“The Korea Herald”: Azərbaycan xalçaları valehedici ilmələri və incə naxışları nümayiş etdirir

94

Azərbaycanda xalçalar əsrlər boyu multikultural cəmiyyətin və irsin zəruri hissəsini formalaşdıraraq toxunub. Qəşəng rəng kompozisiyasını, mürəkkəb naxışları və ornamentləri əks etdirən xalçaları azərbaycanlılarla yanaşı, əcnəbilər də yüksək qiymətləndirirlər.

NUHÇIXAN xəbər verir ki, bu fikirlər Cənubi Koreyanın nüfuzlu “The Korea Herald” qəzetində “Azərbaycan xalçaları valehedici ilmələri və incə naxışları nümayiş etdirir” başlıqlı məqalədə əks olunub.

Azərbaycanın Koreya Respublikasındakı səfirliyi və Koreya Fondunun birgə təşkilatçılığı, “Azərxalça” ASC-nin dəstəyi ilə Seul şəhərində davam edən “Xalçalar-Azərbaycanın inciləri” adlı sərgidən bəhs edən müəllif yazır ki, tədbir Azərbaycan xalçalarının bu ölkədə təbliğinə və tanıdılmasına kömək edəcək. Bildirilir ki, Koreyada Azərbaycan xalçalarının ilk sərgisində 9 xalçaçılıq məktəbinə aid 18 xalça nümayiş olunur.

Ölkəmizin Koreya Respublikasındakı səfiri Rəmzi Teymurovun sərginin açılış mərasimindəki çıxışından sitat gətirən qəzet yazır ki, Azərbaycan xalçaçılıq sənəti 2010-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilib, dünyada ilk ixtisaslaşmış xalça muzeyi məhz Azərbaycanda təsis olunub.

Azərbaycan xalçaları ABŞ-da Ağ evdə və Dövlət Departamentində, habelə Luvr, Metropolitan, Viktoriya Albert incəsənət muzeylərində, eləcə də Ermitajda nümayiş etdirilir.

“The Korea Herald” oxucularına Azərbaycan xalçalarının dünyada tanıdılmasının Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın himayəsi altında olduğunu bildirib.

Noyabrın 26-da açılan və dekabrın 19-dək davam edəcək “Xalçalar-Azərbaycanın inciləri” sərgisi barədə Koreyanın “The Korea Post” qəzeti, “NDNnews” xəbər portalı və digər kütləvi informasiya vasitələri də reportajlar hazırlayıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: