Tarixin daş yaddaşı

171

“Naxçıvan Azərbaycan xalqının qədim tarixini əks etdirən müqəddəs bir torpaqdır. Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır”- Azərbaycan xalqının ümummilli lideri Heydər  Əliyev.

Bəşəriyyətin ikinci həyatı  Naxçıvandan, Gəmiqayadan-insanların ikinci dəfə Nuhun gəmisindən bu torpağa ayaq basdıqları yerdən  başlayıb. Bu addımla Tanrının yaratdığı bir dağ ilk dəfə  insan ayağı dəyməklə müqəddəs abidəyə çevrilib.

Naxçıvanda bu gün yenidən araşdırılan, pasportlaşdırılan, bərpa edilən və yenidən qurulan abidələrin də ikinci  həyatı da məhz Gəmiqayadan, daha dəqiqi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” 2001-ci il 26 aprel tarixli Sərəncamı ilə başlayıb. Müstəqillik illərində verilən bu tarixi Sərəncam təkcə Gəmiqaya adlı ümümbəşəri bir abidəni dünyaya tanıtmadı. Həm də Naxçıvandakı bütün abidələr ikinci dəfə özlərini insan qayğısının əhatəsində hiss etdilər. Bu dünənə verilən qiymət,  tarixə sahib çıxmanın bir nümunəsi idi. Dəniz səviyyəsindən 4 min mertə yaxın hündürlükdə olan Gəmiqayada yerli və beynəlxalq səviyyədə ekspedisiyaların, Murad Acı kimi  dünyanın məşhur tədqiqatçılarının araşdırmaları insanlığın tarixinə yeni bir baxış və müjdə oldu. Bu abidənin işığı sanki bütün muxtar respublika ərazisini əhatə elədi.  Naxçıvan ərazisində mövcud olan “Əshabi-Kəhf Ziyarətgahı” Dini Mədəni Abidə Kompleksi, Qazma mağarası, Kilit mağarası, I Kültəpə, II Kültəpə, Şahtaxtı, Qızılburun, Gəmiqaya, Xaraba Gilan, Quyulu dağ, Möminə xatın, Qarabağlar, Yusif Küseyir oğlu, Gülüstan türbələri, Əlincə qalası, Ovçular təpəsi, Oğlanqala, Xələc, Fərhad evi, Naxçıvanqala, tarixi-təbiət abidələrindən – Haçadağ, Batabat, Duzdağ, Babək qalası, Dəvəboynu və başqa yüzlərlə abidə Gəmiqayanın tədqiqi ilə bağlı verilən bir Sərəncamın nuruna boyanıb təzədən kəşf olundu. Halbuki, yüz illərlə  dünya əhəmiyyətli bu sənət əsərləri hər kəsin gözünün qarşısında kərpic-kərpic sökülür, məhv olurdu. Onlara sahib çıxan insanların sayəsində indi bu abidələr hər il minlərlə turistin, əcnəbi qonağın, yerli sakinlərin ziyarətgahına, insana mənəvi zövq verən gözəllik mücəssiməsinə, sənət əsərinə dönüb. Ən əsası hər bir vətəndaşın qürur yerinə çevrilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dediyi kimi :   “ Hər bir yerin tarixi yalnız kitablarda deyil, onun torpağında, tikililərində, abidələrində yaşayır. Tarixini, Vətənini sevən insanlar abidələri qoruyub gələcək nəsillərə ötürməlidir. Hər birimiz tariximizlə qürur hissi keçirməli, bütün dünyaya göstərməliyik ki, ulu babalarımız, əcdadlarımız belə zəngin tarixə malik olublar”

Azərbaycan tarixində son 20 il Naxçıvandakı abidələrin tədqiqi, bərpası və yenidən qurulması  ilə fərqlənən zaman kəsiyidir. Amma bu iyirmi ildə bu istiqamətdə görülən işlər əsrlərə bərabərdir. Qısa statistikaya nəzər salaq. Yaşının yüz illəri ötməsinə baxmayaraq ikinci dəfə “ gəncləşdirilən ”60 dan artıq abidə , İslam dünyasının üz tutduğu və sirri qarşısında heyrətini gizlədə bilmədiyi Tanrı möcüzəsi “Əshabi –Kəhf Ziyarətgahı ” Dini- Mədəni Abidə Kompleksi , insanlığın ikinci atası sayılan Nuh peyğəmbərin məzarüstü türbəsi, hələ də ehtiramla ziyarət edilən imamzadələr, əsrlərin sınağından çıxan gözəllik və qadına ehtiram nümunəsi olan, yenidən süslənən  Mömünə Xatın türbəsi , divarlarında qəhrəmanlıq dastanı yazılan qədim- müasir Naxçıvanqalanın təməl tarixi min illərə getsə də  onlar son iyirmi ilin yaşıdıdırlar. Tarix bu abidələrin timsalında bəzən sanki illərin girdabında donur. Ona qayğıkeş bir insan əli , nəfəsi, onlara olan sonsuz sevgi dolu qəlbinin hərarəti toxunduqda yenidən canlanır və yaşayır. Abidələr canlıdır. Onlar tarixin yaşıdı, şahidi və onu quran insanların təkcə maddi deyil, həm də mənəvi yadigarlarıdır. Bu gün onların yaşaması üçün  verilən hər bir qərar ömürlərinin yüz illərlə uzanması deməkdir. Son 12 ildə Naxçıvan  Muxtar Respublikası Ali Məclisi Sədrinin abidələrə bağlı verdiyi qərarlar da məhz bu baxımdan dəyərli və əvəz olunmazdır.  Naxçıvan  Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı ildə “Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsinin bərpa edilməsi haqqında”,  2010-cu ildə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinin yaradılması haqqında”, 2013-cü ildə “Naxçıvanqala” Tarix Memarlıq Muzey Kompleksinin yaradılması haqqında”, 2014-cü ildə “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında”,2015-ci ildə “Gülüstan türbəsinin bərpası və tədqiq olunması haqqında”,  2016-cı ildə “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında”  imzaladığı sərəncamlar əslində  həmin abidələrin ikinci həyatına verilən ən dəyərli vəsiqələrdir. Çünki abidələr tariximiz və gələcəyimizdir.

                                                                                                   Səməd Canbaxşiyev

                                                                                                         Naxçıvan televiziyası

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: