Muxtar respublikanın əlverişli iqlim şəraiti və münbit torpaqları burada bəzi kənd təsərrüfatı bitkilərindən iki dəfə məhsul götürməyə imkan verir. Mütəxəssislər artıq muxtar respublikada yay əkinlərinin aparılmasının vacibliyini qeyd edirlər. Taxılın biçilməsi isə torpaq mülkiyyətçilərinin əlavə torpaq sahəsi axtarmasına ehtiyac yaratmır. Çünki taxıl sahələrində ikinci əkinləri keçirilən bitkilərin demək olar ki hamısı əkilə bilər.
Təkrar əkinin iqtisadi əhəmiyyətini və səmərəliliyini yaxşı bilən babəkli torpaq mülkiyyətçiləri də bu üsula üstünlük verirlər. Qeyd edək ki, sahibkarları maarifləndirmək məqsədilə rayonda tez-tez mütəxəssislərin iştirakı ilə tədbirlər təşkil olunur və təkrar əkinlərin əhəmiyyəti onlara izah olunur.
Nehrəm Bələdiyyəsinin sədri, təcrübəli aqronom Tofiq Abutalıbov deyir ki, ikinci əkinlərin aparılması torpaq mülkiyyətçilərinin torpaqdan ildə iki dəfə məhsul götürməsi ilə yanaşı, torpağın da münbitliyini artırır. Biçilən taxıl sahələrinin yerində yay əkinləri aparıldıqda növbəti ildə də həmin sahələrdən yüksək məhsuldarlıq əldə olunur. Muxtar respublika şəraitində taxıl biçildikdən sonra onun yerinə iyul ayının üçüncü ongünlüyündə kartof, xiyar, turp, pomidor və digər tərəvəz məhsulları əkilir. Oktyabr ayının sonları və noyabr ayının əvvəllərindən isə bu məhsullar yığılır. Növbəti dəfə tərəvəzin yerində yenidən taxıl əkinləri aparmaq mümkündür. Bu da torpaq mülkiyyətçisinin sahədən ildə iki dəfə məhsul götürməsi və yaxşı qazanc əldə etməsi deməkdir.
Tofiq Abutalıbov bildirir ki, əgər taxıl əkininin bir hektarından torpaq mülkiyyətçisi təqribən beş yüz, min manat arasında qazanc götürürsə, ikinci əkində ora kartof əkdikdə, həmin sahədən 5-10 min manat əlavə qazanc götürmək imkanı əldə edir. Yaxşı qulluq göstərildikdə bu məbləğ arta da bilər. Mütəxəssis qeyd edir ki, ikinci əkinlər keçirilərkən torpaq analizləri mütləq aparılmalıdır. Çünki torpaq analizləri məhsuldarlığa birbaşa təsir edən amildir.
Babək rayonunun torpaq mülkiyyətçiləri də iyul ayından başlayaraq müxtəlif tərəvəz məhsullarının əkinini keçiriblər. Rayonun Babək qəsəbəsi, Nehrəm, Hacıvar, Şıxmahmud, Zeynəddin, Kültəpə, Uzunoba kəndlərində iyul ayından başlayaraq kartof, xiyar, qarğıdalı, turp, pomidor və digər tərəvəz məhsulları əkilib. Qeyd edək ki, ikinci əkinlərin keçirilməsi həm də bazarların ekoloji cəhətdən saf məhsullarla təminatı deməkdir.
“Şərqin səhəri” qəzeti