Avqustun 27-də Azərbaycanda Atatürk Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin və Qafqaz İslam Ordusunun 100 illiyinə həsr olunan “Türk və Azərbaycan ədəbiyyatında sevgi şeirləri” adlı antologiyanın birinci cildinin təqdimatı keçirilib. Kitab “Bir millət, iki dövlət!” devizi altında nəşr edilib.
NUHÇIXAN xəbər verir ki, kitabın həmmüəlliflərindən biri, əslən azərbaycanlı Nəzmiyə Hicran “Orhun Yayınları”nda dərc olunmuş antologiyada həm türk, həm də azərbaycanlı klassiklərin əsərlərinin toplandığını bildirib. Qeyd edib ki, Abdullah Tüylü ilə birgə ərsəyə gətirdiyi nəşrin məqsədi əsasən türk ədəbiyyatına böyük töhfələr vermiş iki qardaş xalqın ədiblərinin gənclərə və gələcək nəslə tanıdılmasıdır.
Kitabda repressiya qurbanları Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad, habelə Xalq şairləri Səməd Vurğun, Hüseyn Arif, Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Osman Sarıvəlli, Məmməd Rahim, Süleyman Rüstəm, Rəsul Rza, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə və başqa şairlərlə yanaşı, böyük türk ədibləri – Nazim Hikmət, Abdurrahim Karakoç, Ahmet Hamdi Tanpınar, Ataol Behramoğlu, Necib Fazil Qısakürək, Hüseyn Nihal Atsız və digərlərinin əsərləri dərc olunub.
Tədbirdə çıxış edən Nəriman Qasımoğlu, Aliyə Əsədova, Zərəngiz Qayalı, “Orhun Yayınları”nın direktoru Dursun Yelken, gənc şairə Damla Abuzərli, “Xocalını tanıtım” İctimai Birliyinin sədri Şamil Sabiroğlu və başqaları mədəniyyəti, mənəviyyatı, dili, dini eyni olan iki qardaş xalq arasında ədəbi əlaqələrin möhkəmlənməsinin, iki xalqın ədiblərinin gənc nəslə tanıdılmasının vacib olduğunu vurğulayıblar.
Tədbirdə “Qafqaz Media” İctimai Birliyinin sədri Azadə Hüseynova rəhbərlik etdiyi qurumun “Cəsarətli qələm” mükafatını antologiyanın həmmüəllifləri Abdullah Tüylüyə və Nəzmiyyə Hicrana təqdim edib.
Bildirilib ki, üç cilddə nəşr ediləcək antologiyanın növbəti nəşrlərində orta və gənc nəsil şairlərinin şeirləri toplanacaq.
Sonda Türkiyə-Azərbaycan dostluğuna həsr edilmiş şeirlər səsləndirilib, xatirə şəkli çəkdirilib.