Türk Şurası Gənc Liderlərinin Forumu Türkiyə mediasında

175

NUHÇIXAN xəbər verir ki, Naxçıvanda keçirilən Türk Şurası Gənc Liderlərinin Forumu ilə bağlı Türkiyənin “İğdır” qəzetində və mətbuat orqanının saytında məlumat verilib. Tədbir çərçivəsində gənclərin ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini və muzeyini ziyarət etmələri, sonra isə tədbirin  açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun və digər rəsmi qonaqların çıxışları, gənclərin Naxçıvanla tanışlığı da yazıda yer alıb.

Bundan başqa “İğdır” qəzetində jurnalist Sahil Tahirlinin ermənilərin zorla Azərbaycana və o cümlədən Naxçıvan ərazilərinə köçürülməsi ilə bağlı qələmə aldığı “İki məktub” məqaləsi də çap edilib. Bu yazıda Rusiyanın İrandakı səfiri Aleksandr Qriboyedovun və Şah İsmayıl Xətainin vəziri Rəvanqulu xanın məktublarının məzmunu verilib. Hər iki məktub müxtəlif əsrlərdə dövlət başçılarına -Rusiya İmperatoruna  və Şah İsmayıla ünvanlanıb. Burada ermənilərin Azərbaycanda yerləşdirilməsinin düzgün olmadığı vurğulanıb.

“İğdır” qəzetinin digər sayında isə tanınmış rəssam İbrahim Səfiyevlə bağlı yazı da yerləşdirilib. Jurnalist Səməd Canbaxşiyevin müəllifi olduğu yazıda 1898-ci ildə Naxçıvanda doğulan və o  dövrün ictimai-siyasi vəziyyətinə  görə Türkiyədə yaşamağa məcbur olan rəssamın həyatı və yaradıcılığı barədə türkiyəli oxuculara geniş məlumat verilib. O da vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Sərəncamı ilə bu il İbrahim Səfiyevin 120 illiyi geniş şəkildə qeyd edilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: