Türk-İslam mədəniyyətinin nəhəng mütəfəkkiri – Nəsirəddin Tusi

197

Azərbaycan xalqı, ictimai-siyasi, elmi-ədəbi mühiti və uzun bir tarixi mərhələdə Yaxın Şərqə, bötüvlükdə dünyaya böyük simalar, görkəmli xadimlər bəxş edib. Bu gün də bəşəriyyət Əcəmi Əbubəkiroğlunun memarlığına, Nizami Gəncəvinin poetik istedadına, Bəhmənyarın fəlsəfəsinə, Yusif Məmmədəliyev və Lütfi Zadə kimi alimlərin kəşflərinə heyranlığını gizlədə bilmir. Görkəmli elm adamı, şair və ədəbiyyatşünas Nəsirəddin Tusi də məhz belə əvəzsiz şəxsiyyət və görkəmli xadimlərdən biridir. Bəşər tarixində onun adı göstərdiyi misilsiz xidmətlərə görə həmişə öndə gəlir. Bu da fəxarət və qürur doğuran haldır ki, Nəsirəddin Tusi elmin simvolu olaraq ehtiramla xatırlanır.    

XIII əsrin görkəmli alim, ictimai xadim və ədiblərindən biri olan Nəsirəddin Məhəmməd ibn Həsən Tusinin (1201-1274) adı çox zaman elmin rəmzi olaraq çəkilir. Ensiklopedik zəka sahibi olan və öz sağlığında belə “Alimlər alimi” kimi şöhrətlənən Nəsirəddin Tusinin təvəllüd tarixi və anadan olduğu yer haqqında müəyyən mübahisələr mövcuddur. Mənbələrdə bu görkəmli elm adamının 17 fevral 1201-ci ildə, bəzilərində isə 1181, 1210-11-ci ildə doğulduğu haqda fikirlər var. Alimin 1201-ci ildə doğulması ehtimalı daha güclüdür və bu rəqəmə daha çox inanılır. Nəsirəddin Tusinin anadan olduğu iddia edilən yerlərin sırasında Həmədanda Bahar, Xorasanda Tus vilayəti, Qum, Savənin Cəhrud kəndi var.  Amma mənbələrdə onun naxçıvanlı olması ilə bağlı fikirlərə də rast gəlinir. Belə ki, Nəsirəddin Tusinin nəslinin Naxçıvanda Ordubadda yaşaması və buna görə də I Şah Abbasın oranı bütünlüklə vergidən azad etməsi barədə 1604-cü ildə verdiyi fərman bu gün də XVII əsrdə tikilmiş böyük Came məscidinin qapısı üstündəki daş kitabədə həkk olunaraq qalmaqdadır. Həmin kitabədə əks olunmuş fərmanda deyilir: “Ordubad qəsəbəsinin bütün əhalisinin …xilafət məkanlı, Cəmşid cəlallı, mələk qoşunlu Şah Abbas Bahadur xanın xanədanına nisbət bəslədikləri məhəbbət və fədakarlığın həqiqəti aşkar edildiyindən, …bu camaatın ümumiyyətlə, fədakarlığı, xüsusilə yüksək Nəsiriyyə-Tusiyyə silsiləsinin fədakarlığı müqabilində şahın müzayiqəsiz mərhəmətinin bir qisməti onlara bəxş edildi”.

Nəsirəddin Tusi əvəzsiz bir alim idi. Hətta şagirdinin riyaziyyat sahəsində istedadını görən onun müəllimi heyrətə gələrək adamların arasında qürurla demişdi: “Mənim riyaziyyat sahəsində bildiklərim bu uşağınkından çox deyil. O, gələcəyin ən böyük alimi olacaq. Kim buna şübhə etsə, bir vaxt mənim sözlərimi xatırlayaraq peşman olacaq”. Doğrudan da, gələcəyinin ən qüdrətli alimlərindən olan Nəsirəddin Tusi elmin müxtəlif sahələri ilə dərindən maraqlanmış və hərtərəfli bir elm adamı kimi şöhrət tapmışdı. Onun qələmindən çıxan yüzdən artıq ciddi əsər elmin astronomiya, riyaziyyat, fizika, tibb, fəlsəfə, etika, məntiq və digər sahələrinə həsr olunmuşdur. “Şərh əl-İşarat” (“Fəlsəfə kitabı”), “Zic-i İlxani” (“Astronomiya haqqında”), “Təcrid əl-əqaid” (“Kəlam kitabı”), “Tezker-i hayat”, “Təhrir-i Uqlidis”, “Təhrir əl-Məcəsti”, “Əsas əl-iqtibas” (“Məntiq kitabı”), “Əsraf əl-eşraf”, “Əxlaq-i Nasiri”, “Füsul nəsiriyyə” kimi əsərlər məhz Nəsirəddin Tusinin zəngin elmi-ədəbi dünyagörüşü və biliklərinin monumental göstəricisidir. Nəsirəddin Tusinin dünya elmi qarşısında mühüm xidmətlərindən biri də Marağada böyük bir rəsədxana tikdirməsidir. Həm də görkəmli siyasi xadim olan Nəsirəddin Tusi sahib-mənsəb etibarı və elmin dərinliklərinə nüfuz edən biliklərindən istifadə edərək dövrün hökmdarını inandırmağa çalışmışdı ki, “Marağa” rəsədxanasının tikintisi kainat elmi və hadisələrini qabaqcadan bilmək üçün bir məqam olacaq. Hətta onun hökmdarı inandırmaq üçün istifadə etdiyi boş qazan üsulu bu gün də dillər əzbəri olan bir məsələ çevrilib. Həm də əxlaqçı və tərbiyəçi olan Nəsirəddin Tusi geniş şöhrət qazanmış “Əxlaqi-Nasiri” kimi əxlaq və mənəvi tərbiyə kitabında əxlaqi-ictimai görüşlərini təqdim etmişdir. Bu görkəmli alim həm bədii yaradıcılıq, həm də ədəbiyyatşünaslıqla da məşğul olmuşdur. Tədqiqatçı, filologiya üzrə elmlər doktoru Yaqub Babayev haqlı olaraq yazır ki, “onun (Nəsirəddin Tusinin-R.Q.) ədəbiyyatşünaslıq bacarığı və bədii talantı nəhəng və uca elmi əzəmətinin kölgəsində qalmış, daha doğrusu, alim Tusi şair və ədəbiyyatşünas Tusini unutdurmuşdur”. Bu baxımdan görkəmli alimin “Meyarül-əşar” (“Şeirin ölçüləri”) və məntiqə dair yazılmış “Əsasül-iqtibas” risaləsinin 9-cu fəsli poetikaya həsr olunan sanballı əsərlər kimi diqqəti cəlb edir. Bu mənada Tusini görkəmli filosof-alim Aristotellə müqayisə edib “Şərqin Aristoteli” adlandırmaq olar. Nəsirəddin Tusi öz istedadını daha çox dəqiq elmlərə həsr etməyinə baxmayaraq, zəngin şeir ənənələrinə malik olan Azərbaycan xalqının yaradıcılığından çıxış edərək poetika haqqında sanballı kitab yazan ilk müəlliflərdəndir. Alimin məzarının başdaşı üzərində olduqca gözəl bir xətlə yazılmış bu sözlər də ona verilən yüksək qiyməti özündə ifadə edir: “Dinin və xalqın dayağı, elm dünyasının şahı. Analar belə bir oğul bir daha doğmadı”.

Tusinin bədii irsində ictimai məzmunun aparıcı yerdə dayandığını xüsusilə qeyd etmək lazımdır. Hər şeydən əvvəl ona görə ki, Nəsirəddin Tusinin mənsub olduğu ictimai mühitin, dövrün özü qarışıq, ictimai-siyasi hadisələrlə zəngin idi. Təsadüfi deyildi ki, Tusinin özü şəxsiyyət və dünyagörüşü etibarilə müxtəlif elm sahələrilə məşğul olan, varlıq, dünya haqqında düşüncələrə sahib bir alim və söz sənətkarı idi. Bu da maraqlı ola bilər ki, dövrün bir sıra ədalətsizlikləri və zülmünə alimin özü də məruz qalmışdı. Xaqani Şirvani, Fələki, M.P.Vaqif kimi görkəmli elm adamı və şair Nəsirəddin Tusi də həm öz istedadına görə paxıllıqla qarşılanmış, həm də hökmdarın zindana salınma cəzasına məruz qalmışdı. Qeyd edək ki, alimin həyatının Kuhistan dövründə əvvəllər ona xoş münasibət bəsləyən hökmdar Nasir Möhtəşəm sonradan onu cəzalandıraraq Ələmut qalasında göz dustağına çevirmişdir. Alim “Şərhül-işarət” adlı əsərində də etdiyi qeydlərdə şəraitinin ağırlığını təsvir etmişdir. Amma bununla belə məhz bu ağır şəraitdə belə istedadlı alim və ədib neçə-neçə qiymətli əsərini qələmə almışdır. Ömrünün ən yaxşı çağlarında gününü zindanda keçirmək bu nəhəng şəxsiyyətin yaradıcılığında ədalət axtarıcılığı, ictimai etiraz və şikayətləri ilə əks olunmuşdu. Bu baxımdan onun bədii irsində “Görürəm” rədifli əsəri xüsusilə diqqət cəlb edir:

Bu qədər cövrü dövrdən ki, məni zar görürəm,

Deyəcək kimsə yox, aləmi tar-mar görürəm.

Hara döndümsə eşitdim qəm ilə qüssə sözün,

Kimə baxsam, gecə-gündüz onu ağlar görürəm.

Heç kim üz tutmayan ən nakəs adamlar indi,

Üzə çıxmış, çatıb hər mənsəbə onlar, görürəm.

Harda pis vardısa, çevrilib olub izzətli,

Əyləşib ali imarətdə tacidar görürəm.

Zamanın gərdişi kinlə zəncirin hazır edib,

Tək hünər əhlini qılmış da giriftar görürəm.

Beləliklə, bütün dünyanın nəhəng alim və mütəfəkkir kimi tanıdığı Nəsirəddin Tusi həm də gözəl şair və həssas söz ustadıdır. Onun zəngin elmi irsi ilə birlikdə heç də az əhəmiyyət kəsb etməyən bədii irsi bu görkəmli şəxsiyyətin yaradıcılıq istedadına işıq tutur, ona ədəbiyyatımızın görkəmli söz ustadı kimi  əbədiyaşarlıq qazandırır. Azərbaycan dövləti də həmişə bu böyük şəxsiyyətə qayğı ilə yanaşmış, yubileyləri böyük təntənə ilə qeyd edilmiş, adına medal təsis olunmuş, əsərləri təkrar-təkrar çap olunmuşdur. Dünyaşöhrətli alimin 800 illik yubileyi YUNESKO-nun qərarı ilə beynəlxalq aləmdə də təntənəli şəkildə qeyd edilmişdir.

Ramiz QASIMOV

AMEA Naxçıvan Bölməsinin şöbə müdiri,

filologiya üzrə fəlsəfə doktoru, dosent

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: