Türkiyəli qonaqlar Naxçıvan Dövlət Universitetində olublar

165

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN-a verilən məlumata görə, Türkiyə Respublikasının Şimal-şərqi Anadolu İnkişaf Agentliyinin nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində olub. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qonaqları salamlayaraq ali təhsil ocağında görməkdən məmnunluğunu ifadə edib. Qonaqlar universitetin kampusunu gəzərək, ali təhsil ocağının fakültələri ilə tanış olublar. Sonra İnformasiya-Kommunikasiya texnologiyaları mərkəzinə gələrək burada fəaliyyət göstərən kamera nəzarət sistemi, server və texniki təminat otaqlarının işi ilə yaxından maraqlanıblar.

Universitetin Media Mərkəzində olan qonaqlara mərkəzdə fəaliyyət göstərən “Universitet” televiziyası və “Nuhçıxan” radiosunun fəaliyyəti haqda məlumat verilib. Qonaqlar Universitet televiziyasında verilişlərin hazırlanması prosesini izləyib və tələbə-jurnalistlərə müsahibə veriblər.

Qonaqlar Universitetin nəzdində Naxçıvan Atatürk Araşdırma Mərkəzini də ziyarət ediblər. 

İkitərəfli görüşdə bildirilib ki, ali təhsil ocağı hal-hazırda ERASMUS+,  Mövlana proqramı çərçivəsində Türkiyə Respublikasının universitetləri ilə  qarşılıqlı tələbə-müəllim mobilliyi həyata keçirir. Universitetin Tibb fakültəsi və Baytarlıq ixtisası tələbələrinin qardaş ölkədə hər il təcrübə keçdikləri vurğulanıb. 

Ərzurum valisi Okay Memiş səmimi qəbula görə öz təşəkkürünü bildirib. Türkiyə Respublikası ilə Azərbaycan arasında əlaqələrin  inkişafından söz açan vali əməkdaşlığın bir sıra istiqamətlərdə, xüsusilə təhsil sahəsində əhəmiyyətli olduğunu vurğulayıb.

Atatürk Universitetinin rektoru, professor Ömər Çomaklı hər iki universitet arasında qarşlıqlı əlaqələrə toxunaraq birgə layihələrin gələcək perspektivlərindən danışıb.

Səadət Əliyeva 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: