Tingçilik sahəsinə yeni toxmacarlar əkildi

133

Atalarımız deyiblər ki, yol salmaq, su çəkmək kimi, ağac əkib, bağ salmaq da xeyirxahlıqdır, savab əməldir. Ulularımız onu da deyiblər ki, çox ağacı olan yurdu sel basmaz. O yurdda ki, ağac çoxdur, deməli, onun igidi, mərdi də çoxdur.

Artıq 20 ildən çoxdur ki, muxtar respublikamızda hər il mövsüm ərzində minlərlə tinglər əkilir, bağlar, gülkarlıqlar, yaşıllıq sahələri, meşəliklər salınır. Sevindirici haldır ki, yaşıllıq sahələrini genişləndirmək artıq bütün  rayonlarımızda, o cümlədən Şahbuzda da bir ənənəyə çevrilib. Rayon və muxtar respublika bazarlarında Şahbuz meyvələrinin öz yeri var. Dadı bal kimi, ətirli Kükü alması, Badamlı badamı, qar kimi ağappaq Keçili cəvizi, az qala üçü bir kilo gələn sulu Ayrınc armudu, bir az gec yetişsə də, hamının çox bəyəndiyi Aşağı Qışlaq və Kolanı əriyi, özünəməxsus dadı olan Sələsüz və Türkeş üzümü, adı ensklopediyay düşən Külüs albalısı (gilənarı) Naxçıvan bazarında çoxlarına tanışdır. Bütün bunlar və adlarını çəkmədiyimiz digər meyvələr Şahbuz şəhəri və onun bütün kəndlərinin sərvəti, əhalisinin əsas məşğuliyyətlərindən biridir.

Şahbuzda meyvəçilik çox sərfəli sahədir. Rayonun torpaq-iqlim xüsusiyyətləri, zəngin su ehtiyatı imkan verir ki, burada Naxçıvan torpağına məxsus əksər növ meyvələr bar versin. Elə qədimdən də burada müxtəlif meyvə sortları əkilib torpağa uyğunlaşdırılıb. Bu gün Şahbuzda meyvə ağacları olmayan həyətə çox çətin rast gələrsən. Həyətyanı sahələrdə yaşı az qala üç yüz ilə çatan qocaman cəviz ağaclarından tutmuş ötən illərdə salınan cavan bağlaradək hər cür ağaclar vardır.

Əkilən tinglərə ilboyu qayğı göstərilməsi sayəsində fidanlar qollu-budaqlı, bar verən ağaclar  olurlar. Beləcə, həm də meyvəçiliklə bağlı qəbul olunmuş Dövlət Proqramlarının qarşıya qoyduğu vəzifələrin icrasına nail olunur. Bu səbəbdəndir ki, rayonumuzda blokadanın ilk vaxtlarında kəsilən ağacların qəbiristanlığına çevrilən sahələri indi gözoxşayan yaşıllıq məskəninə-bağlara, bağçalara çevrilib. Tikan, daş, çınqıl basmış ərazilərdə indi yamyaşıl otlar güllərin, çiçəklərin rənginə ayrı bir rəng qataraq əsrarəngiz görüntü yaradır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası Şahbuz rayon əhalisinin meyvə və tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına təmin edilməsinə geniş imkanlar yaradıb. Uzun illərdən bəridir ki, rayonumuzun müxtəlif yerlərində olan hektarlarla boş ərazilərdə, yol kənarlarında, sututar yerlərdə minlərlə ting əkən şahbuzlular həm də onlara qayğı göstərərək qollu-budaqlı ağac olmalarına zəmin yaradıblar. Beləcə, bu gün tonlarla meyvə istehsal olunan bağların, yaşıllıq zolaqlarının, meşə sahələrinin müəllifi kimi, gələcək nəsillərə çox böyük bir sərvət yaradıblar.

Bir vaxtlar bir qab meyvə üçün kiminsə qapısını döyən şəhər sakinləri mövsüm ərzində ərik, alma, alça, gilənar, badam üçün bazarlara yox, bağlara üz tuturlar. Artıq onlar meyvələri bazardan kilo ilə deyil, bağlardan səbətlərlə evə aparırlar. Qonaq-qarası çox olan Şahbuza üz tutan yolçular da o ağacların barından-bəhərindən dadır, yığıb aparırlar. Beləcə, el birliyi ilə salınan bağlar sayəsində həm rayonumuz gözəlləşib, həm də müxtəlif meyvələrə olan tələbatımız tamamilə ödənilib. Rayonumuza gələn qonaqlarımız da gördüklərindən zövq alır, meyvələrimizin dadından, tamından ürəkdolusu söhbət açırlar.

Müxtəlif ərazilərdə salınan belə bağlar kimi, yenə də bağlar salmaq amalı ilə bu yurd yerinin insanları sahələrə yollandı. Şahbuz şəhərindəki tingçilik sahəsinə aqrotexniki qaydalara uyğun olaraq 60 kiloqram cəviz, 55 kiloqram badam, 50 kiloqram ərik toxumu əkməklə gələcəyin meyvə bağlarının böyüməsinə və bolluq yaranmasına öz töhfələrini verdilər. Meyvə bağlarının salınmasına göstərilən bu qədər diqqət və qayğı isə onu deməyə əsas verir ki, bundan sonra da rayona yolu düşən hər kəs burada yetişən meyvə sortlarından, onların keyfiyyətindən danışacaqlar.

Hicran Əliyeva

“Oğuz səsi” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: