Taxıl sahələrinin biçindən sonra yandırılması növbəti il məhsuldarlığın 20-30 faiz azalmasına səbəb olur

191

Artıq neçə gündür ölkə ərazisində taxıl biçininə başlanılıb. Ötən illərdə müşahidə olunan taxıl sahələrinin yandırılması hallarına qarşı maarifləndirici tədbirlər görülsə də, bir çox torpaq mülkiyyətçisi və fermerlər sahələrin yandırılmasının torpağa nə dərəcədə ziyan vurmasından xəbərsizdir.

NUHÇIXAN xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov AZƏRTAC-a taxıl sahələrinin biçindən sonra yandırılmasının fəsadlarından danışıb.

İmran Cümşüdov bildirib ki, torpağın flora və faunası bitki qalıqlarını parçalayaraq torpağın münbitliyinin artmasına, qida maddələrinin mübadiləsinə səbəb olur, torpağın strukturunu yaxşılaşdırır və suyun torpaqda daha asan hərəkət etməsinə, nəmliyin toplanmasına imkan verir. Taxıl sahələrinin biçindən sonra yandırılması isə torpaqdakı üzvi maddələrin itirilməsinə, torpaq mikroflorasının məhv edilməsinə, bütövlükdə torpaq münbitliyinin kəskin surətdə azalmasına gətirib çıxarır.

Samanın yandırılması nəticəsində torpağın həyat qabiliyyəti pisləşir, milyon illər ərzində formalaşmış faydalı mikroorqanizmlər məhv olur ki, onun da bərpası üçün əlavə resurslar və uzun müddət lazımdır.

“Bir hektar sahədə samanın yandırılması nəticəsində 40-50 kiloqram azot, 70-80 kiloqram fosfor, 90-100 kiloqrama qədər kalium elementi və 1-1,5 ton humus itirilir ki, bu itkini kompensasiya etmək üçün torpağın hər hektarına 10-15 ton üzvi gübrə verilməsi tələb olunur. Eyni zamanda, biçindən sonra taxıl sahələrinin yandırılması növbəti ildə həmin sahədə becəriləcək bitkilərin məhsuldarlığının 20-30 faiz azalmasına səbəb olur”, – deyə İmran Cümşüdov bildirib.

Şöbə müdiri qeyd edib ki, arpa və buğda biçini zamanı müasir kombaynlardan istifadə etməklə saman doğranaraq mulça şəklində sahəyə səpilməli və ya biçindən dərhal sonra saman yandırılmadan sahədən daşınaraq çıxarılmalıdır. Becəriləcək hər bitkiyə uyğun fosfor və ya kompleks gübrələr verilərək şum və ya 10-12 santimetr diskləmə, eləcə də sıfır torpaq becərməsi aparılmalı, torpaq səpin üçün hazırlanmalı və aralıq bitkilərin toxumlarının səpinləri həyata keçirilməlidir.

Kövşənlikdə birbaşa səpinin aparılması zamanı torpaq strukturunun minimum pozulması və onun səthinin bitki qalıqları ilə örtülməsi nəticəsində torpaqqoruyucu qat yaranır ki, bu da su və külək eroziyasının qarşısını alır, torpaqda nəmliyin toplanmasına və saxlanmasına imkan verir, alaq otlarının inkişafına mane olur, torpaq mikroflorası aktivləşir və bütün bunlar torpaq münbitliyinin artmasına və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsinə imkan verir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: