Tanrının sığal çəkdiyi məkan – Naxçıvan

762

Ömürlərin gözəlliklərini görməyə bəs etmədiyi, insanlığın ecazkarlığının yanında dili tutulduğu nazlı diyar, tanrının sığal çəkdiyi məkan-NAXÇIVAN! Payızını qırmızımtıl yarpaqlarda sevdiyim, qışına binaların  damlarından   sallanan buzlarda heyran qaldığım, yazına qaranquşların cəh-cəhində vurulduğum, yayında gilənarların rənginə gömüldüyüm, ürəkparam.  Sözlərə sığışmayan qiymətsiz diyar. Sən Cavid əfəndinin özünü dünyalara təqdim etdiyi səhnəsən. Məmməd Araz ədəbiyyata səndən salam söyləyib,  şeir torpaq. Öpmək istəyirəm gecələrinin nur çələngindən, gözlərimi bir an belə ayırmadan baxmaq istəyirəm səhərlərinin sübh şəfəqinə. Doymuram səndən, doymaq istəmirəm şəhərimdən. Azadlığımın azadlığa çıxdığı ümmanım, NAXÇIVANım! Qədimlik qoxulum, gənclik nəfəslim , min illər keçsə də gəncliyindəki qədimlik özünü itirməz, itirməyəcək. Torpağın zər, daşın dürdü, mənim qızıl məmləkətim. Möminə Xatın cənnət payındı, Əlincə düşmənə göz dağın. Batabatsa bu qədər əsrarəngizliyin olsun mavi göz muncuğu. Hər şeyin ən gözəlini tanrı sənə veribdi, doğmaların doğması. Təsadüf deyil axı, təsadüf belə olmur. Şairlərin şairi, şeiri, sözü səndə. Ən gözəl təbiətin elə özü səndədir. Bilirsən, göz işığım? Sən o qədər gözəlsən. Doğma Azərbaycanın iki gözündən biri sənsən, özəlsən .Bax buna görədir ki, paxıl qonşuların da, bədnam düşmənlərin də əli, gözü səndədir. O əlləri qırmağa lazım olan qılınc da , o gözləri oymağa gərək olan bıçaq da səndədir , şairinin sözündə, yazıçılarının qələminin ucundadır, NAXÇIVANım!

                                                          Qızbəsti Sultan

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: