Tacikistanın məşhur “Avesta” saytı Naxçıvana geniş məqalə həsr edib

418

NUHÇIXAN-ın verdiyi  xəbərə görə  Tacikistanda yayımlanan Avesta.tj İnformasiya Agentliyində Naxçıvanla bağlı maraqlı yazı dərc olunub. Məqalədə deyilir ki, 2009-cu ilin oktyabrında İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin VI konfransında qəbul edilən qərara görə, Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilib. Bu isə tarixi bir hadisədir.

“Yaxın və Orta Şərqin görkəmli şəhərlərindən biri olan Naxçıvan əsrlər boyu milli mədəniyyətin inkişafında mühüm rol oynayıb. Tədbirdə İslam Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri, mədəniyyət nazirləri və yeddi xarici ölkənin, o cümlədən Tacikistanın nümayəndələri iştirak ediblər. Mədəniyyət proqramı zamanı iştirakçılar Azərbaycanın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət ediblər” deyilən məqalədə əlavə olunur ki, Naxçıvan Heydər Əliyevin doğulub-böyüdüyü bir yerdir. O, Azərbaycan üçün çətin keçən illərdə respublikaya rəhbərlik edib, ölkənin sosial və siyasi həyatını, hərtərəfli inkişafını sabitləşdirmək üçün böyük səylər göstərib.

Daha sonra məqalədə belə deyilir: “Naxçıvan Azərbaycanın bir parçasıdır, Avrasiyada ən qədim mədəniyyət mərkəzlərindən biridir. Əsrlər boyu bir Naxçıvan üzərində çox dövlətin maraqları toqquşub. Zəngin tarixi mədəniyyətin mövcudluğu hələ də alimləri, tarixçiləri, mədəniyyət adamlarını və təbii ki, siyasətçiləri maraqlandırmaqdadır. Ekspertlər “Naxçıvan” sözünün mənşəyini müxtəlif yollarla izah edirlər. Xalq etimologiyası və tarixi mənbələrə görə, “Naxçıvan” “Nəqşi-cahan” sözündən, yəni “Dünyanın bəzəyi” və “Dünyanın naxışı” deməkdir. Əhali arasında məşhur bir əfsanəyə görə, “Naxçıvan” toponimi böyük tufandan sonra Nuh peyğəmbərlə əlaqələndirilir. Əfsanəyə görə, “Nuh çıxan” Nuh tərəfdarlarının məskənidir. Başqa bir gümana görə, “Naxçıvan” sözü “Nakçuan/Naxçıvan” (yəni gözəl şəfalı mineral suların ölkəsi) sözlərindən yaranıb. 5 min illik şəhər mədəniyyətinə malik Naxçıvan tarixən təktanrıçılıq  mərkəzlərindən biri olub. İslamdan əvvəl də burada yaşayan Azərbaycan türkləri dini, adət-ənənələri və mənəvi dəyərləri baxımından İslama çox yaxın olublar. Buna görə də, yerli əhali 653-cü ildə könüllü şəkildə İslamı qəbul edib. İslam elm, mədəniyyət, sülh və mərhəmət dini; mənəvi təmizlik və ədalət çağırışı. İslam təhsili, elm və mədəniyyət, dünya sivilizasiyasının formalaşmasında və inkişafında böyük rol oynayır”.

Məqalədə daha sonra yazılır ki, Möminə Xatın, Gülüstan, Qarabağlar, qədim məscidlər və digər abidələr günümüzədək bu torpaqda yaradılan böyük türk-islam mədəniyyətinin nadir nümunələridir. Bütün bunlar islam mədəniyyəti  güclü dövlətçilik, sülh və əmin-amanlığın, böyük yaradıcı gücə malik olduğu yerlərdə inkişaf etdiyini göstərir. Naxçıvanda Türk-İslam mədəniyyəti XII əsrə təsadüf edən Atabəylər dövləti zamanında inkişaf edib. Bu dövrdə yaşayan və yaradan memar Əcəmi Əbubəkiroğlu öz sənəti ilə yalnız Naxçıvanda və ümumiyyətlə, Azərbaycanda deyil, bütün Yaxın Şərq və İslam memarlığında yeni memarlıq məktəbinin təməlini qoyub.

Sitat: Orta əsrlərdə Naxçıvan İslam mədəniyyətinin əsas mərkəzlərindən birinə çevrilmişdi. XV əsrdə hazırlanmış “Dünya İslam tarixi xəritəsi”ndə “Naxçıvan İslamın ən qüdrətli qalalarından biridir …” qeyd olunub. XVIII əsrdə Naxçıvan xanlığı dövründə İslam dəyərləri bu torpaqlarda da qorunub saxlanılıb, tarixi və mədəni irs olaraq inkişaf edib. Naxçıvan Muxtar Respublikası müstəqillik illərində bir daha özünü islam mədəniyyətinin mərkəzi kimi görməyə başlayıb. Bəşəriyyət bu gün fərdi problemlərlə üzləşir, bununla əlaqədar mədəniyyətə və insanlığa aid bəzi xüsusi proqramlar həyata keçirilir. Bu proqramlar, həmçinin, din vasitəsilə insanlar üçün tarixi yaddaşın qaytarılmasıdır. Yəni, keçmişi və günümüzü birləşdirmək cəhdi. Məqsəd, cəmiyyətdə xüsusi mexanizmlər vasitəsilə yaradıcılıq, elm və digər sahələrə kömək etməkdir. İslam tarixinin bir hissəsi olan Naxçıvan məhz İslamın təbliğatına kömək edir.

Məqalədə deyilir ki, Naxçıvan rəhbərliyi bu şəhərin 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı seçilməsi təşəbbüsünü dəstəkləyənlərə minnətdarlıq edərkən, İslam ölkələri ilə əməkdaşlığa xüsusi diqqət yetirən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevdən sitat gətirməyi də unutmur: “İslam sülh, qardaşlıq və əməkdaşlıq dinidir. Bu tarix boyu Azərbaycanda praktik şəkildə əksini tapıb”.

Məqalədə qeyd olunur ki, prezident İlham Əliyev də dini və mədəni dəyərlərin inkişafına xüsusi diqqət yetirir və dünyaya dövlət-din münasibətlərin tənzimlənməsi üçün nümunə göstərir. Azərbaycanda dini tolerantlıq, çoxmədəniyyətli dəyərlər digər dövlətlər üçün nümunədir.

“Naxçıvan bu coğrafi ərazidə ən müqəddəs torpaqdır, onun mədəniyyəti, tarixi Azərbaycan xalqının qədim sivilizasiyanın beşiklərindən biri olduğunu sübut edir. Bu torpaqda 1000-dən çox tarixi əsər var, onlardan 60-u dünya əhəmiyyətlidir, özü də Naxçıvanın qədim tarixinə işıq salır. Naxçıvan şəhəri yaxınlığında xalq tərəfindən “Əshabi-Kəhf” adı ilə tanınan böyük bir mağara da var. Naxçıvan tarixi min illərdir ki, bu məşhur şəhəri Yaxın Şərqdəki ən qədim mədəniyyət mərkəzlərindən birinə çevrilir. Naxçıvan şəhəri bu gün Naxçıvan Muxtar Respublikasının paytaxtıdır. Muxtar respublikanın ərazisi 5,5 min kvadratkilometr, əhalisinin sayı isə təxminən 450 min nəfərdir. Muxtar respublika Türkiyə, İran və Ermənistanla həmsərhəddir. Naxçıvan Atabəylər dövləti (XII əsr), Naxçıvan xanlığı (XVIII-XIX əsrlər) və Araz-Türk respublikası (XX əsrin əvvəlləri) kimi müxtəlif dövlətlərin və sülalələrin paytaxtı olub. Naxçıvan qədim və orta əsr türk-islam tarixi və mədəniyyətinin nümunələri olan qədim yaşayış məntəqələri, şəhərlər, möhtəşəm qalalar, təbiət abidələri və məzar daşları və sairlə zəngindir. Naxçıvanda 1200-dən çox tarixi abidə qeydiyyata alınıb, onların 57-si beynəlxalq, 496-u isə milli əhəmiyyətlidir” yazılan məqalənin sonunda qeyd olunur ki, Naxçıvan hər zaman milli, insan və dini dəyərləri qoruyub, İslam mədəniyyətində çoxsaylı uğurlar qazanıb, tarixi abidələrinin, qeyri-maddi irsinin və mədəniyyətinin bərpasına, qorunmasına və təbliğinə xüsusi diqqət yetirib. Naxçıvan bütün xalqların ənənələrinin müxtəlifliyini özündə birləşdirən Azərbaycan dövlətçiliyinin tarixi və mədəni inkişafına fəal şəkildə kömək edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: