Türkiyə S-400 komplekslərini gələn ilin oktyabrında quraşdırmağa başlayacaq

338

Türkiyə Rusiyadan alınan S-400 zenit-raket komplekslərini 2019-cu ilin oktyabrında quraşdırmağa başlayacaq.

NUHÇIXAN Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, bunu müdafiə naziri Hulusi Akar deyib. “Rusiyadan alınan S-400 zenit-raket komplekslərinin quraşdırılması 2019-cu ilin oktyabrında başlayacaq. Biz hazırda personalın seçimi ilə məşğuluq. Seçilmiş personal 2019-cu ilin əvvəlində təlim keçmək üçün Rusiyaya gedəcək və geri qayıtdıqdan sonra işə başlayacaq”, – deyə müdafiə naziri bildirib.

2017-ci ilin dekabr ayında Türkiyə və Rusiya S-400 “Triumf” zenit-raket komplekslərinə dair kredit sazişi imzalayıb. Sazişə əsasən, Ankara iki zenit-raket batareyası alacaq. Tərəflər, həmçinin S-400 kompleksinin Türkiyədə istehsalı üçün texnoloji əməkdaşlıq barədə razılığa gəliblər. ABŞ və NATO ölkələri bu sövdələşməyə görə Ankaranı dəfələrlə tənqid edib.

Qeyd edək ki, uzaq məsafəli zenit-raket sistemi – S-400 “Triumf” Rusiyada silahlanmaya 2007-ci ildə qəbul olunub. O, aviasiya vasitələrini, qanadlı raketləri, o cümlədən orta təsir radiuslu ballistik raketləri, habelə yerüstü obyektləri məhv etmək üçün nəzərdə tutulub. Rusiya Hərbi Kosmik Qüvvələri komandanının müavini aprel ayında silahlanmaya S-400 sistemləri üçün yaxın kosmosdakı hədəfləri vura biləcək raketlərin daxil olduğunu bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: