UEFA Çempionlar Liqası: Daha dörd klub növbəti mərhələyə vəsiqə qazanıb

126

Noyabrın 28-də UEFA Çempionlar Liqasının V turuna yekun vurulub.

NUHÇIXAN xəbər verir ki, turun mərkəzi qarşılaşması Fransa paytaxtındakı “Parc des Princes” stadionunda keçirilib. PSJ öz İngiltərənin “Liverpul” komandasını qəbul edib. İlk dəqiqələrdən oyuna nəzarət edən meydan sahibləri rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıblar. Bu hücumların biri qarşılaşmanın 13-cü dəqiqəsində öz bəhrəsini verib. Xuan Bernat fərqlənərək komandasını hesabda irəli çıxarıb – 1:0. Matçın 37-ci dəqiqəsində fransızlar hesab arasındakı fərqi artırıblar. Kilyan Mbappenin cinah ötürməsini komandanın əsas qol silahlarından olan Neymar dəqiq zərbə ilə tamamlayıb – 2:0. Oyunun birinci hissəsinin başa çatmasına bir dəqiqə qalmış İngiltərə təmsilçisi qollardan birinin əvəzini çıxıb. Baş hakimin təyin etdiyi 11 metrlik cərimə zərbəsini Ceyms Milner dəqiq zərbə ilə tamamlayıb – 2:1. Birinci hissə elə bu hesabla başa çatıb.

Fasilədən sonra hər iki komanda açıq futbola üstünlük verib. Komandaların cəhdlərinə baxmayaraq, ikinci hissədə qol olmayıb.

Qrupun digər oyununda “Napoli” doğma meydanda Serbiyanın “Srvena Zvezda” komandasına qalib gəlib – 3:1.

Bu qrupdan play-off mərhələsinə vəsiqə qazanacaq komandaların adlarına son turda aydınlıq gələcək. Sonuncu turda PSJ səfərdə “Srvena Zvezda”nın, “Napoli” isə “Liverpul”un qonağı olacaq.

Qrupa 9 xalla “Napoli” başçılıq edir. PSJ 8 xalla ikinci, “Liverpul” isə 6 xalla üçüncü pillələrdə qərarlaşıblar. “Srvena Zvezda”nın hesabında isə 4 xal var.

“A” qrupunda yer alan “Atletiko Madrid” klubu doğma azarkeşləri önündə Tyeri Anrinin çalışdırdığı “Monako”nu qəbul edib. Oyun 2:0 hesabı ilə madridlilərin qələbəsi ilə başa çatıb. “Atletiko”nun heyətində Qrizman və Badyaşil (öz qapısına) imza atıblar.

Qrupun digər oyununda “Borussiya Dormund” Belçika təmsilçisi “Brügge”ni qəbul edib. Görüş qolsuz heç-heçə ilə başa çatıb. Heç-heçəyə baxmayaraq, Almaniya təmsilçisi növbəti mərhələyə vəsiqə qazanıb.

Bu qrupda komandalın xalları belədir: “Atletiko Madrid” – 12 xal, “Borussiya Dortmund” – 10 xal, “Brügge” – 5 xal, “Monako” – 1 xal.

“D” qrupunda yer alan “Şalke” səfərdə turnir cədvəlinin lideri “Portu”nun qonağı olub. Qarşılaşma 3:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatsa da, hər iki komanda növbəti mərhələyə vəsiqə qazanıb. Buna səbəb isə “Lokomotiv”in “Qalatasaray” klubunu məğlub etməsidir (2:0). Bununla da İstanbul klubu pley-offa yüksəlmək şansını itirib. Hesabında 4 xal olan “Qalatasaray” ikinci pillədə qərarlaşan “Şalke”dən 4 xal geri qalır.

“D” qrupuna hesabında 13 xal olan “Portu” başçılıq edir. “Şalke” 8 xalla ikinci, “Qalatasaray” isə 4 xalla üçüncüdür. “Lokomotiv”in hesabında isə 3 xal var.

“B” qrupunda vaxtından əvvəl növbəti mərhələyə vəsiqə qazanan İspaniyanın “Barselona” klubu səfərdə Hollandiyanın PSV kollektivinin qonağı olub. Görüş kataloniyalıların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qrupun digər oyunda “Tottenhem” Milanın “İnter” komandasını minimal hesabla məğlubiyyətə uğradıb – 1:0. Bu qrupdan pley-off mərhələsinə vəsiqə qazanan ikinci komandanın adına son turda aydınlıq gələcək.

Bu qrupda məğlubiyyət üzü görməyən “Barselona” 13 xalla liderdir. “Tottenhem” və “İnter” hərəyə 7 xal toplayaraq ikinci-üçüncü yerləri bölüşürlər. PSV isə 1 xalla qrup sonuncusudur.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının altıncı turu dekabrın 12 və 13-də keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: