Uğurlu gənclər siyasətinin parlaq gələcəyi

444

Gənc müəllim, həkim, mühəndis, polis, dövlət qulluqçusu, əsgər… Hər şey gənclikdən başlayır. Gənclik elə bir qüvvədir ki, bir dövrü belə dəyişmək gücünə  malikdir.

Ötən əsrin 90-cı illərinin əvvəllərində dünyada, o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi vəziyyət getdikcə dəyişməyə başladı. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən gənc nəslin vahid bir mərkəzdən idarə olunması üçün 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyi yaradıldı. Yalnız bundan sonra bu sahənin inkişaf prosesi sürətləndi, gənclərlə iş sahəsində yeni strukturlar formalaşmağa başladı. Gənc nəslin mənəvi tərbiyəsi və fiziki inkişafı, hüquqlarının müdafiəsi, onların beynəlxalq aləmdə iştirakı təmin edildi, gənclər təşkilatları ilə iş gücləndirildi, bir sıra dövlət proqramları qəbul edildi. Gənclər siyasətinin davamı olaraq Ulu öndər tərəfindən imzalanan Sərəncama əsasən 2 fevral Azərbaycanda Gənclərin ilk forumunun keçirilməsi qərara alındı. Bu forumun keçirilməsində əsas məqsəd dövlət gənclər siyasətinin uğurla icra olunması, gənclərə dövlət qayğısının artırılması, ölkə gənclərinin hər bir sahədə fəal iştirakını təmin etmələrinə şərait yaratmaq idi. 1997-ci ilin fevralın 1-də Gənclərin I forumunun ildönümü münasibətilə bir qrup gənci qəbul edən ümummilli lider Heydər Əliyev 2 fevralın Azərbaycanda Gənclər Günü kimi qəbul edilməsi barədə Sərəncam imzaladı. Forumda iştirak edən  ulu öndər öz çıxışında gənclərə bu cür  müraciət etdi: “Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifələr düşür, bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır. Siz, müstəqil Azərbaycanın XXI əsrdə yaradanlarsınız, quranlarısınız, inkişaf etdirənlərisiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq”.

Bu sözlər eyni zamanda, Azərbaycan gənclərinin qarşısında mühüm vəzifələr qoydu. Heç kəsə sirr deyil ki, gənclik bir millətin gələcəyinin yaşaması üçün təməl daşıdır. Bir millətin mövcudluğu üçün onun sağlam gəncliyinin olması vacibdir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı, intellektual səviyyəli gənc nəslin yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır.

Beləliklə, Azərbaycanda aparılan uğurlu dövlət gənclər siyasəti ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün bu siyasət ölkə başçısı tərəfindən məqsədyönlü şəkildə davam etdirilir. Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş dövlət proqramları bu sahənin nə qədər vacib və aktual olduğunu göstərir.

Tarixən hər bir xalq öz xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəslə bağlayır. Dünya ölkələrində gənclər sosial-iqtisadi inkişafın, cəmiyyətin islahatlarını hərəkətə gətirən əsas qüvvəsi hesab olunur. Bu gün Naxçıvan Muxtar Respublikasında gənclər siyasəti Ali Məclisin Sədri tərəfindən yeni mərhələni yaşayır. Muxtar respublika rəhbərinin fərmanı ilə potensiallı gənc  istedadların  dövlət qayğısı ilə hərtərəfli əhatə olunması bunun əyani nümunəsidir.

Muxtar respublikamızda aparılan iqtisadi inkişafın nəticəsidir ki, Naxçıvan bu gün regionun aparıcı simasına çevrilib. Aparılan hərtərəfli islahatlar, iqtisadi inkişaf bütün sahələrdə özünü göstərir. Bütün dövrlərdə olduğu kimi gənclərlə iş  sahəsi hər il yeni müstəvidə həm də sürətlə inkişaf etdirilir. Qəbul edilən qərar və sərəncamlar gənclərimiz tərəfindən alqışlarla qarşılanır. Bunun qarşılığında gənclərimiz muxtar respublikanın tanıdılmasında, mədəni kütləvi tədbirlərin keçirilməsində, ictimai-siyasi həyatında yaxından və fəal şəkildə iştirak edirlər. Nəticədə, 2018-ci il gənclərimiz üçün uğurlu il olaraq yaddaşlara həkk olundu. Naxçıvan beynəlxalq tədbirlərin, forumların, idman yarışlarının keçirildiyi bir məkana çevrildi.

Muxtar respublika gəncləri respublikanın  ictimai-siyasi həyatında yüksək fəallıq göstərərək, 2018-ci ildə Naxçıvana ölkənin Gənclər Paytaxtı statusunu qazandırdılar. Cari ilə İslam Mədəniyyəti Paytaxtı kimi qədəm qoyan doğma diyarımızda gənclər nümayiş etdirdi ki, onların internet resurslarından səmərəli istifadəsi muxtar respublikada gənclər üçün yaradılan şəraitin bir nümunəsidir.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşəbbüsü ilə Azərbaycan gənc oftalmoloqlarının elmi-praktik konfransının muxtar respublikamızda keçirilməsi ölkəmizin Gənclər Paytaxtı seçilmiş Naxçıvanda elmə, təhsilə, səhiyyəyə nə qədər önəm verdiyinin göstəricisidir. Gənclərimiz tərəfindən azərbaycançılıq məfkurəsinin düzgün dərk edilməsi Naxçıvanın strateji inkişaf hədəflərinə xidmət edən vacib amildir. Çünki muxtar respublikamızın inkişaf strategiyasının əsasında milli-ideoloji prinsiplər durur. Bu prinsiplər uzun illərdən dövrümüzədək qorunub saxlanılan milli irsimiz, tarixi ənənələrimizlə yanaşı, müasir dövrün çağırışlarına uyğun yeni hədəflərin, fikirlərin vəhdətində formalaşıb.

Qoca yüzilliyin gənc ölkəsinin gəncləri öz mədəni irsinə, kökünə, keçmişinə bağlı böyüyürlər. İsbat olunmuş teorem kimi: hər bir cəmiyyətin gəncləri öz mədəniyyəti ruhunda tərbiyə olunurlar. Məsələn, qədim Spartada gənclər nizam-intizamlığı və qəhrəmanlığı ilə seçilir, cəsarət ruhunda tərbiyə olunurdular.

Tarixən imperiyaların və sivilizasiyaların qovuşduğu məkanda yaşayan Azərbaycan xalqının həyat qaydası olan mübarizlik ruhu onun xarakterinə və düşüncəsinə hopub. Mübariz Azərbaycan gənci hər zaman ata-babalardan miras qalan öz milli adət-ənənəsini, tarixini və irsini qoruyaraq gələcək nəsillərə ötürüb. Cari ildə muxtar respublika gənclərinin əldə etdiyi uğurlar onu göstərir ki, Naxçıvan gəncliyi gündən-günə respublikamızın hər bir sahəsində uğur qazanmaqdadır. Məhz 2018-ci ildə idman sahəsində 311, gənclər sahəsində isə 292 tədbirin təşkil olunması, eyni zamanda 189 medalın qazanılması təsadüfi deyil.

Muxtar respublikamızda “Avropa günləri” çərçivəsində tam orta məktəblərdə, ali təhsil ocaqlarında bir sıra təqdimatların keçirilməsi Naxçıvanın mədəni həyatında xoş xatirə kimi iz buraxdı. Həmçinin gənclərimiz Avropa İttifaqını təşkil edən ayrı-ayrı dövlətlərin mədəniyyəti və tarixi haqqında yeni məlumatlar qazandılar. Naxçıvan şəhərində Türk Şurası Gənc Liderlərinin ilk forumunun keçirilməsi isə tarixi hadisə kimi yaddaşlara həkk olundu. Bu, onu göstərdi ki, qədim mədəniyyətə malik olan Naxçıvan bu gün bütün sahələrdə inkişaf edir, həmçinin diyarımız türk dünyasının elm, mədəniyyət və maarifçilik mərkəzinə çevrilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov forumda demişdir: “Elm, təhsil və mədəni inkişaf tarixən türk xalqlarını birləşdirib. “Kitabi-Dədə Qorqud” və “Manas” dastanları, Orxon-Yenisey, Qobustan və Gəmiqaya yazılı abidələri türk xalqlarının milli varlığının, təfəkkürünün və birliyinin ifadəsidir. Mövlana Cəlaləddin Rumi, Xoca Əhməd Yasəvi, Baba Nemətullah Naxçıvani kimi görkəmli mütəfəkkirlər ümumtürk mədəniyyətinin möhkəmlənməsinə öz töhfələrini vermişlər. Bu mədəniyyətdə payı olan Naxçıvan coğrafi cəhətdən də türk toplumlarının mərkəzində yerləşir. 2009-cu ildə Türkdilli ölkələrin dövlət başçılarının doqquzuncu zirvə görüşünün, bu gün isə Türk Şurası Gənc Liderlərinin ilk forumunun Naxçıvanda keçirilməsi mərkəz kimi Naxçıvanın əhəmiyyətini daha da artırır”. Ali Məclisin Sədri bütün bunları nəzərə alaraq Naxçıvanda Türk Universitetinin yaradılması təşəbbüsünü irəli sürüb. Bu isə gələcəkdə  Naxçıvanı həm də  türk dünyasının tələbə-gənclərini bir araya gətirəcək mərkəzə çevirəcək.

Göstərilən etimad qarşısında əldə edilən uğurlar nəticəsində aktiv və avanqard qüvvə kimi gənclərin muxtar respublikanın həyatında öncül yer tutmaları, yüksək hədəflərə çatmaq üçün yaradılan şəraitdən istifadə bizlər üçün zəngin bazadır. Bu, əbədi  gəncliyin hər zaman arzularla, ideyalarla, yeni firiklərlərlə yaşamasına, parlaq uğurlar qazanacaqlarına əminlik yaradır. Məşhur romanda yazıldığı kimi: “Ey gənclik! Sənin taleyində hansı ulduz parlayır?!”.

Azad Cabbarov

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri,

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin sədri

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: