“The Jerusalem Post” qəzeti: Erməni işğalı və “demokratiya”: bunlar bir-biri ilə uzlaşırmı?

171

Korrupsiyaya qurşanmış və cinayətkar Serj Sarkisyan rejiminin süqutundan sonra güman etmək olardi ki, Ermənistan-Azərbaycan danışıqlarında irəliləyiş baş verəcək, tərəflər öz ölkələrinin və xalqlarının gələcəyi üçün sülh barəsində razılıq əldə edəcəklər. Lakin məlum oldu ki, bu, illüziya imiş.

NUHÇIXAN xəbər verir ki, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut İsraildə ən nüfuzlu ingilisdilli nəşr olan “The Jerusalem Post” qəzetinin 29 iyul tarixli nömrəsində dərc olunmuş “Erməni işğalı və “demokratiya”: bunlar bir-biri ilə uzlaşırmı?” sərlövhəli məqaləsində bu məsələdən bəhs edir.

Məqalə müəllifi qeyd edir ki, Ermənistanın baş naziri Paşinyan onun ölkəsi tərəfindən işğal edilmiş Xankəndində olarkən bəyan edib ki, münaqişənin tənzimlənməsinə dair danışıqlarda Dağlıq Qarabağ (Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş regionu) bilavasitə iştirak etməlidir, çünki rəsmi Yerevan yalnız Ermənistanın adından danışacaq. Bundan əlavə, Paşinyanın fikrincə, Azərbaycan sərt aqressiv ritorikadan istifadə etdiyi və Ermənistan ərazilərinin işğal olunması barədə danışdığı bir vaxtda qarşılıqlı güzəştləri müzakirə etməyin mənası yoxdur.

Məqalə müəllifi yazır: “Son günlərdə rəsmi erməni təbliğatı Azərbaycanla Ermənistan arasında başlana biləcək müharibə qarşısında vahimə və qorxu dalğasını zəiflətmək üçün dəridən-qabıqdan çıxır. Baş nazir Paşinyan açıq-aydın eyham vurub ki, o, münaqişənin dinc yolla nizamlanması barədə danışıqları davam etdirməyəcək. Ermənistanın yeni lideri özünün belə adlandırılan “erməni inqilabının demokratik lideri” obrazına və Qərbin Bakıya təzyiq göstərməsi üçün bu obrazdan istifadə etməyə ümid bəsləyir. Baş nazir Paşinyanın belə cəfəng və dayaz ümidləri onun qeyri-peşəkarlığını, strateji təfəkkürdən məhrum və böyük siyasət üçün tamamilə yararsız olmasını, həmçinin bu faktı göstərir ki, münaqişənin hərbi yolla həlli Azərbaycan üçün ən başlıca və həyatı əhəmiyyətli probleminin həllinin yeganə üsuluna çevrilir”.

Qutun fikrincə, Nikol Paşinyanın qəribə və proqnozlaşdırıla bilməyən, diplomatiyadan uzaq davranışı və demaqoqiyası üzündən qəribə bir vəziyyət yaranıb. İndi rəsmi Bakı real olaraq gözləyir ki, erməni tərəfi hərbi əməliyyatlara təhrikçilik edə bilər. Arye Qut yazır: “Paşinyanın yeni hökumətinin səriştəsizliyi və qeyri-peşəkarlığı şəraitində erməni inqilabının liderinin qeyri-ardıcıl və proqnozlaşdırıla bilməyən xarakteri, onun ilk səhv addımları, Cənubi Qafqaz regionunda real vəziyyətin nə dərəcədə amanabənd və mürəkkəb olduğunu əsla anlamaması göz qabağındadır. Tamamilə aydındır ki, Paşinyana və onu hakimiyyətə gətirmiş qüvvələrə, xüsusən Bakıdakı möhtəşəm hərbi paradın və Azərbaycanda genişmiqyaslı hərbi təlimlərin doğurduğu əks-səda fonunda kiçik bir “müzəffər” hərbi əməliyyat zəruridir. 2016-cı ilin aprel ayında Qarabağda hərbi əməliyyatların status-kvonu Azərbaycanın xeyrinə əhəmiyyətli dərəcədə və əsaslı şəkildə dəyişməsi ABŞ, Rusiya və Aİ ölkələri kimi dünya aktorlarının diqqətini dərhal cəlb etdi, onlar yekdilliklə tərəfləri bu problemi sülh yolu ilə həll etməyə çağırdılar”. Məqalə müəllifinin fikrincə, Ermənistan Respublikasının indiki hərbi və siyasi rəhbərliyinin məntiqsiz və absurd bəyanatları sübut edir ki, onlar ciddi narahat olublar, əslində böyük qorxu, isterika və panika içindədirlər.

Arye Qut yazır: “Azərbaycan ordusu cəbhə xəttində hadisələrin hər hansı şəkildə inkişafına hazırdır. Ən qüdrətli silah sistemləri ilə təchiz olunmuş Azərbaycan silahlı qüvvələri Ermənistanın bütün mühüm hərbi hədəflərini və strateji kommunikasiyalarını qısa müddətdə məhv etməyə qabildir. Münaqişənin siyasi yolla tənzimlənməsinə nail olmaq üçün əvvəlcə işğalı dayandırmaq, sonra isə status-kvonu dəyişmək lazımdır. Münaqişənin həlli Ermənistanın özünün inkişafı üçün zəruridir və əgər Ermənistan bunda maraqlıdırsa, bu ölkə işğala son qoymalı və Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməni yerinə yetirməlidir.

Ermənistan əhalisinin əksəriyyəti, necə deyərlər, yaşamır, onlar sadəcə mövcuddurlar. Lakin bəzi səbəblərə görə, onlar özlərini fransızlarla və hollandlarla deyil, Eritreya və ya Somali sakinləri ilə müqayisə edirlər. Belə təsəvvür yaranır ki, indi Ermənistanda müəyyən iqtisadi artım başlanır, lakin bundan ötrü azı on il lazımdır. Görəsən Ermənistanda başa düşürlərmi ki, iqtisadiyyatın iflası və əhalinin kütləvi şəkildə ölkəni tərk etməsi məlum xoşagəlməzliklərin səbəbi deyil, onların nəticələridir?”

Məqalə müəllifinin fikrincə, Ermənistan problemlərin nəticələrinə qarşı yox, onun əsas səbəblərinə qarşı mübarizə aparmalıdır. Arye Qut yazır: “Bu gün Ermənistan hökumətinin atdığı addımlar, xəstəliyin səbəbini deyil, onun nəticələrini müalicə edən həkimin hərəkətlərinə bənzəyir. Həmin səbəb – Ermənistanın təcavüzkar xarici siyasəti, demək olar ki, bütün qonşu ölkələrə qarşı ərazi iddiaları və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmaması ilə bağlıdır.

Nəticə etibarilə bu amillər Ermənistanın regionda iqtisadi cəhətdən təcrid olunmasına gətirib çıxarıb: bu gün Ermənistanın həm Azərbaycanla, həm də Ermənistan ilə münaqişədə Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən Türkiyə kimi iri bazarla sərhədləri bağlıdır”.

Qutun fikrincə, Nikol Paşinyanın son bəyanatları və onun siyasi davranışı erməni separatçıların və şovinistlərin kələyidir, çünki onların məqsədi özlərinin təcavüzünə və Azərbaycan ərazilərini işğal etmələrinə haqq qazandırmaqdır. Arye Qut öz məqaləsinin sonunda yazır: “Aşkardır ki, Ermənistanın indiki rəhbərliyi özünə “demokratiya” tərəfdarı imici qazandırmağa çalışır və atəşkəs dövründə müəyyən edilmiş status-kvonu saxlamaq üçün və ya bundan da betəri, Dağlıq Qarabağda oyuncaq separatçı rejimin tanınmasına nail olmaq üçün “demokratiya” pərdəsi arxasında gizlənir. Onda belə bir sual yaranır: “demokratik dövlət işğalı müdafiə edərmi? Lakin regionda yaxın vaxtlarda baş vermiş hadisələr bir daha göstərdi ki, rəsmi Bakı regionda mövcud olan status-kvo ilə heç vaxt razılaşmayacaq və Ermənistan başa düşməlidir ki, Azərbaycanın səbri tükənib. Elə bir qırmızı xətt var ki, bu xətti keçəndən sonra geri qayıtmaq mümkün deyil. Beynəlxalq hüquqa əsasən rəsmi Bakı Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərini nəinki müdafiə etmək, həm də bu əraziləri azad etmək hüququna malikdir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: