Türkiyəli jurnalist Naxçıvandan yazıb

348

Türkiyənin Şərqi Anadolu Jurnalistlər Cəmiyyətinin xətti ilə qardaş ölkənin bir qrup media nümayəndəsi oktyabrın 20-də Naxçıvan Muxtar Respublikasında səfərdə olmuşlar. Onlar ölkələrinə qayıtdıqdan sonra dogugazetesi.com, guvengazetesi.com.tr, gazetekars.com.tr, haberler.com, sanalbasın.com, yesiligdir.com.tr və Türkiyənin ən böyük informasiya portalı olan milliyet.com.tr saytlarında Naxçıvan səfərləri barədə məqalə və xəbərlər yerləşdirmiş, fotoşəkillər paylaşmışlar. Ərzincan Jurnalistlər Cəmiyyətinin sədri Mücahid Özdəmirin dogugazetesi.com saytında yerləşdirdiyi “Naxçıvan qeydləri” məqaləsini təqdim edirik.

Naxçıvan qeydləri

“Biri varmış, biri yoxmuş”, – deyə başlayan hekayələrdən biri haqqında danışmaq istəyirəm sizə. Söhbətimiz müstəqillik qazandıqdan sonra yenidən qurulan, müasir dövrümüzün tarix qoxusu gələn şəhərlərinə, yaşayış məntəqələrinə malik olan Naxçıvan Muxtar Respublikası barədədir.

Bir gün yolum Naxçıvana düşdü. Muxtar respublikanın ziyarətinə Türkiyənin Şərqi Anadoludakı Jurnalistlər Cəmiyyətlərinin sədrləri ilə birlikdə getdik. Bu qədim diyarı gəzmək, yeni görüşlər keçirtmək və media qurumları arasındakı əlaqələri gücləndirmək məqsədilə həyata keçirilən səfərimiz bir günlük idi. Dilucu sərhəd-keçid məntəqəsində son dərəcə nəzakətli, insanı başa düşən məmurlar tərəfindən qarşılandıq. Viza proseduru başa çatdıqdan sonra öz avtomobillərimizlə Naxçıvana qədəm basdıq.

Naxçıvan təmizliyi və qonaqpərvər insanları ilə qarşıladı bizi. Sərhədi keçər-keçməz əkin sahələrində işləyən insanlar marağımıza səbəb oldu. Toplanmış bol məhsul və zəmilərin ortasındakı mavi suvarma sistemləri diqqətimizi çəkdi. Burada əkin sahələrinin suvarılmasında qapalı suvarma sistemlərindən istifadə olunmasını böyük heyrət və təəccüblə qarşıladım. Digər bir tərəfdən isə yolboyu torpağa basdırılmadan nizamla çəkilmiş təbii qaz xətləri heç alışmadığımız xoş görüntü yaradırdı.

Şəhərə doğru irəliləyərkən şahidi olduq ki, Naxçıvanda hər kəs bir nəfər kimi yol hərəkəti qaydalarına əməl edir. Kim spirtli içki qəbul etdikdən sonra avtomobil sürərsə, onu ciddi cəzalar gözləyir. Bu da yol qəzalarının sayının xeyli azalmasına səbəb olub. Xüsusilə qeyd etməliyəm ki, Türkiyədə alışdığımız sürət həddinin pozulması halları burada müşahidə olunmur. Yolların kənarına sürət lövhələri də vurulmayıb. Daha sərfəli bir metod seçilib. Hərəkət sürətini göstərən nişanlar asfaltın üzərinə yazılır. Bu isə iqtisadi baxımdan çox məntiqli bir addımdır.

Naxçıvan çox sakit və hüzurlu bir şəhərdir. Bu səssizliyi sadəcə avtomobillərin səsi pozurdu. Həmin gün Naxçıvanda keçirilən bal festivalında iştirak etdik. Şəhərin bütün sakinləri müxtəlif çiçəkləri və yaşıllıqları ilə söz sahibi olduqları Naxçıvan balının festivalında idi. Böyük tarixi əhəmiyyəti olan Naxçıvanqalada musiqi, əyləncə və müxtəlif çeşitli balların satışı insanı valeh edirdi.

Möminə xatın türbəsinin ziyarəti ilə başladıq Naxçıvan səfərimizə. Açıq səma altındakı muzeydə nümayiş olunan və tarixən türklər tərəfindən yaradılan daş qoç heykəllərə maraqla baxdıq. Yaxınlıqdakı əl işləri də bu tarixi yerə ayrı bir hava qatırdı.

Türkiyədən olan tələbələrin böyük maraq göstərdikləri Naxçıvan Dövlət Universitetində də olduq. Bu universitetdə türkiyəli tələbələrə ilk 6 ayda Azərbaycan dili öyrədilir. Sonra isə onlar müvafiq ixtisaslar üzrə təhsil alırlar. Hətta onu deyim ki, Naxçıvana gəlmədən belə Naxçıvan Dövlət Universitetinin bəzi ixtisasları üzrə distant təhsil almaq mümkündür.

Naxçıvan səfərimdə diqqətimi çəkən əsas cəhətlərdən biri də silahsız polislər oldu. Naxçıvanda Osmanlının ən güclü olduğu dövrlərdəki kimi oğurluq yoxdur. İnsanlar bir-biriləri ilə dava belə etmirlər. Muxtar dövlətin bütün məmurları insanlarla iç-içədir. Üstəlik mühafizəçilər belə yoxdur.

Naxçıvan qonaqpərvər və canayaxın insanları, azan səsi ucalan məscidləri, qədim tarixi və bu gün də qorunub saxlanılan abidələri, təmiz küçələri və keyfiyyətli asfalt yolları, müasir memarlıq quruluşu ilə bütün türklərə bağrını açıb.

Və sonda qeyd edim ki, bu diyarda Duzdağa da getməyi unutmayın!

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: