Tolerantlıq insan mədəniyyətinin ən yüksək zirvəsidir

2. 100

Dünyada cərəyan edən hadisələr bir daha sübut etdi ki, bugünkü dünyanın tolerantlığa çox ehtiyacı vardır. Fərqlilik bizə, hamımıza verilmiş bir hədiyyədir. Kimsənin doğulanda dilini, dinini, milliyyətini, ailəsini, dərisinin rəngini və s. seçmək imkanı olmur. Buna görə də, dili, dini, irqi, mədəniyyəti fərqli olan hər kəsə hörmətlə yanaşmalıyıq. Çünki hamımızın həm başqasına öyrədəcəyi, həm də başqasından öyrənəcəyi çox şeylər var. Hər insanın və hər cəmiyyətin yaxşı və pis cəhətləri var. Buna görə də biz başqalarından pis yox, yaxşı cəhətləri götürüb həyatımıza tətbiq etməliyik. Fərqli mədəniyyətlərin bir-birinə təsiri həm şəxsi yaşama, həm də cəmiyyət yaşamına müsbət təsir göstərir. Bizim üçün qəbuledilməz olan, başqası üçün dəyər ola bilər, bizim üçün dəyər olan başqası üçün cəhalət sayıla bilər. Tolerantlıq bütün ziddiyyətlərə, fikir ayrılıqlarına baxmayaraq, dinləmək bacarığıdır. Dözümsüzlük göstərmədən qarşısındakını olduğu kimi qəbul etmək prinsipidir, qarşı tərəfin konsepsiyasını anlamağı bacarmaqdır. Tolerantlıq qarşısındakına insan olduğu üçün dəyər verməkdir. Tolerantlıq başqasının mənəvi hisslərinə, öz mənəvi duyğularına hörmət gözlədiyi üçün hörmətlə yanaşmaqdır.

Azərbaycan da bir çox etnik azlığın bir arada yaşadığı bir mədəniyyət mozaikasıdır. Neçə əsrlərdir etnik və dini azlıqlara mənsub olan topluluqlar, etnik çoxluq olan azərbaycanlılarla sülh və harmoniya şəraitində yaşayırlar. Fərqli mədəniyyətlərin bir arada yaşamasının ən əsas şərti tolerantlıqdır. Fərqli xalqların nümayəndələrinin Azərbaycanı öz doğma vətənləri kimi qəbul etmələri və özlərini müstəqil Azərbaycan dövlətinin bərabərhüquqlu vətəndaşı kimi görmələrində ümummilli lider Heydər Əliyevin rolu danılmazdır.

XX əsrin əvvəllərində erməni daşnaklarına qarşı  qanlı döyüşlərdə vuruşan və  şəhidlik  zirvəsinə ucalan bir çox xalqların nümayəndələrinin bu gün Silahlı Qüvvələrimizdə yüzlərlə, minlərlə davamçıları vardır. Məhz bu dostluq, bu qardaşlıq, bu birlik  şəxsi heyətin həm döyüş ruhunun, həm vətənpərvərlik hissinin, həm də mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsi istiqamətində öz müsbət təsirini göstərəcəkdir. Qəhrəman oğullarımız  bu gün Azərbaycanın ərazi bütövlüyü uğrunda, torpaqlarımızın işğaldan azad edilməsi naminə yenə də bir bayraq altında, bir amal uğrunda birləşiblər. Çünki müstəqil Azərbaycan bu torpaqda yaşayan bütün xalqların vətənidir və bu torpağı qorumaq hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur.

16 noyabr 1995-ci il tarixində YUNESKO-ya üzv dövlətlər tolerantlıq prinsipləri haqqında bəyannamə qəbul edib. 1996-cı ildə isə BMT Baş Assambleyası quruma üzv ölkələrində hər il noyabrın 16-nın Beynəlxalq tolerantlıq günü kimi qeyd edilməsi və bununla bağlı təhsil müəssisələrində və geniş ictimaiyyət arasında müvafiq tədbirlər keçirilməsini qərara alıb.

Əlövsət  Hüseynquliyev

AŞPA-nın üzvü statusuna malik olan

                                                       Beynəlxalq  Antiterror Birliyi (BAB) prezidentinin müşaviri

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: