəhətdən. Çünki istənilən müstəqilliyin əsasında iqtisadiyyat durur”.
1969-cu ildən başlanan kompleks inkişaf dinamikası Azərbaycanın digər regionları ilə yanaşı Naxçıvan Muxtar Respublikasını da öz əhatəsinə almışdı. Muxtar respublikada sənaye, tikinti-quruculuq və aqrar sənaye kompleksinin inkişafına nail olunmuş, emal və hasilat şəbəkəsi genişlənmişdir. Ümumilikdə regionun inkişaf perspektivlərini artırmaq məqsədilə müxtəlif təyinatlı yüzlərlə müəssisə yaradılmış, əhalinin işlə təminatına və sosial rifahının yaxşılaşdırılmasına nail olunmuşdur.
Bəxtiyar Əsgərov nəzərə çatdırmışdır ki,ümummilli liderimizin keçmiş Sovetlər Birliyi dönəmində Azərbaycan naminə həyata keçirdiyi tədbirlər bugünkü müstəqilliyimizin təməl daşlarıdır. Ötən əsrin 90-cı illərində ölkəmizin parçalanmaq, vətəndaş müharibəsi, hərc-mərcliyə, xaos və anarxiyaya sürükləndiyi zamanda ümummilli liderimiz növbəti dəfə canı qədər sevdiyi Azərbaycanı xilas etdi, Naxçıvandan başlanan qurtuluş mübarizəsi Azərbaycanın əbədi müstəqilliyinə təminat verdi. Görkəmli dövlət xadimi Heydər Əliyevin 1990-cı il iyul ayının 22-də muxtar respublikaya gəlişi naxçıvanlılara böyük ümid və sevinc bəxş etdi. Ümummilli liderimizin Vətənə – Naxçıvana qayıdışı Azərbaycanı Azərbaycana qaytarmaq missiyasının başlanğıcı, istinad nöqtəsi olmuş, müstəqilliyimizin təməl daşları Naxçıvanda qoyulmuşdur. Bu baxımdan ümummilli liderimiz Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi 70 illik imperiya əsarətinə son qoyan Azərbaycanın qurtuluş və müstəqillik tarixində mühüm mərhələdir.
Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasının, ölkənin düşdüyü bəlalardan xilasının yeganə yolunun Heydər Əliyev quruculuq xəttinə qayıdışdan ibarət olduğunu dərk edən xalqımız 1993-cü ildə ümummilli liderimizi təkidli tələblə respublika rəhbərliyinə dəvət etdi. Əgər xalqın tələbi ilə ulu öndərimizin hakimiyyətə qayıdışı gerçəkləşməsəydi, indi biz müstəqil, qüdrətli, daim tərəqqi edən Azərbaycan dövlətindən danışa bilməzdik. Ümummilli liderimizin siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdəki özbaşınalığa, anarxiyaya, xaosa son qoyulmuş, Azərbaycan 1969-cu ildən başlanan quruculuq xəttinə qayıtmışdır. Bir sözlə, 1969-cu ildən başlanan quruculuq xəttinin 1993-cü ildən sonra davam etdirilməsi hərtərəfli inkişaf edən, dünyada söz sahibinə çevrilən müstəqil Azərbaycan dövlətinin daha da güclənməsinə səbəb olmuşdur.
“Sevindirici haldır ki, əsası 1969-cu ildə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş milli inkişaf konsepsiyası bu gün ölkəmizdə uğurla davam etdirilir. Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə görülən işlər ölkəmizi günü-gündən irəliyə doğru aparır. Artıq Azərbaycan beynəlxalq arenada söz sahibidir.”
Rəhbər vurğulamışdır ki,Heydər Əliyev ideyaları, Heydər Əliyev yolu Naxçıvanda da yeni inkişaf erasının başlanmasına rəvac verib, muxtar respublikamızda Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi nəticəsində əsl intibaha nail olunub. “Mənim ayrıca bir fəaliyyət proqramım olmayacaqdır. Fəaliyyətimi görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçilik proqramının Naxçıvanda dönmədən həyata keçirilməsinə həsr edəcəyəm”, – deyən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə muxtar respublikanın keçdiyi inkişaf yolu ulu öndərin ideyalarına sadiqliyin təcəssümüdür. Son illər Naxçıvan Muxtar Respublikasında minlərlə istehsal, xidmət və digər infrastruktur müəssisəsi yaradılmış, avtomobil yolları çəkilmiş, yeni məktəb binaları, səhiyyə müəssisələri, böyük idman obyektləri istifadəyə verilmiş, ordu quruculuğu sahəsində kompleks işlər görülmüşdür. İqtisadiyyat dinamik inkişaf yoluna çıxmış, orta aylıq əməkhaqqı bir neçə dəfə artırılmış, sosial proqramlar qəbul edilərək uğurla icra olunmuş, bir sözlə, ulu öndərin arzuları gerçəkləşdirilərək inkişafın “Naxçıvan modeli” yaradılmışdır.
Bir ay öncə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun böyük ruh yüksəkliyi ilə keçirdiyi əks əməliyyat nəticəsində əldə etdiyi Günnüt Zəfəri barədə danışan nümayəndəliyin rəhbəri xüsusi olaraq diqqətə çatdırmışdır ki,bu qələbənin əsası məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və qazanılan qələbələr Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf etdirilən qüdrətli,şanlı Azərbaycan Ordusunun sayəsində əldə edilmişdir.Natiq vurğulamışdır ki,Ali Məclisin Sədri,Naxçıvan Muxtar Respublikasının Təhlükəsizlik Şurasının Sədri Cənab Vasif Talıbovun Ordu ilə qırılmaz təması,qayğısı sayəsində Əlahiddə Ordunun şəxsi heyətinin hərtərəfli təminatın və ruh yüksəkliyinin əldə edilməsinə,qələbənin davamlı olacağına möhkəm inam yaratmış və yaratmaqdadır.
Ümummilli liderimiz Heydər Əliyev tək qüdrətli Azərbaycan dövləti yaratmayıb, o, həmçinin bu dövlətin gələcək inkişaf konsepsiyasını müəyyənləşdirmişdir. Bu gün əsas nailiyyətimiz sayılan ictimai sabitliyin davamlı prosesə çevrilməsi, onilliklər boyu xalqın sosial rifah halını təmin edən yeni neft strategiyasının hazırlanması, qeyri-neft sektorunun inkişaf etdirilməsi və bu kimi proseslər ulu öndərin dövlətçilik konsepsiyasının tərkib hissəsidir. Ümummilli liderimizin siyasi fəaliyyəti Azərbaycana xidmətin ən kamil nümunəsidir. Bu siyasi xətti uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanı daha böyük uğurlar, nailiyyətlər gözləyir.
Tədbir digər çıxışlarla davam etdirilib.