Türkiyə Superliqası: “Beşiktaş” komandası “Trabzonspor”la oyunda hesabı son dəqiqələrdə bərabərləşdirməyi bacarıb
Dekabrın 16-da futbol üzrə Türkiyə Superliqasının XVI turunda turnir cədvəlinin altıncı pilləsində qərarlaşan “Beşiktaş” yeddinci sıradakı “Trabzonspor”u qəbul edib.
NUHÇIXAN xəbər verir ki, turun maraqla gözlənilən və çempionluq uğrunda yarışan eyni xala malik komandaların “Vodafon Park” stadionunda qarşılaşması 2:2 hesabı ilə yekunlaşıb.
Qarşılıqlı hücumlar şəraitində keçən matçda hesabı qonaq komanda açıb. Görüşün 45-ci dəqiqəsində Jose Sosanın məhsuldar ötürməsini “Trabzonspor”un hücumçusu Huqo Rodalleqa qola çevirib. Bu kolumbiyalı futbolçunun çempionatda rəqib qapılarından keçirdiyi 8-ci top olub. Qarşılaşmanın ilk hissəsi “Trabzonspor”un 1:0 hesablı üstünlüyü ilə başa çatıb.
Fasilədən sonra İstanbul komandası oyunda hücumlarının kəsərini artırıb. Lakin rəqibi əks–hücumda yaxalayan “Trabzonspor” 47-ci dəqiqədə Antoni Nvakaemenin vurduğu qolla hesab arasındakı fərqi ikiyə çatdırıb. Bundan 10 dəqiqə sonra isə meydan sahibləri qollardan birinin əvəzini çıxıblar. Beşiktaşlı Caner Erkinin ötürməsindən sonra qonaqların nigeriyalı futbolçusu Oqenyi Onazi topu öz qapısından keçirib. Altmış səkkizinci dəqiqədə “Beşiktaş”ın müdafiəçisi Dorukhan Toközun vurduğu top rəqib qapısından keçsə də, görüşün baş hakimi qolun oyundankənar vəziyyətdə vurulduğunu bildirib və onu qeydə almayıb.
Nəhayət, görüşə əlavə edilmiş 6-cı dəqiqədə “ağ-qaralar”ın futbolçusu Mustafa Pektemek baş zərbəsi ilə fərqlənərək hesabı bərabərləşdirməyə nail olub – 2:2.
Beləliklə, bu matçdakı heç-heçədən sonra xallarının sayını 26-ya çatdıran Şenol Günəşin və Ünal Karamanın komandaları turnir cədvəlində müvafiq olaraq üçüncü, dördüncü pilləyə yüksəliblər.
Qeyd edək ki, əzəli rəqiblər indiyədək Superliqada 126 dəfə qarşılaşıblar. Bunlardan 53-də “ağ-qaralar”, 43-də rəqib üstün olub, 30 oyun isə heç-heçə başa çatıb.
Xatırladaq ki, Superliqanın lideri “Başakşəhər”in dünən “Qalatasaray”la derbi matçında da qalib müəyyənləşməyib – 1:1.
Bu gün turun digər oyununda “Yeni Malatyaspor” öz meydanında “Antalyaspor”u 2:0 hesabı ilə məğlubiyyətə uğradaraq çempionatda ikinci yerə yüksəlib.
Tura dekabrın 17-də “Şükrü Saracoğlu” stadionunda keçiriləcək “Fənərbağça” – “Ərzurumspor” matçı ilə yekun vurulacaq.
On altı turdan sonra çempionata 34 xalla “Başakşəhər” komandası başçılıq edir.