Türkiyə Superliqası: “Beşiktaş” çempionatda “Qalatasaray”la arasındakı xal fərqini azaldıb - VIDEO
Aprelin 22-də futbol üzrə Türkiyə Superliqasının XXX turunda turnir cədvəlinin üçüncü pilləsində qərarlaşan “Beşiktaş” komandası öz meydanında “Yeni Malatyaspor”u qəbul edib.
NUHÇIXAN xəbər verir ki, oyunda son çempion “Beşiktaş” rəqibinə 3:1 hesabı ilə qalib gəlib. Qarşılaşmada hesabı matçın 13-cü dəqiqəsində ev sahibi komandanın futbolçusu Rikardo Kvarejmanın ötürməsindən sonra ispaniyalı hücumçu Alvaro Neqredo açıb – 1:0. Bu, onun cari çempionatda vurduğu 15-ci qolu olub. Görüşün 33-cü dəqiqəsində qonaq komanda Mixael Pereyranın vurduğu qolla hesabı bərabərləşdirib. İkinci hissədə hücumlarının kəsərini artıran İstanbul təmsilçisi 81-ci dəqiqədə hesabda önə çıxıb. Braziliyalı futbolçu Anderson Taliska komanda yoldaşı həmyerlisi Adriano Korreyanın məhsuldar ötürməsini qola çevirib – 2:1. Görüşün 88-ci dəqiqəsində “Beşiktaş” hesab arasındakı fərqi artırıb. Cərimə zərbəsini dəqiq yerinə yetirən portuqaliyalı futbolçu Rikardo Kvarejma gözəl qolun müəllif olub – 3:1.
Bu qələbə sayəsində beşiktaşlılar xallarının sayını 62-yə çatdıraraq “Başakşehir” komandası ilə xallarını bərabərləşdirib və turnir cədvəlində bir pillə irəliləyərək top fərqinə görə rəqibini qabaqlayıblar. “Beşiktaş” eyni zamanda, 63 xalla çempionatın lideri olan “Qalatasaray”la arasındakı xal fərqini azaldıb. Hazırda hesabında 62 xal olan “Başakşehir” üçüncü sırada qərarlaşıb. “Fənərbağça” 57 xalla dördüncü, “Trabzonspor” 46 xalla beşinci yerdədir.
Qeyd edək ki, tur çəçirvəsində ötən gün keçirilmiş oyunda çempionluq uğrunda yarışan komandalardan “Qalatasaray” klubu səfərdə “Alanyaspor”u 3:2 hesabı ilə məğlub etmişdi.
Tura aprelin 23-də keçiriləcək “Fənərbağça” – “Antalyaspor” oyunu ilə yekun vurulacaq.