Azərbaycan dünyanın zəngin təbii sərvətlərinə malik olan ölkələrindən biridir. Ancaq etiraf etməliyik ki, xalqımız bu sərvətdən yalnız XX əsrin sonralarında – müstəqillik qazandıqdan sonra tam bəhrələnmək imkanı əldə edib. Bu imkanı reallığa çevirən isə ulu öndər Heydər Əliyev dühasının məhsulu olan yeni neft strategiyamız və həmin strategiyanın reallaşdırılması üçün hazırlanmış neft diplomatiyasıdır.
1994-cü ilin 20 sentyabrında Bakı şəhərinin “Gülüstan” sarayında XX əsrin ən böyük iqtisadi layihələrindən olan, tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adı ilə bütün dünyada məşhurlaşan saziş imzalandı. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair sazişin imzalanması həm də neft sənayesi infrastrukturunun xeyli yaxşılaşdırılmasına imkan yaratdı. Digər tərəfdən, “Əsrin müqaviləsi” sonralar dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanmasına yol açaraq, ilk növbədə, Azərbaycan dövlətinin inkişafında və xalqımızın rifahının yüksəlməsində mühüm rol oynadı. “Əsrin müqaviləsi” Azərbaycanın bir dövlət kimi siyasi və iqtisadi təhlükəsizliyinin təmin olunmasına, dünya iqtisadi sisteminə qoşulmasına və beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə əlverişli şərait yaratdı. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Əsrin müqaviləsi” məhz Azərbaycanın dövlət müstəqilliyinin əldə olunmasından irəli gəlmiş tarixi hadisədir. Biz sübut etdik ki, Azərbaycan etibarlı tərəfdaşdır. Biz sübut etdik ki, Azərbaycana xarici sərmayənin gəlməsi və istifadə olunması üçün burada bütün imkanlar yaradılıbdır. Biz sübut etdik ki, Azərbaycana gələn hər bir iş adamı, şirkət, vətəndaş burada azad, sərbəst, rahat işləyə və yaşaya bilər. Biz bu müqaviləni imzaladıq və sübut etdik ki, Azərbaycan xalqının milli mənafeləri üçün çalışırıq və ona görə də bu cür nailiyyətləri əldə etməyə qadirik”.
“Əsrin müqaviləsi”nin imzalanması üçün bir sıra məsələlərin əvvəlcədən öz həllini tapması vacib idi. Bunlardan birincisi ölkədə ictimai-siyasi sabitliklə yanaşı, iqtisadi sabitliyin, inkişafın, onun dayanıqlılığının təmin olunması idi. 1993-cü ildə Azərbaycanda xalqın tələbi ilə ikinci dəfə ali hakimiyyətə qayıdan ulu öndərimizin xilaskarlıq missiyasının əsas hədəflərindən biri də o zamana qədərki xaos və anarxiya mühitində məhv olmuş iqtisadiyyatı yenidən canlandırmaq, insanları düçar olduqları maddi çətinliklərdən xilas etmək idi. Dahi şəxsiyyət ölkəni təlatümlərdən, parçalanmaqdan, yox olmaqdan xilas etdi və sabitliyi bərpa etdi. Xarici neft şirkətləri həmin dövrdə məhz ulu öndərimiz Heydər Əliyevin siyasi iradəsinə sığınaraq Azərbaycana üz tutdular.
Dahi şəxsiyyətin işləyib hazırladığı yeni neft strategiyasının reallaşdırılmasında Onun ən böyük silahdaşı məhz o zamanlar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti olan cənab İlham Əliyev idi. Həmin dövrdə Vaşinqton, Nyu-York, Hyuston, Dallas, İstanbul və digər şəhərlərdə iri neft şirkətlərinin rəhbərləri ilə səmərəli görüşlər keçirən və danışıqlar aparan cənab İlham Əliyev xalqımızın milli maraqlarını tam təmin edən müqavilə şərtlərinin əldə edilməsi üçün gərgin əmək sərf etmişdir.
Ulu öndər Heydər Əliyevin neft strategiyasının əsas istiqamətlərindən biri də Azərbaycan neftinin dünya bazarına nəqli yollarının dəqiq müəyyənləşdirilməsi idi. Xalqımızın və dövlətimizin mənafelərinin uzunmüddətli şəkildə qorunması, genişmiqyaslı beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı, regionda neft hasilatının artması ilə əlaqədar neftin dünya bazarlarına nəqlinin təmin edilməsi məqsədi ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri layihəsi əsas götürüldü və geridə qalan illər sübut etdi ki, bu variant həqiqətən Azərbaycanın maraqlarını tam təmin edir.
Ümummilli liderimizin qətiyyəti sayəsində çox böyük maneələrə baxmayaraq, 2002-ci il sentyabrın 18-də Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin təməli qoyuldu. Təxminən, üç il sonra, 2005-ci ilin mayında kəmərin Azərbaycan ərazisindən keçən hissəsinin istifadəyə verilməsi mərasimi keçirilib və boru xəttinə ilk neft vurulub. Həmin ilin oktyabrında isə kəmərin Gürcüstan hissəsi istifadəyə verilib. 2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatıb və iyulun 4-də neftlə yüklənmiş ilk tanker buradan yola salınıb.
“Üç dəniz əfsanəsi” adlandırılan və strateji əhəmiyyəti ilə seçilən layihənin əfsanədən gerçəkliyə çevrilməsi ötən qısa zaman kəsiyində Azərbaycana çox böyük siyasi və iqtisadi qazanclar gətirib. Bu gün böyük enerji ixracatçısına çevrilmiş Azərbaycanda hasil olunan karbohidrogen ehtiyatları neft-qaz boru kəmərləri, terminallar və dəmir yolu vasitəsilə Avropa və dünya bazarlarına çatdırılır. Dünyada gedən iqtisadi proseslərin, nəhəng enerji layihələrinin fəal iştirakçısına və mərkəzinə çevrilmiş Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası ilbəil daha da sürətlənir, ölkəmiz dünyanın enerji təhlükəsizliyinə mühüm töhfələr verir. Son illərdə öz geosiyasi və iqtisadi əhəmiyyəti ilə seçilən TANAP, TAP kimi iri transmilli layihələrin reallaşdırılmasında Azərbaycanın söz sahibinə çevrilməsi və əhəmiyyətli paya malik olması, “XXI əsrin layihəsi” hesab edilən “Şahdəniz-2” layihəsinin reallaşdırılması da əsası “Əsrin müqaviləsi” ilə qoyulan böyük neft strategiyasının davamıdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “1994-cü ildə “Əsrin müqaviləsi” imzalanarkən bəziləri bunun uğuruna inanmırdı və hesab edirdilər ki, müqavilə elə kağız üzərində qalacaq. Çünki onun həyata keçirilməsi üçün təkcə iqtisadi deyil, eyni zamanda, siyasi və coğrafi-siyasi məsələlər öz həllini tapmalı idi. Heydər Əliyevin neft strategiyası və Heydər Əliyev diplomatiyası qarşımızda duran bütün məsələlərə nail olmaq üçün imkan yaratdı“.
Görkəmli dövlət xadimi Heydər Əliyevin əsasını qoyduğu neft strategiyasının uğurla davam etdirilməsi istiqamətində ötən il daha bir tarixi müqavilə imzalanıb. 2017-ci ilin sentyabr ayının 14-də Bakı şəhərindəki Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında sazişin imzalanması mərasimi keçirilib. Hasilatın Pay Bölgüsü haqqında düzəliş edilmiş və yenidən işlənmiş sazişə əsasən “Azəri-Çıraq-Günəşli” yataqlarına 40 milyard dollardan artıq sərmayə qoyulacaqdır.
“Əsrin müqaviləsi” Azərbaycana indiyədək olduğu kimi, neftdən gələn gəlirləri qeyri-neft sektoruna yönəltmək imkanı verəcək. Bununla da respublikamız bir çox neft hasil edən ölkələrdən fərqli olaraq nefti insan kapitalına çevirə bilən dövlət imicini qoruyub saxlayacaq. Eyni zamanda “Əsrin müqaviləsi” Azərbaycanın müstəqil dövlət kimi öz sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmində olduğunu təsdiqləyən tarixi sənəddir. Bu gün Azərbaycanın enerji siyasəti regional müstəvidən çıxaraq qlobal müstəviyə yüksəlib. Azərbaycan neft-qaz ixrac edən ölkə kimi dünya birliyi üçün etibarlı tərəfdaşa, enerji təhlükəsizliyi məsələlərində isə fəal subyektə çevrilib. Ötən illərdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına, Avropa Şurasının Nazirlər Komitəsinə və bir sıra mötəbər beynəlxalq təşkilatlara sədrlik etməsi, onun beynəlxalq nüfuzunun göstəricisidir. Bu gün Azərbaycan “Böyük iyirmilər”in sammitinə dəvət edilir. Azərbaycan kosmik ölkələr ailəsinin üzvüdür. Bakı və Naxçıvan dünyanın mütərəqqi təşkilatlarının tədbirlərinə ev sahibliyi edir. Ölkəmizin həm siyasi, həm də iqtisadi reytinqi gündən-günə artır. Bütün bunların hamısı ölkədə aparılan hərtərəfli islahatların, ən başlıcası isə ulu öndər Heydər Əliyevin neft strategiyasının bəhrələridir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Hər bir dövlətin müstəqilliyinin dayanıqlı olması onun iqtisadi potensialından da asılıdır. Azərbaycanın tam müstəqil dövlət olması üçün onun iqtisadi inkişafının da əsaslarını hazırlayan ulu öndərimiz qısa müddətdə islahatların aparılmasına nail olmuş, davamlı inkişaf üçün böyük maliyyə imkanları yaradan neft strategiyasını işləyib hazırlamış, Azərbaycan regionda həyata keçirilən qlobal layihələrin təşəbbüsçüsü və fəal iştirakçısı rolunu oynamağa başlamışdır. O zaman nəhəng neft-qaz layihələrinin əfsanədən reallığa çevrilməsi müstəqil Azərbaycanın gələcəyi, Azərbaycan xalqının xoşbəxtliyi uğrunda atılmış addım kimi tarixə düşmüşdür”.
Rauf KƏNGƏRLİ