Təhsil haqqını ödəyə bilməyən tələbələrin ərizə qəbuluna başlanılıb
NUHÇIXAN xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən təhsil haqqını ödəməkdə çətinlik çəkən istedadlı tələbələrin təhsil xərclərinin müsabiqə əsasında maliyyələşdirilməsi üzrə ərizə qəbuluna başlanılıb. Bununla bağlı Naxçıvanın ali təhsil müəssisələrində müsabiqənin təqdimat mərasimi keçirilib. Tədbirdə qeyd edilib ki, müsabiqə Azərbaycan Respublikası üzrə ümumilikdə 31 universitetə aid edilib ki, Naxçıvanın Ali Təhsil Müəssisələri də bu sıradadır. Daha sonra Fondun əməkdaşları tərəfindən müsabiqənin qaydaları və müraciət mexanizmləri barədə ətraflı məlumat verilib. Vurğulanıb ki, fond tərəfindən milli qəhrəman, veteran övladlarına eyni zamanda sağlamlıq imkanları məhdud və aztəminatlı ailədən olan gənclərə üstünlük veriləcəkdir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən təhsil haqqını ödəməkdə çətinlik çəkən istedadlı tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi üzrə ərizə qəbulu 18 noyabr 2018-ci il saat 20:00 tarixinədək davam edəcək. Nəticələr barədə məlumat fondun rəsmi internet səhifəsində və mətbuatda dərc olunacaqdır.
Mədinə Rəhimli