Tərləmə əleyhinə təbii vasitələr

66

Tərləmə orqanizm üçün vacib olan proseslərdən biridir. Tər ifrazı lazımsız maddələrin, toksinlərin orqanizmdən xaric olunmasını təmin edərək bədənin temperaturunu sabit saxlamağa yönəlib. Fiziki iş zamanı tərləmə daha çox baş verir, lakin gərginlik və hərarətin yüksək olması da tərləməyə səbəb olur. Qədim Romada tərləməni sağlamlıq rəmzi hesab edərək salamlaşmaq əvəzinə “necə tərləyirsən?” deyə soruşarmışlar. Lakin bəzən tərləmə normadan artıq baş verir.

NUHÇIXAN xəbər verir ki, həkim-terapevt Elnur Eldaroğlunun dediyinə görə, tərləmə normal fizioloji hadisə olsa da, normadan artıq tərləmə hiperhidroz adlanır. Normadan artıq tərləmə bir çox səbəblərdən – hansısa hormonal, infeksion, vegetativ nevroz və xroniki xəstəlik, vitamin, kalsium çatışmazlığı, eləcə də xroniki yorğunluq sindromu zamanı ola bilər. Bədənin tərləməsi daha çox yay ayları üçün xarakterik hesab olunur. Normadan artıq tərləyənlər üçün fəslin fərqi yoxdur. Çünki bu, havanın hərarətindən yox, orqanizmin xarakterindən asılıdır. 48 yaşdan yuxarı qadınlarda həmin prosesə daha çox rast gəlinir. Təbii ki, tərləmə zamanı narahatlıq hissi olur və bədəndən pis qoxu gəlməməsi üçün müxtəlif vasitələrə əl atılır.

Normadan artıq tərləmədən qorunmaq üçün tətbiq edilən üsullar barədə məlumat verən həkim-terapevt deyib: “Bu sahədə ən yaxşı üsullardan biri bitkilərdən ibarət vannaların qəbul edilməsidir. Xüsusilə bənövşə, gülümbahar və yatıqqanqal bitkilərindən hazırlanan vanna daha səmərəli təsir göstərir. Gündəlik həyatda qoxu əleyhinə qəbul edilən vasitələr kömək etsə də, onların mənfi tərəfləri də var. Çünki onlar bədənin normal tərləməsinə mane olur. Tərləmə çox olanda dezodorant əvəzinə zəy daşından istifadə etmək ən yaxşı təbii vasitədir. Onu hamam prosedurundan sonra bir az nəmli qalması şərti ilə qoltuqaltı nahiyəyə və əllərə sürtmək olar”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: